Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

44 günlük savaşdan sonrakı Qarabağ razılaşmasının cəmiyyətdə doğurduğu suallar...

"..."Erməni silahlı qüvvələri” dedikdə, məhz hansı qüvvələr nəzərdə tutulur? Ermənistan Respublikasına aid silahlı qüvvələr; İşgal edilmiş Dağlıq Qarabağda olan qondarma rejimə aid edilən erməni silahlı qüvvələri; Hər ikisinə birlikdə şamil edilir..."




Azərbaycanın azğın erməni işğalçılarına qarşı öz ərazisində keçirdiyi sentyabr ayının 27-də başlayan və 44 gün davam edən antiterror əməliyyatından sonra nəhayət, noyabr ayının 10-da, şimal qonşumuz olan Rusiya Federasiyasının bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə üçtərəfli sülh bəyanatı imzalandı.

 

İmzalanmış bəyanat Azərbaycanda əsasən qələbə sevincinin yaşanmasına və qələbə ab-havasının yaranmasına səbəb oldu. Azərbaycan əhalisi qanlı döyüşlərin bizim müzəffər ordunun möhtəşəm qələbəsi ilə bitməsini bayram edərək, bu bayramı bütün şəhər və kəndlərdə böyük ruh yüksəkliyi və çoşğunluğu ilə keçirtdi.

 

Lakin, tədricən, imzalanmış bəyanatın bəndlərinin mahiyyətinə varan insanlarımızda hansısa ikili hiss baş qaldırmağa başladı. Belə ki, bir tərəfdən qanlı döyüşlərin bitməsi nə qədər sevindirici olsa da, digər tərəfdən bəyanatın narahatedici məqamları həmin sevinc hissinin bir qədər səngiməsi ilə əvəzləndi.

 

Bu qeydlərlə, insanlarımızda imzalanmış bəyanatın konkret bəndləri bağlı yaranan suallarının bir hissəsinə nəzər salmağa çalışaq.

İlk öncə onu qeyd edək ki, bəyanatın Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikası tərəfindən imzalanması Qarabağ münaqişəsində məhz Ermənistanın tərəf kimi olmasının birmənalı sübutudur. Halbuki, ermənilər illər boyu bütün dünyaya iddia edirdilər ki, münaqişədə Azərbaycanın qarşısında məhz qondarma Dağlıq Qarabağ Respublikası (Arsax) adlı süni bir qurum tərəf kimi çıxış edir.

 

Beləliklə,

 

Bəyanatın 1-ci bəndi

10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.

Narahatlıq:

a) Yəni, bu bənd nəzərdə tuturmu ki, ordu hətta hansısa məntəqənin və ya obyektin bilavasitə yaxınlığındadırsa da (məsələn, 1-3 km) belə, həmin yerdə qalmalıdır və hər hansı yerdəyişmə (geri çəkilmə, irəli getmə) qadağandır?

b) Əgər belədirsə, yəni yerdəyişmənin qadağan edildiyi vəziyyətdə, onda Azərbaycan ordusunun Xankəndinin 2 km-də olduğu son durum halında (qondarma rejimin rəsmi bildirməsinə görə), onun bəyanat imzalandıqdan sonra Şuşanın 1 km-yinə qədər geri çəkilməsi hansı anlamı verir?

 

Bəyanatın 2-ci bəndi

20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

Narahatlıq:

a) Ağdam rayonu dedikdə, məhz hansı ərazi nəzərdə tutulur? Yəni buraya Ağdam rayonunun bütün inzibati ərazisi də aiddirmi?

b) Əgər aiddirsə, onda sülhməramlı qüvvələrin daxil olunmasından sonra onların nəzarət sərhədlərinə əsasən tərtib edilmiş xəritədə niyə görə Ağdam şəhəri də daxil olmaqla rayonun bir hissəsinin də ərazisi həmin bu nəzarət zonasına aid edilmişdir?

c) Belə ki, bu halda Azərbaycan Respublikasına hansı hissə qaytarılır?

