Belə ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən sayılan şimal qonşumuzun iyulun 12-16-da Tovuz istiqamətində törətdikləri təxribatlar zamanı işğalçıya silah göndərdiyi faktı təsbit edilib.
İlk dəfə “Yeni Müsavat” Media Qrupuna daxil olan rusdilli Minval.az saytında 2020-ci il avqustun 7-də, tanınmış analitik Nuraninin imzası ilə gedən materialda Rusiya silahlarının tam təsnifatı verilir və konkret çatdırılma marşrutları göstərilir. Əldə olan məlumatlara görə, 7 reys (!!) olub: 2 reys - 17 iyulda, yəni döyüşlərin qızğın vaxtında, 18, 20, 27, 29 iyul və 4 avqust tarixlərində isə gündə 1 reys olmaqla cəmi 5 reys reallaşıb. Silahları Ermənistana Rusiyanın İl-76 təyyarələri daşıyıb. Onlar Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan marşrutu üzrə uçub. Ümumilikdə Ermənistana 280 ton hərbi texnika çatdırılıb. Bunların arasında ən yeni hərbi-elektron texnologiyalara əsaslanan müasir radioelektron mübarizə vasitələri də var. O sırada həmçinin “Krasuxa”, “Avtobaza”, “Sky-M”, repitorlar və s. çatdırılıb.
Bu faktların üzə çıxması Azərbaycan tərəfdə ciddi etiraz doğurub. Narazılığı daha da körükləyən hal isə Rusiyanın ölkəmizdəki səfirliyinin məlum sensasion materialın müəllifinin sorğusuna belə cavab verməsidir: “Hörmətli Nurani, Sizin Rusiya haqqında məqalələrinizlə tanışıq. Sizin sorğunuza gəlincə, səfirlik beynəlxalq aviareysləri izləmir. Vəssalam”.
Göründüyü kimi, bu ölkənin səfiri belə heç bir sərhəd tanımır. Bu cür faktlar üzə çıxmasına baxmayaraq, rəsmi Moskva hələ də susur. Acınacaqlı hallardan biri də odur ki, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun belə hələ də “cınqırı çıxmayıb”...
Əksər ekspertlər burada 16 il xarici işlər naziri postunu tutan və ötən ay vəzifəsindən çıxarılan Elmar Məmmədyarov dönəmini günahlandırır. Həmin dönəmdəki dişsiz siyasətin hələ də acılarını çəkdiyimiz qeyd olunur.
Fəzail Ağamalı: “Üzdə Azərbaycanla xoş münasibətlərini ifadə etsə də, əməldə o, daha çox Ermənistanın yanındadır"
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bundan sonra da Rusiyanın Ermənistanı silahlandıracağını qeyd etdi: “KİV-lərdə Rusiyanın Ermənistanı silahlandırması barədə çoxsaylı məlumatlar getməkdədir. Dəqiqləşdirilmiş bu məlumatlar ölkələrarası münasibətlərin mahiyyətinə ziddir. Bu münasibətlərin dövlət başçıları səviyyəsində yüksək formada olduğu bu və ya digər məsələlərdə ifadə olunur. İran-Rusiya-Azərbaycan cütlüyü cənub-şimal nəqliyyat dəhlizinin reallaşmasında ciddi bir partnyor kimi əməkdaşlığı həyata keçirməkdədirlər. Azərbaycan bütün beynəlxalq səviyyələrdə Rusiyanın maraqlarına bu və ya digər şəkildə toxuna bilən addımlar atmır, mehriban qonşuluq prinsiplərinə söykənən əməkdaşlığını həyata keçirir. Rusiyaya münasibətdə Azərbaycan son dərəcə sədaqətlidir. Amma təəssüflər olsun ki, Kreml ölkəmizə qarşı münasibətlərdə kifayət qədər qeyri-səmimiliyini nümayiş etdirməkdədir. Xüsusi olaraq, işğal edilmiş torpaqlarımızın azad edilməsində Minsk qrupunun üç həmsədrindən biri kimi Ermənistana daha çox təsir etmək gücünü özündə daşıyan bir ölkə olduğu halda