Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2050-ci ilin insanı BELƏ OLACAQ...

Dünya sürətlə yenilənir. Texnologiyaların inkişafı təkcə dünyanın düzənini deyil, həm də insanların yaşayış tərzini, həyata baxışını də dəyişir. Etiraf edək ki, 20-30 il əvvəlin insanı ilə indiki nəsil eyni deyil. Ortada çox ciddi fərq mövcuddur. Heç şübhəsiz ki, 30 il sonrakı insanlar da təsəvvür edə bilmədiyimiz qədər fərqli olacaqlar.
 
İnsanların dəyişkənliyinə təsir edəcək əsas amillər iqlim şəraiti, təbiət hadisələri, iqtisadi və siyasi problemlərdir. Bütün bunların təsirindən yeni, həm də tamamilə fərqli düşüncəli insanlar dünyaya göz açır. 
 
Maraqlıdır, 2050-ci ilin insanı necə olacaq? İndiki vaxtla müqayisədə həmin dövrdəki insanların düşüncə tərzi, fiziki görkəmi, psixoloji durumu necə dəyişəcək?
 

 
Mövzu ilə bağlı  danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, insanlar artıq Qərb və ya Şərq adət-ənənələri ilə inkişaf etməyin, yaşamağın mümkün olmadığını, bunun müəyyən məhdudiyyətlər yaradacağını hiss edir:
 
“2050-ci adamında həm Qərb, həm də Şərq mədəniyyətinə maraq olacaq, davranışlar hər iki mədəniyyəti özündə ehtiva edəcək. İnsanlar başa düşəcəklər ki, indiyə kimi olan hərəkət ancaq böhranlara aparır. Üstünlük verilirdi ki, sivilizasiyalar mütləq toqquşmalıdır, yaxın 10 ildə başa düşəcəklər ki, bu, dünyanın məhvi yoludur. 2050-ci ilə qədər dünyada yeni fəlsəfi görüşlər olacaq. Bu fəlsəfi görüşlər dünyada xalqlar, insanlar arasında ahəngdar münasibət rolunu oynayacaq. Bu da birbaşa insanların mədəniyyətinə, davranışına təsir edəcək. Dünya sürətlə inkişaf edir, insanlar başa düşürlər ki, artıq uçurumun kənarındadırlar. Sistemli düşüncə tərzinə uyğun olaraq görəcəklər ki, dünyanın inkişafı üçün hər bir xalq potensialını ortaya qoymalıdır”.
 

 
Sosioloqun fikrincə, 2050-ci ilə qədər insanların fiziki görkəmi zəifləyəcək:
 
“Səbəb ekologiyanın korlanmasıdır. Kənd yerində təmiz hava qəbul edənlərin sayı azalır, immunitet getdikcə zəifləyir. Buna görə də insanlarda zəifləmə prosesi gedəcək, bunu artıq indidən ölkəmizdə hiss edirik. Fikir verirsinizsə, gənclərin çoxu çəlimsizdir. Bunlar havanın çirklənməsindən, meyvə-tərəvəzin geninin dəyişməsindən, bədən üçün əhmiyyətli olan yeməklərin məhdudlaşmasından irəli gəlir. 30 ilə qədər bu məsələləri həll etmək olmaz. İnsanların xarici görünüşü getdikcə zəifləyəcək, daha çəlimsizləşəcəklər”.
 

 
Psixoloq Aytən Ələkbərova isə düşünür ki, sürətli texnologiya ilə dəyişən dünyada 30 il sonrakı insanlar soyuqqanlı və robotlaşmış olacaq:
 
“2050-ci ildə yaşayanlar qayğı ehtiyaclarına cavab verməyəcək insanlar olacaq. İndidən qayğısız olmağa başlamışıq. Birinin problem olanda, intihar edəndə, bunu çəkib yayımlayırıq, həmin insana yardımçı olmuruq. İnsani xüsusiyyət olaraq ona yardım etmək istəmirik, özümüz üçün video çəkib paylaşırıq.
 
Bu gün heç birimiz deyə bilmərik ki, mən soyuqqanlı deyiləm. Soyuqqanlılıq hamımızda var. Getdikcə belə insanların sayı daha da artacaq. Gedişat bunu göstərir. Robotlaşmağa doğru addımlayırıq, bəlkə də 2050-ci ildən daha tez bu proseslərin şahidi olacağıq. Fiziki görkəmcə insanlar daha əsəbi, aqressiv bir cizgiyə malik olacaqlar. Zaman keçdikcə insanlar daha da zəifləyəcək. Bütün bunlar onu deməyə əsas verir ki, psixoloji olaraq da insanlar çox dəyişəcək. Mülayim xasiyyətli insanların sayı həddən artıq azalacaq”.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də