 

Bəyanatın 3-cü bəndi

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 nəfər odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

 

Narahatlıq:

a) Dağlıq Qarabağda təmas xətti dedikdə, yalnız və məhz keçmiş Dağlıq Qarabağın inzibati ərazisi daxilində olan qoşunların qarşıdurma xətti nəzərdə tutulurmu?

b) Belə çıxır ki, bu bənd keçmiş Dağlıq Qarabağın inzibati ərazisi xaricində (yəni əlavə işğal edilmiş 5+2 rayonda) yerləşən silahlı qüvvələrə aid deyildir. Yəni, bu ərazi xaricində və ətrafında olan hər hansı bir yerdə tərəflər üz-üzə gələ bilər və silahlı toqquşma da baş verməsi mümkündür? Və bunun Rusiya sülhməramlılarına aidiyyatı olmamalıdır?

c) Azərbaycan ərazisi olan, lakin müvəqqəti olaraq  Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə kimin bayrağı qaldırılacaq?

d) Azərbaycan ərazisi olan, lakin müvəqqəti olaraq  Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə hansı pullar dövruyyədə olacaq?

e) Azərbaycan ərazisi olan, lakin müvəqqəti olaraq  Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə qazlaşdırma, elektrikləşdirmə, su və kanalizasiya, istilik və həmçinin digər kommunal məsələlərin təminatı, təchizatı, ödənişi necə və kim tərəfindən həyata keçiriləcək?

f) Azərbaycan ərazisi olan, lakin müvəqqəti olaraq  Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə inzibati idarəetməni kim və hansı qanunlar əsasında həyata keçirəcək?

g) Azərbaycan ərazisi olan, lakin müvəqqəti olaraq  Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə məhkəmə və ümumiyyətlə ədliyyə sistemi hansı tərəfin qanunları ilə nizamlanacaq?

h) Azərbaycan ərazisi olan, lakin müvəqqəti olaraq  Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə insanların ərzaq və digər həyati əhəmiyyətli məhsullarla təchizat və təminatı necə və kim tərəfindən həyata keçirilməlidir?

 

Bəyanatın 4-cü bəndi

Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.

 

Narahatlıq:

a) “erməni silahlı qüvvələri” dedikdə, məhz hansı qüvvələr nəzərdə tutulur?

- Ermənistan Respublikasına aid silahlı qüvvələr;

- İşgal edilmiş Dağlıq Qarabağda olan qondarma rejimə aid edilən erməni silahlı qüvvələri;

- Hər ikisinə birlikdə şamil edilir.

 

b) “çıxarılma” dedikdə, məhz haradan (hansı ərazidən) məhz haraya (hansı əraziyə) çıxarılma nəzərdə tutulur?

- Keçmiş Dağlıq Qarabağın inzibati ərazisindən Ermənistan Respublikasına;

- Keçmiş Dağlıq Qarabağın inzibati ərazisi ətrafında əlavə, işğal edilmiş 5+2 rayonun ərazisindən Ermənistan Respublikasına;

- Keçmiş Dağlıq Qarabağın inzibati ərazisi ətrafında əlavə işğal edilmiş 5+2 rayonun ərazisindən Dağlıq Qarabağın inzibati ərazisinə;

- Həm keçmiş Dağlıq Qarabağın inzibati ərazisindən, həm də bu ərazi ətrafında əlavə işğal edilmiş 5+2 rayonun ərazisindən (yəni hər iki ərazidən birlikdə) Ermənistan Respublikasına.

 

c) Sayı 20-30 min nəfər arası olan işğalçı qoşun birlikləri ilə sayı cəmi 1960 nəfər olan Rusiya sülhməramlılarının paralel şəkildə əvəzlənməsi necə baş verə bilər?

d) Erməni silahlı qüvvələri çıxarılanda onların tərk-silah edilməsi nəzərdə tutulurmu?

- Əgər tərksilah edilmə nəzərdə tutulursa bu, tam (yəni bütün silahlar təhvil verilir) tərksilah olmalıdır, yoxsa qismən (yəni yalnız ağır silahlar və ya yalnız hansısa konkret silahlar təhvil verilir) olunmalıdır;

- Bu halda (yəni tərksilah zamanı) silahlar kimə təhvil verilməlidir:

- Ermənistan tərəfinə (qanunsuz qurumlara);

- Azərbaycan tərəfinə (müvafiq səlahiyyətli qurumlara);

- Rusiya sülhməramlılarına.

- Əgər tərksilah edilmə nəzərdə tutulmursa və nəzərə alınsa ki, erməni tərəfinin də rəsmi şəkildə bildirdiyinə görə, sayı təqribən 20-30 min civarında olan bu cür silahlanmış dəstələrin öz ağır texnikaları və sair silahlarla keçməsinə nəzarət necə həyata keçiriləcək? Onları kim və necə sayacaq və necə qeydiyyata alacaq və kimə təhvil veriləcək?

- Əgər erməni silahlı qüvvələri çıxmaqdan imtina etsə və ya qismən çıxsa, onlara hansı təsir mexanizmləri nəzərdə tutulub?