münaqişənin həllində maraqlı görünmür. Ermənistan torpağı Rusiya üçün vazkeçilməz olub. Burada kimin hakimiyyətdə olması Kreml üçün şərti xarakter daşıyır. Heç bir halda Rusiya Ermənistan torpaqlarından imtina etmək niyyətində deyil. Ona görə onun Ermənistanda hərbi bazası var. Azərbaycan müstəqil siyasətini davam etdirir. Ölkəmizə təsir edə biləcək addımlara icazə verilmir. Ölkə prezidentinin aparmış olduğu bu siyasət tamamilə doğrudur. Bu siyasət milli və dövlət maraqlarımıza söykənir. Rusiyanı isə bu təmin etmir. Üzdə Azərbaycanla xoş münasibətlərini ifadə etsə də, əməldə o, daha çox Ermənistanın yanındadır. Bundan sonra da Rusiya Ermənistanı silahlandıracaq. Torpaqlarımızın isə hərbi yolla azad edilməsinə bütün imkanları ilə mane olmağa çalışır. Aprel döyüşlərində bu özünü ifadə etdi. Tovuz döyüşlərində də Ermənistanın yanında olması istinsa edilmir. Mənə elə gəlir ki, biz bütün imkanlarımızı səfərbər etməliyik. Burada daha çox Türkiyənin son vaxtlar ölkəmizə yönələn birmənalı münasibətinə böyük ümid bəsləyirəm. Keçirilən son təlimlər burada xüsusi olaraq diqqəti cəlb edir. Bu təlimlərdən dərhal sonra xarici işlər və müdafiə nazirlərimizin Türkiyəyə səfəri, orada prezident səviyyəsində qəbul olunmaları, qardaş ölkənin xarici işlər və müdafiə nazirləri ilə aparılmış olan danışıqlar ümid verir ki, Azərbaycan Rusiya amilini nəzərə almadan işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başlasın. Belə olarsa, məncə, Rusiya Türkiyə ilə üz-üzə gəlməkdən ehtiyatlanar. Bu da neytrallaşmağa səbəb olar. Rusiyanın isə neytral qalması kifayət edər ki, qısa zaman kəsiyində torpaqlarımızı tamamilə azad edək. Daha çox ümidim Türkiyənin prezident səviyyəsində bütün mənalarda Azərbaycanın yanında olmasıdır”.
Elxan Şahinoğlu: “Onun nazirlik dönəmi bizim üçün zaman itkisi oldu”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dedi ki, Rusiya hər zaman Ermənistana açıq və gizli şəkildə silah satıb. Hətta xatırlayıram ki, 90-cı illərin ortalarında Rusiyanın deputatı ortaya ciddi faktlar qoydu ki, Rusiya qanunsuz olaraq Ermənistana bir milyard civarında silah göndərib. Sonradan Azərbaycan tərəfi, mərhum prezident Heydər Əliyev məsələnin araşdırılmasını tələb etdi. O zaman Rusiya guya bir komissiya yaratdı. Amma komissiyanın işi unuduldu. Həmin deputat isə müəmmalı şəkildə qətlə yetirildi. Yenə Rusiya Ermənistana silah ötürməkdə davam edir. İnanmıram ki, Ermənistan həmin silahları pulla alsın. Çünki bu ölkənin pulu yoxdur. Bir ara Rusiya kredit vermişdi ki, Ermənistan ondan silah alsın. Düşünürəm ki, qanunsuz yollarla belə pul ödənilmədən Rusiya Ermənistana silahlar verir. Bunun səbəbləri də aydındır. Rusiya görür ki, Azərbaycan hər an güclənir, qüdrəti artır. Onu da yaxşı görür ki, Azərbaycan hərbi meydanda hər sahə üzrə düşmən üzərində üstünlük qazana bilər. Kreml isə təbii ki, bunu istəmir. Amma açıq şəkildə bunu deyə də bilmir. Rusiya guya Azərbaycan və Ermənistan arasındakı məsafədə eyni qalır. Deyir ki, vasitəçiyəm. Amma görürük ki, ölkəmizin güclənməsinə, Türkiyə ilə əməkdaşlığımıza qısqanclıqla yanaşır".
