Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Mövzu üçün ilk rayon olaraq İmişlini seçdik.
İmişli rayonunun adının mənası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bu rayonun adı bəzi mənalara yozulur. Fərziyələrdən biri budur ki, kənddə qalayçılıq sənəti yüksək inkişaf etdiyinə görə, yaşayış yerinin adı “Gümüşlü” olub. Başqa bir iddiaya görə isə el arasında buralara ”Yemişli” deyilib. Bəzi tədqiqatçılar iddia edirləri ki, İmişli sözü qədim hun dilində “Sulu yer” mənasında işlədilib.
Əslən İmişlidən olan tərcüməçi-jurnalist Nadir Qocabəyli sosial şəbəkədə bildirib ki, rayonun köhnə adı Yemişli olub:
“Ən yaxşı yemiş İmişli yemişidi. İmişlinin adı da elə "yemiş" sözündədi. Əvvəllər "Yemişli" deyiblər... Camaat qatar stansiyasına satmağa çoxlu yemiş çıxartdığından, sərnişinlər "Yemişli-Yemişli" deyiblər və belə də qalıb”.
Yemişlinin İmişliyə necə çevrildiyinə gəlincə, N.Qocabəylinin sözlərinə görə, "İmişli" "Yemişli"nin rus variantı "Емишлы"nın sonradan Azərbaycan dilinə "tərcüməsidir":
“Bunu hamı başa düşməyəcək, çünki anlamaq üçün gərək rus fonetikasından, orfoepiyasından azacıq anlayışın olsun...”.
İmişli rayonundan olan tanınmış müğənni, Xalq artisti Niyaməddin Musayev də mövzuya dair fikrini bildirib.
O Modern.az-a açıqlamasında deyib ki, rayonun köhnə adının “Yemişli” olduğunu düşünmür:
“Məndə olan məlumata görə, əvvəllər İmişli rayonunun mərkəzi Qaradonlu kəndi olub. "İmişli" sözü meydana gəlməzdən öncə bu ərazi ilk olaraq "Qaradonlu" adlandırılıb. Dəmiryolu vağzalı salındıqdan sonra İmişlini yaradıblar. Sonra bura hər tərəfdən insanlar yığışıblar. İmişli rayonu yarandıqdan sonra əsas köç də Qaradonlu kəndindən olub. İmişlinin kəndləri olub, sonra İmişli yaradılıb”.
İmişlidən olan şair Qəşəm Nəcəfzadə isə rayonun adının türk mənşəli İmaşlı tayfasından, İmaş kişinin adından götürüldüyünü deyib:
“İmaş tayfası olub, rayonun adı oradan gəlir. Adətən insan adı ilə bağlı olan rayonlar qədim olmurlar. Belə rayonlar əsasən cavan olurlar.
Rayonun adının İmaş tayfası ilə bağlı olduğunu deyəndə İmişlinin bəzi ağzıgöyçəkləri mənə etiraz etdilər. Onlar deyirlər ki, yox bizim yerimiz “Yemişli”, "iylənmiş yer" adı ilə bağlıdır. Mən də dedim kül başınıza ki, rayonun adını bu məna ilə əlaqələndirirsiniz. Bir yerin adı necə "iylənmiş" sözü ilə bağlı olar bilər?
“Yemişli” - guya yemiş iylənib, bunu da həmin yerə ad seçiblər. Mənim dediyim daha dəqiq və uyğundur. "Emaş" tayfaları olub, sonra bu ad “İmaşlı” kimi assimilyasiyaya uğrayıb. Bəzi adamlar var ki, İmaşlı tayfasının adını qəbul etmirlər. Buna qısqanclıqla yanaşırlar ki, niyə rayonun adı bir tayfanın adı ilə bağlıdır. Onlar bu tayfanın adını qəbul etməkdənsə, "iylənmiş" sözünü qəbul edirlər”.