Noyabr ayı ölkəmizin tarixində dövlət quruculuğu bayramları ilə zəngindir: Dövlət bayrağı günü, Konstitusiya günü, Milli Dirçəliş günü. Bu bayramların sırasına Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi və sarsılmaz iradəsi ilə Azərbaycan Ordusu xalqımızın uzun illər həsrətində olduğu Zəfər günlərini də əlavə etdi. Lakin bu bayramlar arasında bir bayram da var, o da 22 noyabr - Ədliyyə işçiləri günüdür.
Hər ilin bu günü gələndə ədliyyə orqanlarında və məhkəmələrdə çalışan dostlarımı, tələbələrimiz olmuş çoxsaylı həmkarlarımızı fərdi olaraq təbrik edir, qanunların aliliyinin və insan hüquqlarının təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsi kimi gərgin, məsuliyyətli və şərəfli işlərində onlara uğurlar arzulayırdım. Bu il bu bayram Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Koman¬danın tarixi zəfər aktına, düşmən tərəfin isə faktiki kapitulyasiya aktına imza atdığı, Qarabağın tacı olan Şuşamızda, onun onurğa sütunu olan Ağdamımızda, bütövlükdə doğma Qarabağımız uğrunda gedən savaşlarda rəşadətli Azərbaycan Ordusunun zəfər çaldığı bir dövrə təsadüf etdi. Bu ərəfədə Azərbaycan Respub¬likasının Ədliyyə naziri hörmətli Fikrət Məmmədovun mətbuatda dərc olunmuş, sözün həqiqi mənasında proqram xarakterli məqaləsi ilə tanışlıqdan sonra fikrimi dəyişdim, ədliyyə işçilərinə və hakimlərə yazılı təbrik göndərmək qərarına gəldim. Ona görə proqram xarakterli deyirəm ki, bu məqalə yalnız ötən dövr ərzində görülən işlərə dair bayramqabağı hesabat olmayıb, həm də gələcək fəaliyyət istiqamətlərinin konturlarını özündə əks etdirir.
Ərazilərimizin işğala məruz qalması, Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpası uğrunda apardığı ədalətli Vətən müharibəsinə dair həqiqətlərin beynalxalq təşkilatlara, ictimaiyyətə, digər dövlətlərin müvafiq orqanlarına çatdırılması aparılan əks-hücum əməliyyatlarının, düşmənin sülhə məcbur edilməsinin və əldə olunmuş qələbənin onlar tərəfindən Azərbaycanın haqq işi kimi düzgün anlaşılmasında və birmənalı qəbul olunmasında az rol oynamamışdır. Bu sahədə Ədliyyə Nazirliyi də dərin dövlətçilik ənənələrinə sadiq qalaraq dövlətin mühüm bir qurumu kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir.
Belə ki, Ədliyyə Nazirliyi tərəfindən Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə dolğun və hərtərəfli çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirildiyini qeyd edən hörmətli nazir, 70-ə yaxın dövlətin ədliyyə nazirlərinə, dünya prokurorlarına, sıx tərəfdaşlıq edilən nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası, Dünya Bankı, UNICEF, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Ümumdünya Səhiyyə Təşkilatı və digər qurumlara, habelə Beynəlxalq Hakimlər Assosiasiyasına müraciətlər ünvanlandığını, xarici ölkələrin səfirləri ilə görüşlər təşkil olunduğunu, bu müraciət və görüşlərdə ərazilərimizin 20 faizinin işğal olunaraq azərbaycanlıların etnik təmizləməyə və soyqırıma məruz qalması, dədə-baba yurdlarından didərgin salınması, xalqımıza qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törədilməsi faktlarının vurğulandığını göstərmişdir.
O, qeyd etmişdir ki, həmçinin, bu günlərdə Avropa Şurası ədliyyə nazirlərinin videoformatda keçirilmiş konfransında Ermənistanın qeyri-insani əməlləri və müharibə cinayətlərinin dəhşətləri təfsilatı ilə Avropa Şurası Baş katibinin, Avropa Şurası Parlament Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin və digər ixtisaslaşmış qurumlarının rəhbərlərinin, habelə Avropa İttifaqı ədliyyə komissarının və bütün üzv dövlətlərin ədliyyə nazirlərinin diqqətinə çatdırılmışdır.
Həyata keçirilən belə fəaliyyətlərin nəticəsidir ki, erməni havadarı olan məlum bir neçə ölkə istisna olmaqla, digər heç bir ölkə tərəfindən Azərbaycanın haqlı mübarizəsinə kölgə salacaq hər hansı bir addım atılmadı.