Ekspert Rusiya ilə sərt dildə danışmağın təhlükəli tərəflərinə də toxundu: “Biz Serbiyaya açıq şəkildə deyə bilirik ki, nə üçün Ermənistana minaatanlar verirsiz, axı biz sizə sərmaya qoyuruq. Bu ölkə də dərhal öz nazirini Azərbaycana göndərir, məsələyə aydınlıq gətirir. Amma Rusiya ilə bunu etmək çətindir. Çünki şimal qonşumuz deyəcək ki, istədiyim ölkəyə silah satıram, hədiyyə də verə bilərəm. Onu da deyə bilər ki, Ermənistandakı hərbi bazalarıma silah göndərmək hüququmdur. Bu baxımdan məsələni qaldırmaq çətindir. Lakin diplomatik yollarla danışıqlar aparmaq olar ki, sizin Ermənistana göndərdiyiniz silahlar işğalı daha da uzadır. Bu sizin də maraqlara uyğun deyil. Çünki bölgədə müharibə baş verərsə, bu Şimali Qafqaza da sirayət edə bilər, bu da sizin üçün təhlükədir. Kremlə bunları anlatmaq lazımdır. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı rəsmilərlə bu səpkidə danışıqlar aparmalıdır. Elmar Məmmədyarov xarici işlər naziri olduğu vaxtlarda belə danışıqlar aparmadı. Onun nazirlik dönəmi bizim üçün zaman itkisi oldu. Diplomatik zəmində elə də ciddi uğurlarımız olmadı. Üzüntü ilə demək olar ki, itirilmiş illər oldu. Düşünürəm ki, bundan sonra bu danışıqlar Rusiya ilə aparılmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həllinin hamının xeyrinə olduğu anladılmalıdır”.
Elşad Musayev: “Qorxaq mövqedə olsaq, heç nəyə nail ola bilməyəcəyik”
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Azərbaycan tərəfi qətiyyətli olmağa çağırdı: “Rusiya illərdir Ermənistana milyardlarla dollar dəyərində pulsuz silah verir. Azərbaycana isə çox baha qiymətə silah satır. Bunu hamı, o cümlədən, Rusiyanın tərəfini tutan rusbaşlılar da çox yaxşı bilir. Rusiya Ermənistana öz forpostu kimi yanaşır. Bölgədəki siyasətini Ermənistan üzərindən həyata keçirir. Azərbaycan torpaqlarını alıb Ermənistana verən də, ermənilərin tərəfini tutan da, ərazilərimizi işğaldan azad etməyə qarşı çıxan da, Azərbaycana təzyiq göstərən də Rusiyadır. Hər şey öz adı ilə çağrılmalıdır. Rusiya Cənubi Qafqaza nəzarəti əldən vermək istəmir, eləcə də MDB məkanına. Ona görə konfliktlər törədir və konfliktlər vasitəsilə ölkələri öz təsirində, nəzarətində saxlamağa çalışır. Biz qərarlı, həm də güclü olmalı, Rusiyanın qapazaltısı olmamalıyıq. Yaranmış mövcud şərtlərdən istifadə edib, antiterror əməliyyatı keçirib Qarabağı işğaldan azad etməliyik. Paralel olaraq çevik diplomatik addımlar atmalı, qardaş Türkiyənin, digər ölkələrin dəstəyini alıb problemimizi həll etməliyik. Qorxaq mövqedə olsaq heç nəyə nail ola bilməyəcəyik. Rusiya bizim qonşuluqda olan böyük dövlətdir. Bizim onlarla çox yaxşı iqtisadi, mədəni, humanitar, elmi, texnoloji və s sahələrdə qarşılıqlı-faydalı əməkdaşlığımız olar. Amma faktiki Rusiya rəhbərliyi ermənilərin tərəf tutmaqla Azərbaycana düşmənçilik edir. Bunu da açıq demək zamanı çoxdan keçib. Ən əsası biz hədəflərimizi, müttəfiqlərimizi düz seçməli və problemin üstünə getməliyik”.