Bütün dünyanı cənginə alan koronavirus son zamanlar olduqca şiddətlənib.
Pandemiyanın ikinci dalğasını yaşayan ölkəmizdə isə yoluxma son günlər kəskin şəkildə azalıb.
Dördrəqəmlidən birdən-birə hətta 400 civarına düşən yoluxma sayının olduqca azalması bir sıra suallar da doğurub.
Yoluxma sayının minimuma düşməsinin səbəbi nədir? Bu vəziyyət testlərin az keçirilməsi ilə bağlıdır? Yoluxmanın azalmasına rəğmən sərt karantin vacibdirmi?
Avropa Nevroloji Akademiyasının həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov C açıqlamasında bildirib ki, yoluxmanın minimuma düşməsi testlərin sayının az aparılması ilə bağlı deyil:
"Testlər az keçirilir, çünki müraciət edən insanların da sayı azalır. Bu növ infeksion xəstəliklər dalğavari gedişə malikdir. Dalğalar getdikcə yavaşlayaraq sönür. Hazırda biz ikinci dalğanın sönməsi mərhələsini yaşayırıq. Ola bilər ki, 3, 4, 5-ci və s. dalğalar da olsun. Amma dalğanın sayı artdıqca, virusun aqressivliyi də azalacaq və əvvəlki qədər insan ölümünə yol açmayacaq. Çünki virusun ağır formaları öldürdüyü insanla birlikdə yox olur və onun daha yumşaq formaları yayılır. Bundan əvvəlki koronavirus infeksiyalarının hər birində bu cür olub".
Həkim onu da bildirib ki, virusdan bu dərəcədə qorxmağa və qapanmağa ehtiyac yoxdur:
"Əgər apteklərdə müvafiq dərmanlar olsa və insanlar müəyyən qaydalara riayət etsə, bu gün sərt karantinə heç bir ehtiyac yoxdur. Sərt karantin insanlara virusdan daha dəhşətli ziyanlar vurur. Bunu ÜST-ün baş epidemioloqu da deyir. İndi həyata keçirilən sərt karantinin ağrısını biz uzun illər yaşayacağıq. Çünki anatomiyanı, fiziologiyanı öyrənməyən həkimlər, hər hansı bir sənətin əlifbasını bilməyən mühəndislər və müəllimlər yetişəcək. Bütün bu xərclərin əvəzinə apteklərdə dərmanlar olsa, normal həyatımıza davam edərik. Artıq Ginnesin “Rekordlar kitabı”na düşmək üzrəyik. Bu qədər uzunmüddətli və sərt karantin rejimi dünyanın başqa heç bir yerində tətbiq olunmayıb. Baxmayaraq ki, dünyada ən sərt karantin rejimi bizdə tətbiq olunub, eləcə də, milyon nəfərə düşən ən yüksək yoluxma və ölüm sayı da bizdə müşahidə olunur. Demək ki, problem səhiyyənin işini təşkil etməkdən asılıdır. Əgər xəstələr vaxtında aşkar edilib, müəyyən dərmanlarla tədbirlər görülsəydi, indi vəziyyət daha yaxşı olardı".
Həkimin dediklərindən belə nəticəyə gəlmək olar ki, koronavirusa qalib gələn digər qisim insanlar da kütləvi psixozdan əziyyət çəkəcək. Odur ki, özünüzü xəstəliklərdən təcrid etdiyiniz qədər, aqressiyadan da uzaq durun.
Region.tv.info
Xəbəri paylaş