Azərbaycanın orta təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayı kifayət qədər azdır. Rəsmi statistikaya əsasən, orta ixtisas, peşə təhsili və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin say bölgüsündə qadınlar kişilərə nisbətən üstünlük təşkil edir. Qadınların say göstəriciləri ali təhsil müəssisələrində 55,74%, orta ixtisas müəssisələrində 80,75%, peşə təhsili müəssisələrində 60,78%-dir.
Son illər ərzində kişilərin müəllimlik peşəsinə maraq göstərməməsi dövlət qurumlarını da ciddi şəkildə narahat edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu yaxınlarda Milli Məclisdə keçirilən komitə iclasında bildirib ki, orta məktəblərdə kişi müəllimlərin sayının artırılması vacib məsələdir.
Onun fikrincə, oğlan uşaqlarının tərbiyəsində kişi müəllimlərin rolu böyükdür: “Bu gün ancaq qadınlar tərəfindən uşaqların tərbiyə edilməsi doğru deyil. Təhsildə kişi müəllimlərin sayının artırılması istiqamətində hansısa tədbirlər görməliyik ki, nəticələr əldə edək”.
S.Qəhrəmanova, həmçinin məktəblərdə keçirilən iclaslara ataların da getməsinin vacibliyini vurğulayıb: “Atalar niyə məktəb iclaslarına getmirlər? Hesab edirəm ki, atalar da bu iclaslarda iştirak etməlidir”.
Deputat Tahir Kərimli isə söyləyib ki, kişi müəllimlərin az olması səbəbindən indiki uşaqlar qız kimi böyüyürlər.
“Kişi müəllimlərin sayı günü-gündən azalır. Uşaqlarımız bu səbədən qız kimi böyüyür”, - parlamentari çıxışında deyib.
Bəs, psixoloqlar deputatın bu fikri ilə razıdırmarmı?
Mövzu ilə bağlı danışan psixologiya üzrə fəlsəfə doktoru Müşfiq Mustafayev məktəblərdə kişi müəllimlərin sayının artırılmasının tərəfdarı olduğunu vurğulayıb:
“Bu, olduqca mühüm məsələdir. Fikrimcə, oğlan uşaqlarının məktəbdə yalnız qadın müəllimlərlə ünsiyyətdə olması onların xarakterinə, davranışına təsir göstərir. Buna görə məktəblərdə kişi müəllimlərin olması oğlan şagirdlərin onlardan nümunə götürməsi baxımından mühüm rol oynayır. Onlarda həmin cinsə məxsus xarakterik əlamətlərin formalaşmasına təsir göstərir”.
O hesab edir ki, məktəbdə kişi müəllimlərin çalışması nizam-intizama da müsbət təsir edir:
“Xüsusən oğlan uşaqlarının psixologiyasının zədələnməməsi, onlarda feminist xüsusiyyətlərin inkişaf etməməsi üçüb məktəbdə kişi və qadın müəllimlər arasında tarazlığın qorunması vacib məsələdir”.
Gender məsələləri üzrə ekspert Aynur Veysəlova isə bildirib ki, qadınlar üçün ənənəvi peşələrdən biri müəllimlikdir. Onun fikrincə, kişilərin bu sahəyə üz tutmamasının əsas səbəblərindən biri maaşların az olmasıdır.
“Təhsil sahəsində qadın müəllimlərin çox olması şagirdlərin tam formada şəxsiyyət kimi yetişməsinə mənfi təsir göstərir. Məncə, qadın və kişi müəllimlərin sayı təxminən bərabər olmalıdır. Uşaq dünyaya göz açır ana tərbiyəsi görür, bağçaya gedir tərbiyəçi qadın olur, orta məktəbdə və ali təhsil müəsissələrində müəllimlər də qadınlardır. Bu baxımdan kişi müəllimlərin çoxluğu mühüm və vacib məsələdir. Təkcə, oğlan uşaqlarının formalaşmasında yox, həm də qızların formalaşmasında da kişi müəllimlərin təsiri mühümdür. Kişi müəllimlərin sayının az olmasında əməkhaqqının da rolu var. Məncə, kişi müəllimlərin sayı artırılmalıdır”.