Azərbaycanda uzun illərdir avtomobil istehsalı ilə bağlı müzakirələr aparılır. Bir neçə müəssisəsi bu fəaliyyətlə məşğul olsa da, bəzi ekspertlər hələlik ciddi nəticə əldə edilmədiyini deyir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 3738 ədəd minik avtomobili istehsal olunub. Bu, ölkəmiz üçün rekord nəticədir. Azərbaycanda indiyədək heç vaxt il ərzində istehsal edilən avtomobillərin sayı 3 mini keçəyib.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal olunub. Beləliklə, ötən il əvvəlki illə müqayisədə ölkədə avtomobil istehsalı 82% artıb. 2021-ci ildə 2079, 2020-ci ildə 1950, 2019-cu ildə 2360, 2018-ci ildə isə 969 avomobil istehsal olunub. Bu rəqəmlərə əsasən, deyə bilərik ki, Azərbaycanda son 6 ildə avtomobil istehsalı 4 dəfə artıb.
Ekspertlər Azərbaycanda avtomobil istehsalının artımını ölkənin Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqələndirirlər. Belə ki, ötən ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı ilə minik avtomobillərinin istehsalı 10 il müddətinə ƏDV-dən azad edilib. Dövlət başçısı, həmçinin 2031-ci il yanvarın 1-dək ƏDV-dən azad edilən avtomobillərin istehsalı üçün xammal və material növlərinin siyahısını da təsdiqləyib.
Ötən il istismar müddəti 10 ili keçən avtomobillərin Azərbaycana gətirilməsi qadağan olunub. Yerli avtomobillərə ƏDV güzəşti daxili bazarda bu avtomobillərə marağı artırmağa yönəlib.
Ancaq istehsal edilən maşınların sayı artsa da, avtomobillərin keyfiyyətində ciddi problemlər olduğu deyilir. Üstəlik qiymətlərin baha olmasından da şikayətlənənlər çoxdur.
Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı da Azərbaycanda istehsal olunan maşınlarda keyfiyyət probleminin ciddi olduğunu bildirib:
“Avtomobillərin Azərbaycanda yığılması yerli istehsal deyil. Buna sadəcə olaraq Azərbaycanda yığılan avtomobil deyirik. Bir çox ölkələrdə də proses bu formada gedir. "Mercedes", "Toyota" kimi məşhur brendlərin yalnız mənsub olduqları ölkələrdə yox, həm də digər dövlətlərin ərazisində yığımı baş tutur. Məsələn "BMW" Rusiyada da yığılır. O baxımdan Azərbaycanda da müəyyən avtomobillər yığılır. Bunlar müştərək şirkətlərdir. Çindən və İrandan ehtiyyat hissələri gətirilir və burada yığılır. Bu maşınların ciddi keyfiyyət problemi var. "Lifan", "Khazar", "AzSamand" bunlar Azərbaycanda yığılan maşınlarıdır".
Qeyd edək ki, Azərbaycanda avtomobil istehsalına dair ilk addım əsrin əvvəllərindən gündəmə gəlib. Həmin vaxt Gəncə şəhərində yerləşən avtomobil zavodunda VAZ-11113 "OKA" markalı avtomobillər yığılırdı. 2005-ci ildə fəaliyyətə başlayan Şamaxı Avtomobil Zavodunda isə İranla əməkdaşlıq çərçivəsində "Azsamand" markalı avtomobillər istehsal edilirdi. 5 il ərzində sözügedən zavodda 1500-ə yaxın avtomobil yığılıb.
Elməddin Muradlı deyir ki, müştərilər yalnız bu maşınları alanda sevinirlər, bundan sonrakı dövrdə isə bu maşınlardan yalnız şikayətlər edilir:
"Adıçəkilən zavodlar reklama, marketinqə maraq göstərmirlər. Yəqin özləri də maşınların keyfiyyəti olmadığı halda reklamına ehtiyac olmadığını başa düşürlər. Bu maşınların təbliğatı çox zəif gedir. Maşınların güclü təbliğatına mən rast gəlməmişəm. Dünyanın "Mercedes", "BMW" kimi məşhur brendləri reklamdan bir gün belə geri çəkilmir. Bizdə bu tör-töküntü maşınları tökür, heç bir reklam da etmirlər. Arxayındırlar ki, dövlət qurumları bu maşınları alacaq. Dövlət qurumları da birinci və ikinci sezon bu maşınları alır. Üçüncü sezonda artıq baxır ki, bu avtomobillər dövlət qurumuna da ziyan vurur, nəhayət, bunun alışından əl çəkirlər”.