Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Rusiyanın qaba və aqressiv siyasəti post sovet məkanında elə vəziyyət yaradıb ki..."







Avqustun 9-da Belarusda keçiriləcək prezident seçkiləri diqqətimizdən nisbətən kənarda qalsa da onun nəticələrinin post sovet məkana ciddi təsiri danılmazdır. Daha dəqiq desək onların gələcək inkişafları bu seçkilərin nəticələrindən çox asılı olacaq. SSRİ-nin dağılması ilə Qlobal güc statusundan məhrum olan və Varşava Müqaviləsi üzvü Şərqi Avropa ölkələrini itirən Rusiyanın 1994-cü ildə qəbul etdiyi xarici aiyasət konsepsiyasının yaxın xaric termini ilə imperiyanın kənarları anlayışı arasında az fərq  var. Bu konsepsiyaya görə keçmiş sovet respublikaları Rusiyanın nüfuz dairəsi hesab edilirdi. Lakin o zaman Rusiyanın zəif durumu, Qərbdən maliyə asılılığı, prezident Yeltsinin nisbi proqresiv xarakteri və  imperiya ambisiyalarından müəyyən mənada uzaq olması bu konsepsiyanın tam olaraq həyata keçirlməsində müəyyən problemlər yaradırdı. Baxmayaraq ki, onun hakimiyyəti zamanında 1991-1993-cü illərdə Rusiyanın iştirakı ilə Azərbaycan, Gürcüstan və Moldovada separatçı rejimlər yaradılaraq ərazilərinin bir hissəsi işğal olunmuş, Tacikistanda vətəndaş müharibəsi törədilmişdi. 1994-1995-ci illərdə Azərbaycan müharibə apardığı Ermənistanın birbaşa himayədarı Rusiya tərəfindən iqtisadi blokadaya alınması hələ yaddaşlardan silinməyib. Rusiya keçmiş SSRİ ərazisində yaranan yeni dövlətləri  nəzarətdə saxlamaq üçün  münaqişə ocaqları yaradaraq onlara qarşı təzyiq imkanları  əldə etmək yolunu seçdi. 1999-cu ilin avqustundan Baş Nazir təyin olunaraq hakimiyyətə yiyələnən keçmiş DTK əməkdaşı Putin Rusiyada qarışıq durumu və ölkə iqtisadiyatını yüksələn neft qiymətləri sayəsində nisbətən sahmana salandan, ölkədəki federasiya subyektlərinin səlahiyyətləri məhdudlaşdırandan, silahlı qüvvələrin modernləşməsinə  başlayandan sonra imperiya ambisiyalarını ortaya qoymağa başladı. SSRİ-nin dağılmasını “Qlobal fəlakət” adlandıran Putin 2008-ci ildə Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında bu iddiaları açıq  şəkildə səsləndirib, həmin ilin avqustunda Avroatlantik məkana inteqrasiyada qərarlı addımlar atan demokratik Gürcüstana hücum edərək,  Abxaziya və Cənubi Osetiya bölgələrini işğal etdi. Bununla Putin Rusiyaya qonşu dövlətlərdə demokratik proseslərin inkişafı və onların Qərbə inteqrasiyanın əleyhinə olduğunu gizlətməyib, bunu öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirib, müdaxilə etməkdən çəkinmədiyini nümayiş etdirdi. İlk olaraq hədəf taxtasına GÜAM ölkələri çıxarıldı. Azərbaycan, Gürcüstan, Moldovadan sonra növbə Ukraynanın idi. 2004-cü il prezident seçkilərində dəstəklədiyi namizəd Yanukoviçi seçkilərin nəticələri bəlli olmadan təbrik edən Putin, kobud pozuntular səbəbindən keçirilən 3-cü turda onun   məğlubiyətini həzm etməyib, Yuşenko hakimiyyətinə təzyiqlərlə Ukraynanı iqtisadi cəhətdən sıxmağı davam etdirdi. Sonunda  Rusiya 2010-cu ildə öz adamı Yanukoviçi prezident kürsüsündə oturdub onun əli ilə Ukrayna ordusu və digər güc strukturlarını faktiki olaraq dağıtdı. Krımın və Donbasın işğalı zamanı Ukrayna ordusundakı fəlakətli vəziyyət tam olaraq ortaya çıxdı. Krımın işğal planını həyata keçirmək istəyən Rusiya, Avropa İttifaqı ilə müqavilə imzalamağa hazırlaşan Ukraynada  2014-cü ildə siyasi böhran yaradaraq, Maydandakı dinc etiraz mitinqini həm Berkut Xüsusi Təyinatlıları, həm də müxalifətdəki adamları vasitəsilə silahlı toqquşmaya  çevirərək yaranmış xaos və hakimiyət boşluğundan istifadə edib Krımın tamamını, Malorossiya adlandırdığı Donbasın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal etdi. Bu addımla Rusiya ABŞ və Böyük Britaniya ilə birlikdə 1994-cü ildə Nüvə silahlarından imtina edən Ukraynanın təhlükəsizliyinə təminat verən qarantor ölkə öhdəliyini pozdu. Artıq 6 ildir Avropanın ərazicə