RegionTV.info
Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında yaxın vaxtlarda keçirilməsi gözlənilən üçtərəfli görüş hazırda gündəmin əsas mövzularından birinə çevrilib. Görüşün mümkün tarixlərindən biri kimi yanvarın 11-də keçiriləcəyi deyilir. Lakin bu məlumat öz təsdiqini tapmayıb. Eyni zamanda, görüşün bu tarixdə olmayacağı barədə təkzibə də rast gəlməmişik.
Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən yayınmaq üçün bütün yollara əl atır. İndi də Nikol özünü təcrid edib. Ekspertlər hesab edirlər ki, Ermənistan hökumətinin rəhbəri daxilində müxalifətin qarşısını ala bilmir və üstəlik də belə bir şəraitdə məğlub tərəf kimi üçtərəfli görüşdə növbəti razılaşmalara imza atmağa məcbur qalacağını yaxşı bilir. İddialar var ki, Moskva görüşü 10 noyabr razılaşmasının davamı olaraq yeni sənəd (komminikasiyalar, əsirlər və sair humanitar məsələlər) imzalana bilər. Amma şünhəsiz ki, müzakirə ediləcək daha ciddi mövzular da (nəzarətsiz erməni silahlıları, bəzi ərazi mübahisələri, mübadilələri və s.) var. Paşinyanın isə bu məsələlərin müzakirəsinə hazır olmadığı açıq görünür.
Burada bir məsələ də diqqət çəkir. O da ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirməsi ilə bağlıdır. Rusiya və Ermənistan bütün hallarda bu qurumun fəaliyyətini davam etdirməsində maraqlı görünürlər. Azərbaycanın isə mövqeyini izah etməyə gərək yoxdur. Lakin bu fəaliyyətə müqavimət göstərməyəcəyini də söyləmək olar.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bununla bağlı musavat.com-a deyib: "Mən əvvəlcədən də qeyd etmişdim. Ola bilsin ki, 10 noyabr anlaşmasından əlavə, liderlər arasında başqa hansısa şifahi razılaşma da var. Görünür, məhz bu şifahi razılaşma əsasında liderlər yenidən görüşməlidirlər. Bu razılaşmanın da əsası odur ki, regional əməkdaşlıq başlamalıdır. Bunun üçün də Azərbaycanın şərti yerinə yetirilməlidir, yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməli, dəhliz açılmalıdır.
Paşinyan bunun bir hissəsi ilə razılaşıb. Amma indi düşünür ki, görüşə qatılsa, bu istiqamətdə danışıqlar aparsa, müxalifətin ona qarşı əli daha da güclənəcək. Onu satqınlıqda ittiham edəcəklər. Ola bilsin ki, bu məqsədlə özünü xəstəliyə vurub. Amma indi belə edir. Əgər bu barədə görüş üçün razılıq əldə olunubsa, bir müddətdən sonra belə görüş keçirilməlidir. Minsk Qrupuna gəlincə, məncə, bu qurum fəaliyyətini davam etdirəcək. Effektiv fəaliyyəti olmasa da, Amerika və Fransa oyundan kənarda qalmamaq üçün Minsk Qrupunun fəaliyyətində maraqlıdır. Qurumun nümayəndələrinin bölgəyə səfərləri görüntü xatirinə olsa da, davam edəcək. Biz yaxşı bilirik ki, hazırda əsas oyunçular kimlərdir, bunlar Rusiya və Türkiyədir. Minsk Qrupunun sadəcə adı qalacaq. Amma onların müzakirələrini Azərbaycan ciddi qəbul etməyəcək”.
Xəbəri paylaş