- Erməni silahlı qüvvələrinin çıxmadığı və ya qismən çıxdığı halda, bu silahlı adamların axtarılıb tapılması kimlər tərəfindən, necə və hansı yollarla həyata keçiriləcək? Nəzərə alsaq ki, Rusiya sülhməramlılarının sayı cəmi 1960 nəfərdir.

(Zəruri qeyd: olan məlumatlara əsasən, hazırda erməni silahlı birliklərinin bir hissəsi Qarabağdan çıxmaqdan imtina edir)

 

e) Bəyanatda göstərilən müddətlərdə göstərilən konkret bölgələrdən çıxmamış və yaxud çıxmaqdan imtina etmiş hər hansı erməni silahlı qüvvələri, onların hansısa hissələri və yaxud erməni silahlısı təslim olmadığı təqdirdə həmin müddətdən sonra avtomatik şəkildə Azərbaycan ordusunun legitim hərbi hədəfinə çevrilirmi?

 

Bəyanatın 5-ci bəndi

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

Narahatlıq:

a) Sülhməramlı mərkəzin proseslərə təsir etmə mexanizmi necədir?

 

Bəyanatın 6-cı bəndi

Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

 

Narahatlıq:

a) Dəhlizin Azərbaycan-Ermənistan sərhədi kimin nəzarətində olur? Yəni burada sərhədçilər kim olacaq? Gömrük orqanları olacaqmı, və əgər olacaqsa, hansı tərəfin gömrükçüləri olmalıdır? Əgər Azərbaycana aid olacaqlarsa, onda onların Rusiya sülhməramlıları ilə münasibətləri necə tənzimlənəcək və vəzifələri necə bölünəcək?

b) 5 km enliyində olan bir ərazinin “dəhliz” adlandırılması və bununla da sanki kiçik bir zolaq təəssüratı yaradılması kimin maraqlarına xidmət edir? Belə ki, həmin eni Xankəndinə qədər olan məsafənin uzunluğuna vursaq, təqribən 200-250 km2-ə bərabər böyük bir ərazi alınır. Və bu ərazi məhz Azərbaycan torpaqları hesabına nəzərə alınır.

c) Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun (yəni yeni yolun) inşası (yəni maliyyələşdirmə, planlama və sxemlərin tərtib edilməsi və bilavasitə yolun tikilməsi) hansı tərəfin üzərindədir?

- Ermənistan tərəfinin (çünki, bilavasitə o, maraqlıdır);

- Azərbaycan tərəfinin (halbuki, onun hər hansı marağı yoxdur);

- Rusiya tərəfinin (belə ki, razılaşma məhz onun təşəbbüsü ilə baş tutur);

- Hər üç tərəf bərabər pay şəklində iştirak edir.

d) Yeni yolun inşası nəzərdə tutulmuş 3 il müddətinə bitməsə, necə olacaq? Ərazinin geoloji çətinliyi nəzərə alınaraq, bu işlərin neçə il müddətinə kimi uzadılması nəzərdə tutulmuşdur?

 

Bəyanatın 7-ci bəndi

Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

 

Narahatlıq:

a) Bu geri qayıtma bütün tərəflərin məcburi köçkünləri və qaçqınları üçün məcburidirmi?

b) Dağlıq Qarabağın inzibati ərazisinə və ətraf rayonlara geri qayıdan məcburi köçkünlər və qaçqınlar yalnız onlar üçün məxsusi olaraq müəyyən edilmiş yerlərə və yaxud işğala qədər qeydiyyatda olduqları yerlərə qayıtmalıdırlarmı, yoxsa bu adamlar həmin ərazi boyunca yer seçimində azaddırlar?

 

Bəyanatın 8-ci bəndi

Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

 

Narahatlıq:

a) Əgər ermənilər saxlanılan şəxslərin və cəsədlərin mübadiləsindən imtina etsə, bu prosesə hansı təsir mexanizmi nəzərdə tutulmuşdur?

 

Bəyanatın 9-cu bəndi

Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

 

Narahatlıq:

a) Yeni nəqliyyat kommunikasiyasının təhlükəsizliyinə zəmanət verən Ermənistan, dəfələrlə öz təhəddüdlərini azğıncasına pozmuşdur. Rusiya tərəfi isə aşkar surətdə Ermənistana meyilli siyasət həyata keçirir. Belə olan halda, nəqliyyat kommunikasiyasından istifadə edən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi reallıqda necə təmin olunacaq?

 

Göründüyü kimi, narahatlıq doğuran suallar çoxdur. Və bu sualların cavabı, gələcək onilliklər ərzində ölkəmizin inkişaf dinamikasını və istiqamət vektorunu müəyyən edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də