Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Acizlik, ölüm qorxusu, təşviş - Zəlzələnin şok təsirləri



Dünən Xəzər dənizinin Azərbaycan sahilində baş vermiş 5.7 bal gücündə zəlzələ əhaləni təşvişə salıb. Zəlzələdən sonra paytaxt sakinlərinin əksəriyyəti yaşayış binalarını tərk edərək, küçələrə axın ediblər. Rəsmi qurumlar tərəfindən ölkəmizdə güclü zəlzələnin olmayacağı barədə açıqlamalar verilsə də, insanlar arasında ciddi panika yaşanıb. 

 

Doğrudur, hazırda ölkəmizdə hər hansı təhlükəli vəziyyət müşahidə edilmir. Bununla belə "yenidən zəlzələ olacaq" qorxusu bir çox insanları narahat edir.

 

Psixoloji fəsadlara gəlincə, zəlzələ insanlarda qorxu, təşviş, ölüm qorxusu kimi duyğuların yaranmasına səbəb olur.

 

Bəs bu kimi hallardan necə xilas ola bilərik? 

 

Mövzu ilə bağlı danışan Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Səbinə Cəbrayılova bildirib ki, insanların zəlzələ zamanı öz evlərini tərk etməsi onlarda psixoloji travma yaradır.

 

O zəlzələnin fəsadlarından söz açaraq deyib: "Təbii fəlakət olan zəlzələ insanlarda qorxu, qayğı, təşviş, şok, çarəsizlik, acizlik, güvən itkisi, idarəetmənin itirilməsi, ölüm qorxusu kimi duyğuların təzahürünə səbəb olur. Hər kəs üçün öz evi hüzur tapdığı, güvəndə olduğu yerdir. Zəlzələ zamanı təbii olaraq hamının ilk etdiyi davranış hüzur yerinden qaçmaq olur ki, bu davranışın özü böyük travmaya səbəb olur.

 

Zəlzələni yaşayan şəxs zəlzələdən təsirlənsə də, həmin şəxsdə travma sonrası stress pozğunluğu olmaya bilər. Buna baxmayaraq, zəlzələni hiss etməyən, ancaq KİV, sosial media ilə izləyən bir çox insanda travma sonrası stress pozğunluğu müşahidə oluna bilər. Ona görə də zəlzələ ehtimalı belə psixologiyamıza öz neqativ təsirini göstərir.

 

Zəlzələdən dərhal sonra insanda həddindən artıq qorxu hissi, nə etdiyini bilməmək, duyğularını hiss edə bilməmək, reaksiya verə bilməmək, ətrafı və ya vəziyyəti tam qavramaq kimi əlamətlər ola bilər. Birdən insana təsir edən ölüm qorxusu insanda acizlik və panika hissi yarada bilər. Ümumilikdə isə zəlzələyə məruz qalan şəxs psixoloji sarsıntı keçirir".

 

Psixoloq vurğulayıb ki, şok reaksiyası orqanizm tərəfindən yaradılmış psixoloji müdafiə mexanizmidir. Çaxnaşma vəziyyətində olan bəzi insanlar zəlzələdən sağ çıxmaq üçün şüursuzca risk edə və ya yaşadığı şokun təsiri altında passiv qala bilərlər. Bu mərhələdə insanlar travmatik vəziyyətin təsirindən qurtulmaq üçün göstərdikləri səylərə baxmayaraq, özlərini gücsüz və yorğun hiss edirlər:

 

"Zəlzələnin psixoloji yaralarının qabıqlanmağa başladığı mərhələ bərpa mərhələsidir. Sağalma vəziyyəti müsbət görünsə də, vəziyyət o qədər də asan deyil. Bu, insanın ən yüksək narahatlıq səviyyəsində olduğu mərhələdir. Yuxusuzluq, zəlzələ ilə bağlı kabuslar görmək, hadisəni narahatedici tezliklə xatırlamaq, davamlı zəlzələ qorxusu, çaşqın reaksiyalar, gələcək üçün plan qura bilməmək, yadlaşma, hadisəni xatırladan vəziyyətlərdən qaçma kimi hallar müşahidə edilir. Bu simptomlar insandan insana dəyişə bilər. İnsan həyatının əvvəlki vəziyyətinə qayıdacağına ümidini itirərsə, özünə zərər verə bilər. Psixoloji gücünü qoruyub saxlaya bilən insan qısa zamanda bu vəziyyətin öhdəsindən gələ bilər.

