
Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşı olanda rejissor Leo Murun "Gilan qızı" filminə çəkilib. 1928-ci ildə "Sevil" filminin çəkilişi başlayanda Gündüz obrazı Cəfər Cabbarlının tövsiyəsi ilə Lətifə həvalə edilir. Ziyalı, vəzifə sahibi olan atası Bəşirlə anası Maya xanım Lətifin dörd yaşı olanda boşanırlar. Ata onu və balaca qızını keçmiş həyat yoldaşının himayəsində qoyub başqa bir qadınla ailə qurur. 37-ci ildə Lətifin on yeddi yaşı tamam olanda atası xalq düşməni kimi repressiya olunaraq sürgün olunur. Uzun illər bu faciənin əzabı ilə yaşayan Lətifin həsrətinə on səkkiz il sonra son qoyulur. Atası 1955-ci ildə günahsız qurban kimi bəraət alaraq sürgündən qayıdır.

"...Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Müstəqil həyatımı küçədən başladım. Onda yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız isti, amma skamyalar gündüzkü kimi bərk olurdu...".
Atası sürgündən sağ qayıdır. Onların görüşü baş tutur. Bu təsirli səhnə Lətifin xatirələrindən yan keçməyib:
"...Mənə bu yaxınlarda atamı görmək xoşbəxtliyi nəsib oldu. Bədbəxtlikdən o da uzun sürmədi... O, vəfat etdi..."
***
1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna qəbul edilir. Məşhur rus kinorejissoru Qriqori Kozintsevin tələbəsi olur. Moskvada Qriqori Kozintsevin kursunda Eldar Rzyanovla bir oxuyur.

***
Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkir. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...

"Lətif müəllim Türkmənistanda "Leyli və Məcnun"u çəkəndə orda nə isə yeyir və xəstələnir. Bu xəstəliyə isə sümük vərəmi deyirlər. Onda da indiki kimi dərmanlar yox idi. Lətif Səfərov həmişə soyuqdan üşüyən adam kimi titrəyir, üşüyür. Həkimlər isə ona tapşırır ki, uşağa və arvadına yaxın durmasın. Bu səbəbdən otağı ayrı olur. Şövkət xanım onunla bir otaqda qala bilmir. Lətif müəllim də buna görə çox əziyyət çəkir. Bir yandan da film çəkilişlərinə başlayıb, pulunu alıb. Vaxt isə gedir. Bir gün dayanmaq külli miqdarda pul itkisi deməkdir. O, da titrəməsi dayansın deyə gedib içir və tez də filmi çəkirdi. Onda da onun yaxın adamları - kimləri ki, Lətif müəllim adam edib, onun haqqında "Lətif Səfərov film çəkilişi zamanı içkili olur, sərxoşluq edir" kimi fikirlər yazmağa başlayırlar. Sovet dövründə bu dəhşət idi. Lətif müəllimin öz əli ilə yaratdığı ittifaqdan onu çıxarırlar. Onun yerinə Həsən Seyidbəylini qoyurlar. Hansı ki, onu Lətif müəllim Moskvaya oxumağa göndərir. Ona növbəti zərbə isə "Möcüzələr adası" filminin ssenarisini yazıb bitirəndən sonra dəyir. Həmin ssenarini də onun əlindən alıb, xəstəliyini bəhanə gətirib verirlər Həsən Seyidbəyliyə".

***
Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırır, həmin gün sübhdən Şövkət xanıma deyir ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: "Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi..."

