Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Yaxın zaman üçün Qarabağda müharibə gözləmirəm, amma ermənilər davranışlarını dəyişməsə..."






“Mən yaxın zaman üçün Qarabağda müharibə gözləmirəm. Amma ermənilər ənənəvi davranışlarını dəyişməsə, savaş hər zaman başlaya bilər. İndiki halda bu, daha çox bölgədə yaranan yeni konfiqurasiyadan asılı olacaq”.

Bu fikirləri siyasi analitik Oqtay Qasımov bildirib.

O. Qasımov xatırladıb ki, əslində çox şey bölgədə Rusiya-Türkiyə əməkdaşlığının səviyyəsindən asılı olacaq: “İndi real mənzərə budur ki, bölgədə Türkiyə, Azərbaycan və Rusiya əməkdaşlığı ortaya çıxır. Bu proses inkişaf etdirilsə və prosesə regionun digər üç ölkəsi - İran, Gürcüstan və Ermənistan da qoşulsa, bu zaman savaş riskləri minimuma enə bilər. Yox, əgər bu format ciddi şəkildə inkişaf etməsə, əlavə təsirlərə məruz qalsa, bu halda gələcəkdə savaşın qaçılmaz olması mümkündür”.

Siyasi analitik əlavə edib ki, bu gün Qarabağda 4 faiz ərazimiz Ermənistan silahlı qüvvələrinin nəzarətindədir: “Bu o deməkdir ki, savaş təhlükəsi aradan qalxmayıb. Baxmayaraq ki, orada sülhməramlılar var və s. Yəni ərazimizin kiçik hissəsi olsa belə, bizim nəzarətimizdə deyilsə, bu, potensial savaş təhlükəsini ortaya qoyur”.

O. Qasımovun fikrincə, bəzi hesablamalara görə, Azərbaycanın işğal altında olmuş 20 faiz ərazisinin indi yalnız 4 faizi ermənilərin nəzarətindədir: “Açığı, verilən rəqəm belədir ki, 3,1 min kvadrat kilometr ərazi Dağlıq Qarabağdakı separatçı ermənilərin nəzarətində qalıb. Bildiyiniz kimi, Xocalı rayonuna əsas hissəsinə ermənilər nəzarət edir. Xocavənd rayonunun keçmişdə Martuni adlandırılan hissənin bir qismi də ermənilərin nəzarətindədir. O cümlədən Ağdərə rayonunun Suqovuşan, Talış və digər hissələrini çıxmaq şərtilə ərazinin əksəriyyətinə ermənilər nəzarət edir. Həmçinin Xankəndinə.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4400 kvadratkilometr olub. Bizim hesablamamız budur ki, bu ərazinin təxminən 1300 kvadratkilometri Azərbaycan tərəfindən azad edilib. Bunlar əsasən, ermənilərin Hadrut rayonu hesab etdiyi bölgənin 47 yaşayış məntəqəsindən 45-dir. O cümlədən Xocavəndin Martuni hissəsindən xeyli yaşayış məntəqələri azad edilib. Xocalı rayonunun bəzi kəndləri də işğalçılardan təmizlənib. Eyni zamanda Şuşa rayonunun müəyyən kəndləri işğaldan azad edilib. Amma sözsüz ki, Şuşa və Xocalının bəzi kəndləri hələ də işğal altındadır. Yəni təxminən 4 faizə yaxın hissə ermənilərin nəzarətindədir. Amma daha dəqiq rəqəmlər bizim müvafiq dövlət orqanlarında var”.

O. Qasımov deyir ki, Azərbaycan 44 gündə böyük nəticə əldə edib: “Biz parlaq qələbə qazanmışıq. Azərbaycan əsgəri dünyanı heyrətə salacaq sürət və peşəkarlıq nümayiş etdirib. Mövcud reallıqlar və dünyanın geopolitik şərtləri hərbi yolla tam və qəti qələbə çalmağımıza imkan verməsə də, bu, 4 faizlik ərazidə Azərbaycan vətəndaşı olan ermənilərin dövlətimizin qanunlarına tabe olaraq yaşamasında problem olmayacaq. Düşünürəm ki, şərtlər uyğun olsa Azərbaycanın diplomatik və siyasi yolla həmin ərazilərdə süverenliyi bərpa etmək imkanları var. Sözsüz ki, Azərbaycan dövləti bu yolda lazım olan addımları atacaq. Biz də cəmiyyət olaraq bu addımların atılmasına yardımçı olmaqda tərəddüd etməməliyik. Çox istərdim ki, bizim cəmiyyət qalib tərəfin ağayana davranışlarını ortaya qoysun. Məğlub tərəfi aşağılamaq məsələsindən daha çox orada yaşayacaq insanların Azərbaycan cəmiyyətinə və dövlətinə inteqrasiya olunması üçün çalışmalıyıq ki, məsələnin dinc yolla həllində işlərimiz rahat getsin”. (Reyting.az)

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də