Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Dekabrda artım sürəti dəyişməzsə, COVİD-19 xəstələrinin sayı 90 minə çatacaq - XƏBƏRDARLIQ






2020-ci ilin mart ayından həyatımıza fırtına kimi daxil olan koronavirus pandemiyası hələ də can almağa davam edir. Son günlər Azərbaycanda yoluxma sayının pik həddə çatması hər kəsin narahatlığına səbəb olub.

Musavat.com COVID-19 pandemiyasının yayılması ilə bağlı insanların bilməsi vacib olan bir sıra tövsiyyələri təqdim edir:

Hazırda COVİD-19 xəstəliyinin sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım  bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır.

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar, tövsiyyələri qulaq ardına vururlar.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVİD-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVİD-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bundan sonrakı dövrdə də belə kütləvilik hallarının olacağını indidən demək üçün əsaslar var.  

Mövcud vəziyyətin təhlili və proqnozlar nəyi göstərir?

Vəziyyətin təhlili göstərir ki, son 10-14 gündə ölkəmizdə aktiv xəstələrin sayı iki dəfə artaraq 45,000 nəfəri ötüb. Əgər dekabr ayının ilk 10 günlüyündə xəstəliyin artım sürəti dəyişməzsə, aktiv xəstələrin sayı 90,000 nəfərə çatacaq. Bu isə milli səhiyyə sisteminin imkanlarından yuxarıdır.

Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı gündə 5000-6000 nəfərə çatacaq. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmaslarının izlənilməsi kimi zəruri tədbirlərin görülməsini qeyri-mümkün edəcək.

Yay ayları ilə müqayisədə gündəlik ölüm halları da 4 dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək. Hazırda yoluxma hallarının 1-1,5%-i ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir.

Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildgücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40,000 nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə vətəndaşlarımız başa düşməlidir ki, bu imkanlarında bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb.

Yenidən sərt karantin rejiminin tətbiqini istəmirsinizsə...

Bu günə qədər COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən təsirli tədbirlər sərt məhdudiyyətlərin tətbiqi olub. Məhz bunun nəticəsində iki dəfə xəstəliyin sayında sürətli artımın qarşısı alınıb və onun minimallaşdırılmasına nail olunub. Lakin bu məhdudiyyətlərin iqtisadi, insalara sosial-psxoloji təsirləri hər birimizə məlumdur və arzuedilməzdir. Məhz bu səbəbdən də məhdudiyyətlərin tətbiqi hələlik minimal miqyasda həyata keçirilir.

Bəs vəziyyətin bu istiqamətdə inkişaf edəcəyi, ölkənin səhiyyə sisteminə real təhlükə yaranacağı, yoluxma və ölüm hallarının arzuolunmaz miqyasda artacağı təqdirdə nə olacaq? Bu sual hamını düşündürməlidir. Hamı bilməlidir ki, vəziyyətin daha bir neçə gün belə davam etməsi yenidən sərt məhdudiyyətlərin tətbiqi, tam təcrid, SMS icazə və s. bu kimi tədbirlələ nəticələnəcək.

Bütün bunların baş verməməsi üçün vətəndaşlarımız öz davranışları ilə vəziyyətin yaxşılaşmasına töhfə verməli, daha məsuliyyətli olmalı, davranışlarını mövcud tələblərə uyğunlaşdırmalıdırlar. COVİD-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də