Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cənab Prezident ATƏT-in Minsk qrupuna növbəti dəfə ,,siyasi dərs'' keçdi

Cənab Prezident ATƏT-in Minsk qrupuna növbəti dəfə ,,siyasi dərs'' keçdi




“ATƏT-in Minsk qrupu 28 ildə bu reallığın fərqində olmalı idilər”

Azərbaycan 30 ilə yaxın bir müddətdə münaqişənin dinc yolla həlli üçün bütün imkanlardan istifadə etməyə çalışsa da, məhz Minsk qrupunun səmərəsiz fəaliyyəti, Ermənistanın qeyri-konstruktiv mövqeyi uğur əldə olunmasına imkan vermədi. Əgər həmsədrlər həqiqətən də münaqişənin ədalətli, beynəlxalq hüququn normaları çərçivəsində həllində maraqlı olsaydılar, işğalçı ölkəyə qarşı təzyiqlər göstərilməsi, sanksiyalar tətbiq olunması istiqamətində konkret təkliflərlə çıxış edə bilərdilər. 44 günlük Vətən müharibəsinin nəticələri regionda tamamilə yeni reallıq yaradıb. Bu müharibə yalnız hərbi-siyasi baxımdan deyil, geosiyasi və iqtisadi kontekstdə də yeni situasiya formalaşdırıb. Azərbaycan müharibədə qalib gəlməklə, cənab Prezidentin də qeyd etdiyi kimi, regionda yeni təhlükəsizlik formatı yaradılmasına nail olub. Eyni zamanda, yeni iqtisadi əməkdaşlıq perspektivləri yaranıb. Kommunikasiyaların açılması, çoxtərəfli iqtisadi əlaqələrin qurulması regionun həyatında yeni bir mərhələnin başlanması demək olacaq. Yeni reallıqlar bölgədə yaşayan bütün xalqların həyatında ciddi dəyişikliklərə səbəb ola bilər. Həyata keçiriləcək irimiqyaslı layihələr region ölkələrinin və xalqlarının rifahına əhəmiyyətli töhfələr verəcək. İndi ən əsas məsələlərdən biri bütün ölkələrin, o cümlədən Ermənistanın və erməni xalqının yeni reallığın çağırışlarını düzgün qiymətləndirməsidir. Ermənistan hakimiyyəti və dövləti də keçmişə deyil, gələcəyə baxaraq öz xalqının mənafelərini düşünməli, ölkəsinin inkişafı üçün yaranan imkanlardan istifadə etməlidir. Keçmişə ilişib qalmağın bu ölkəni nə qədər geri atdığını daha aydın dərk etməlidirlər. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin çıxışlarında əksini tapmış fikirlər Azərbaycan dövlətinin yeni reallıqlar fonunda gələcəyə strateji baxışının əsas konturlarını əks etdirir. Cənubi Qafqazın tarixində qarşılıqlı faydalı əməkdaşlıq dövrü başlayır. Bu tarixi anı bütün region ölkələri düzgün qiymətləndirməlidir. Ölkə Prezidentinin çıxışında həm beynəlxalq ictimaiyyətə, həm də Ermənistan rəhbərliyinə açıq, aydın və mövcud vəziyyətə adekvat mesajlar var: “Ermənistan yenidən sabitliyi pozmağa heç bir vəchlə cəhd etməməlidir. Əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, bu dəfə tamamilə darmadağın ediləcəklər. Beynəlxalq ictimaiyyət Ermənistana birbaşa mesaj verməlidir ki, gələcəkdə heç zaman Azərbaycan xalqının hissləri ilə oynamasın, yoxsa ağır cəzadan yaxa qurtara bilməyəcək”. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri 28 ildə bu reallığın da fərqində olmalı idilər. ATƏT-in Minsk qrupu həmsədrləri çox yaxşı bilirlər ki, təcavüzkar Ermənistan ordusu 44 günlük

müharibə müddətində dinc əhalini ağır artilleriya qurğusundan, hətta qadağan olunmuş silahlardan atəşə tutub. Nəticədə 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupu həmsədrləri də bu faktdan məlumatsız deyillər. Ümumiyyətlə, Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir. Həmsədrlər işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin – yaşayış məntəqələrinin tam dağıdılmasının, qeyri-qanuni məskunlaşmanın şahidi olmuşlar. Ancaq 30 il susduğu, terrorçuya “gözün üstə qaşın var” demədiyi kimi, hər dəfə də ağızlarına su aldılar. Nəhayət, Azərbaycan heç kimin köməyi olmadan özü öz problemini hərbi-siyasi yolla həll etdi. Münaqişənin “Hərbi variantı yoxdur” deyənlərə sübut etdi ki, var imiş. Ermənistan və havadarları diz çökməyə məcbur oldu. Onu da qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrləri ölkəmizə dəvət olunmayıblar və öz istəkləri ilə gəliblər. Görünür, onların məqsədləri “zavallı ermənilər”in gələcəyini fikirləşib, onlara bir gün ağlamaqdır. Ancaq bundan sonra ikili standartlar, siyasi riyakarlıq, tərəfkeşlik keçməyəcək. Çünki artıq “Dağlıq Qarabağ münaqişəsi” məfhumu yoxdur. Dövlətimizin başçısı da bunu həmsədrlərin diqqətinə çatdırdı. Əgər Dağlıq Qarabağ münaqişəsi tarixin arxivinə atılıbsa, ATƏT-in Minsk qrupu da bu arxivə atılmalıdır. Olmayan münaqişənin nəyinə vasitəçilik edəcəklər? Bundan sonra ATƏT Minsk qrupu həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər? Artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə bu təşkilatın həmsədrləri bundan sonra regionda yeni reallığa uyğun olaraq xalqların sülhə hazırlanması, etimad quruculuğu, etnik barışığın təmin olunması, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola bilər. Əgər bunun da öhdəsindən gələ bilsələr.

Aqiyə Naxçıvanlı
Milli Məcisin Elm və təhsil komitəsinin üzvü, siyasi elmlər doktoru,professor

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də