 

Zəlzələnin yaratdığı qorxunun insanlar üzərində təsir müddəti nə qədərdir, deyə sual yaranır. Təbii ki konkret zaman deyə bilmərik. Çünki burada fərdi fərqlər nəzərə alınmalıdır. Zəlzələlər də digər təbii fəlakətlər kimi travmaya səbəb ola bilir və insanlar duyğu, düşüncə və davranışlarına görə müxtəlif reaksiyalar verə bilirlər. Ancaq hər bir insanın travmaya məruz qalma səviyyəsi fərqlidir.

 

Bundan başqa, zəlzələnin hər hansı xəstəlikdən, problemdən əziyyət çəkən insanlara təsir gücü başqadır, sinir sistemi dözümlü insanlarda təsir gücü fərqli olur. Çünki OKP (obsessiv kompulsiv pozuntu), təşviş pozuntusu olan şəxslərə, nevrozdan əziyyət çəkən insanlara, hər hansı bir psixoloji travmanın təsirində olan və ya müalicə dövründə olan insanlara daha mənfi təsir gücünə malikdir. Məhz həmin şəxslərin zəlzələdən sonra psixoloqa müraciət etmələri tövsiyyə olunur".

 

 

Psixoloq qeyd edib ki, təbii fəlakətlər zamanı yaşanmış neqativ halların qarşısını almaq olar. Bunun üçün iradə nümayiş etdirmək lazımdır.

 

"Digər qorxular kimi zəlzələ qorxusu da həddində normal bir qorxudur. Lakin zəlzələdən sonra insan normal həyatına davam etməyi bacarmırsa, fəaliyyətini əvvəlki kimi davam etdirə bilmirsə, burada yığılmış və artıq idarə oluna bilinməyən duyğular müzakirə mövzusudur. Zəlzələdən sonra bu hadisənin gündəm olması, insanların yalnız bu mövzu haqqında danışması həmin anda çox da təsirlənməyən şəxslərə mənfi təsir göstərə bilər. Yəni müzakirə olunan mövzu ətrafında söylənən fikirlər insanların qorxularının daha da artmasına və mövcud həyəcanlı, gərgin vəziyyətin psixoloji sirayət hesabına neqativ düşüncələrə yüklənməyə səbəb ola bilər. Belə insanlara həssaslıqla yanaşılmalıdır.

 

Zəlzələ zamanı insanların həyatlarında ən böyük travmalardan birini yaşadıqlarını unutmamaq lazımdır. Hələ ki bu şəxslər zəif sinir sisteminə malikdirlərsə. Bu hadisə onlarda yetərsizlik, çarəsizlik kimi təməl inanclarını tətikləyir, psixoloji travmanın yaranmasına və ya mövcud travmanın daha da qabarıq şəkildə büruzə verməsinə səbəb olur.

 

Zəlzələdən əziyyət çəkən şəxslər həmin anda yaşadıqları hissləri, hiss etdikləri duyğuları, o anda olan fikirlərini bölüşməklə psixoloji təsir gücünü azalda bilərlər. Və bu hissləri, yaşantıları bir-biri ilə deyil, peşəkarlara müraciət edərək bölüşməkləri daha məqsədəuyğundur. Çünki ətrafında hisslərini paylaşacağı insanlar onun yaxın qohumu, qonşusu olacaq ki, onlar özləri də psixoloji olaraq sarsılmış, qorxmuş və bir-birini tanıyan emosional bağlılığı olan şəxslərdir. Bu zaman psixoloji sirayət hesabına bir-birinə mənfi təsir göstərə bilərlər", - APAK-ın əməkdaşı əlavə edib.

 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də