
Layihə sənədində qeyd edilir ki, qarşıdakı illərdə əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq. Ortamüddətli dövr ərzində büdcə gəlirlərinin artırılması nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırlmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial proqramların həyata keçirilməsinə yönəldiləcək.
Sənəddə Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən o da vurğulanır ki, son iki ildə minimum əmək haqqının və büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının artımı nəticəsində əməyin ödənişi xərcləri 2020-ci ildə ÜDM-in 9 faizinə çatıb:
"Bu nisbət Qafqaz və Mərkəzi Asiya regionunda ikinci ən yüksək göstəricidir. Cari xərclərin, ələlxüsus da əmək haqqı xərclərinin dayanıqlı olmayan mənbələr hesabına artımı və əmək məhsuldarlığı ilə uzlaşdırılmaması uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün sınağa çevrilə bilər".