ən böyük dövləti Ukrayna Rusiya təcavüzü ilə qarşı-qarşıyadır. Rusiya ilk dəfə məhz Ukraynada  “Yaşıl adamlar” adlanan muzdlu, dövlətə bağlı Vaqner tipli hərbi qruplaşmalardan istifadə edərək Hibrid müharibə taktikasını tətbiq etdi (Sonralar bu qruplardan  Suriya və Liviyada istifadə olundu). Ukraynanı ram edə bilməyən Rusiya bütün yollara baş vurmaqda davam edir. Çünki Ukrayna olmadan İmperiyanın bərpasının mümkün olmayacağını bilir. Bu baxımdan Belarus vacib ölkədir. Çünki Rusiya Belarusla İttifaq yaratma məsələsini illərdir müzakirə edir. 26 ildir hakimiyətdə olan və Rusiyanın bütün oyunlarını dəqiqliklə bilən Lukaşenko məsələni zamana yaymaqla Belarusun müstəqil dövlət kimi yaşamasını təmin etməyə çalışır. Son olaraq Putinin Rusiya prezidenti kimi müddəti bitmədən İttifaq dövlətinin yaradılaraq, onun başına keçməsi, Lukaşenkonun isə bu dövlətin Dövlət Dumasının sədri olması təklifinə Belarus tərəfin razılıq verməməsi vəziyyəti gərginləşdirdi. Bundan əlavə Rusiya hərbi qüvvələrinin Belarus ərazisindən  Ukraynanın mühasirəyə alınması planına Lukaşenkonun “Belarusdan qardaş Ukraynaya bir tank yox, bir əsgər belə girməyəcək” deyərək rədd  etməsi Moskvanı daha da qəzəbləndirdi. Putin Belarus seçkilərini pozmaq variantlarını işə salaraq, Rusiyanın adamı olan bir xeyli namizədi ortaya atdı. Məqsəd seçkilərdən sonra etiraz aksiyaları təşkil edərək, silahlı şəxslərin köməyi  ilə çevriliş edib, hakimiyəti istədiyi şəxsə ötürülməsini təmin və Belarusun faktiki işğal edilməsidir. Bu plan həyata keçərsə, Putinin arzuladığı kimi Ukrayna çətin vəziyətə salınmaqla, imperiyanın bərpası üçün əsas əngəllərdən biri aşılırdı. Nəzərdə tutulan planın həyata keçirilməsi üçün ənənvi metoda əl atılaraq Vaqner qrupunun 200 üzvü Belarus ərazisinə yerləşdirildi (xatırlatmaq istəyirəm ki, son Tovuz hadisələrində Rusiya Donbasdakı döyüşlərdə istifadə etdiyi Yaşıl adamlardan 200 nəfəri də Ermənistana göndərmişdi). Belarus üçün qurulan planlardan və baş verənlərdən xəbərdar olan prezident Lukaşenko qətiyətli hərəkətlə qabaqlayıcı addım ataraq bu cinayətkarların 33 nəfərini yaxalayıb Rusiyanın planını böyük ölçüdə pozdu. Dünya və ən önəmlisi qardaş dediyi Belarus xalqı qarşısında rüsvay olan Rusiya sərt ritorikanı yumşaldaraq, məsələni guya Ukrayna xüsusi xidmət orqanlarının təşkil etdiyi haqda yalan məlumatlar yaymağa başladı. Planı ifşa olub, Ukraynadakı ssenarisi baş tutmayan Putin Lukaşenko ilə telefon danışığında   Belarusda seçkilərin sabit şəraitdə keçməsini arzuladığını bildirir. Ukraynalı jurnalist Qordona verdiyi geniş müsahibədə Rusiyadan incikliyi hiss edilən Lukaşenko Rusiyanın maraqlarını anladığını, amma bu metodlarla ona nail olunmayacağına işarə etdi. Əksinə belə hərəkətlərin əks effekt verəcəyini, ölkələrin Rusiyadan uzaqlaşacağını söylədi. Rusiyanın təhdid, şantajı və işğalına məruz qalan ölkələrdən Gürcüstan, Moldova, Ukrayna Avropa, Azərbaycan isə  NATO üzvü qardaş Türkiyə ilə daha sıx inteqrasiya yoluna gedərək təhlükəsizliklərinin beynəlxalq təminat altına alınmasına çalışırlar. Belarus seçkilərində Rusiyanın istəkləri həyata keçməyəcəyi təqdirdə, Baltik dənizindən Qara dənizə qədər ölkələr qrupu bir-biri ilə daha da yaxınlaşaraq, təhlükəsizliklərinin təmini üçün Avropaya inteqrasiyanı sürətləndirib, Rusiyadan tamam uzaqlaşacaq. Ən önəmlisi Rusiyanın qonşuların daxili işlərinə kobud müdaxiləsi həmin ölkələrin vətəndaşlarının anti Rusiya ovqatında köklənməsinə səbəb olacaq.  Bu isə Putinin SSRİ-nin bərpası xəyallarının suya düşməsi demək olacaq.  

P.S. Rusiyanın qaba və aqressiv siyasəti post sovet məkanında elə vəziyyət yaradıb ki, tarixin ironiyası olaraq, normalda avtoritar şəxs hesab etdiyimiz, 26 il hakimiyətdə olan   Lukaşenkonun   yenidən prezident seçilməsini istəyirik.

Oqtay Qasımov, Siyasi analitik

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də