Ən önəmli layihələrdən biri isə nazirlik tərəfindən Azərbaycan həqiqətlərinin təbliği və geniş yayılması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) olan, daim yenilənən və interaktiv rejimdə fəaliyyət göstərən "Qarabağ Azərbaycandır!" elektron məlumat platforması (http://justice.gov.az/categories/1148) yaradılması olmuşdur.
Hörmətli nazirin qeyd etdiyi kimi, həmin platformada Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri və Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın dinc əhalisinə qarşı yönələn müharibə cinayətləri ilə bağlı dünyanın nüfuzlu medialarına müsahibələri, Birinci vitse-prezident Mehriban Əliyevanın sosial çağırışları və çıxışları, dövlət başçısının və birinci xanımın azad edilmiş rayonlarımıza səfərləri və digər rəsmi xəbərlər, qanun və fərmanlar, tarixi sənədlər yerləşdirilmişdir. Həmçinin burada zəfərlərimizə, Azərbaycan Bayrağının doğma torpaqlarımızda ucaldılması mərasimlərinə dair video-materiallar, əzəli torpağımız olan Qarabağ və ətraf yeddi rayonun tarixi, mədəni və dini abidələri barədə fotoqalereya, bu sahədə hüquqi maarifləndirməyə dair nazirliyin məlumatları mövcuddur. Digər saytlara da inteqrasiya olunmuş platformadan artıq minlərlə istifadəçi yararlanmışdır.
Azərbaycan xalqının Vətən müharibəsində tarixi qələbəsindən sonra işğal olunmuş ərazilərimizin ölkəmizin yurisdiksiyasına qaytarılması və onların bəzilərində erməni əsilli Azərbaycan vətəndaşlarının da yaşaması ilə yeni bir tarixi şərait yaranır. Həmin ərazilərdə Azərbaycan Konstitusiyanın və qanunlarının bərqərar olması, insan hüquqlarının qorunması sahəsində ən ağır yük, demək olar ki, ədliyyə orqanlarının və məhkəmələrin üzərinə düşəcəkdir. Bu baxımdan birinci növbədə, məqalədə göstərildiyi kimi, işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılmışdır. Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilmiş və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunmuşdur.
Azərbaycan Prezidentinin əks hücumlara başlanılmasına dair çağırışına canla-başla qoşularaq həm müddətli, həm də könüllü olaraq hərbi xidmətə yollanan ədliyyə və məhkəmə orqanlarının 100-dək əməkdaşı döyüşlərdə iştirak edərək yüksək vətənpərvərlik nümunəsi göstərmişlər. Vətən uğrunda döyüşlərdə onlar arasında təəssüf ki, yaralanan və qəhrəman-casına şəhid olanlar da var. Təqdirəlayiq haldır ki, nazirlik tərəfindən onların hər biri və ailə üzvləri qayğı ilə əhatə olunmuş, eyni zamanda, cəbhəboyu şəhər və rayonlarda təhlükəli və gərgin şəraitdə fəaliyyət göstərən işçilərə əlavə maddi dəstək göstərilmişdir.
Tabeçiliyində olan təşkilatlardan birində vaxtilə peşəkar hüquq fəaliyyətinə başladığım Nazirliyin çoxsaylı kollektivinin ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən Vətən müharibəsində, ədliyyə və məhkəmə sahəsində idarəçiliyin müasirləşdirilməsi, şəffaflığın artırılması, korrupsiyanın qarşısının alınması, ictimai iştirakçılığın təşviqi, innovasiyaların tətbiqi ilə bağlı əməli tədbirlər həyata keçirilməsi, köklü məhkəmə-hüquq, o cümlədən məhkəmə ekspertizaları sahəsində islahatlarının reallaşdırılması və digər mühüm sahələrdəki uğurları, sözsüz ki, məni də sevidirir. Ona görə də Azərbaycan Respublikasının Ədliyyə naziri hörmətli Fikrət Məmmədov başda olmaqla dəyərli həmkarlarımızı peşə bayramları münasibətilə ürəkdən təbrik edir və qanunun aliliyinin təminatı, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, peşəkar və ədalətli hakim korpusunun formalaşdırılması, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi, yeni innovativ təşəbbüslərin həyata keçirilməsi, onların fəaliyyətinin ən müasir tələblər səviyyəsində qurulması sahəsində fəaliyyətlərində uğurlar arzulayıram.
Dərin hörmətlə,
Bəxşeyiş Əsgərov
Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti