Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Korifey sənətkarlarımız bilsəydilər ki, onların yerini bayağı müğənnilər tutacaq..."






İncəsənət insan ruhunun pərvazlanmasından yaranır. Və ruhumuzu duyğuların ahəngində uyudan incəliyin adıdır musiqi... Könlümüzə yatan, ürəyimizi ovsunlayan musiqini təbiətin min bir səsinin içindən seçib ayırırıq... Musiqi sevgidir, həyatdır, istirahətdir. Bəzən dərdin əlindən qaçıb ürəyimizi söykədiyimiz könül həmdəmi, bəzən də elə dərdimizi danışdığımız dildir musiqi...  
Bir iş görərkən, yaxud, yolda gedərkən, dayanacaqda avtobus gözləyərkən dilimizdən süzülən zümzümələrdir sevdiyimiz musiqilər. “Musiqi zövqü” deyə ayırmadan hamının ömründə melodiyaların öz xatirəsi olduğuna əminəm.  Eşidən kimi qol qaldırıb süzməyimiz gələn, sümüyümüzə düşən musiqilər də var, hüznlənən kimi ahəngində başımızı yelləyib, baxışlarımızın nəmlənməsinə səbəb olan da...
Bəlkə də, insan ruhunun həmdəmi olduğuna görə qocalmır musiqilər... Ruhun yaşı olmur axı... Dünən bir ağsaçlı qocanın parkdakı skamyada oturub “Ötən günlərimi qaytaraydılar” mahnısını zümzümə etdiyini eşitdim. Fərqinə vardım ki, həmin mahnını uzun zamandır televiziyadan eşitmirəm. Heç radioda da tez-tez rastıma çıxdığını xatırlamıram. Dünəndən bəri də fikirləşirəm ki, görəsən, televiziyalarımız bu cür gözəl, əsrarəngiz musiqi nümunələrinə niyə  az yer ayırır? Böyük sənətkarlarımızın möhür vurduğu mahnıları indiki nəsil nə dərəcədə bilir?
Suallarım artdıqca artdı, düşüncəmdə hamısı muncuq kimi bir-birinin ardına düzüldü... Bir də yadıma milli adət-ənənələrimizin şahı sayılan toylar düşdü. “Can-cana”, “Ay canı yanmış”, “Maral”,  “Amma, anan bilməsin”, “Papam icazə vermir”, “A göy dondakı”, “Qarabala” kimi bayağı mahnılara qol qaldırıb oynayanlar üçün “Yallı”, “Qaytağı”, “Qaragöz”, “Qara xal yar” kimi musiqilər yaddı... Və bizim musiqi xəzinəmiz məhz bu yadlıqda nəfəs darlığı çəkməkdədir...
Bunları söyləmək istəməzdim, amma, saatlarla “Harda qırılar, qırılar” kimi şit, bayağı, sözlərində heç bir məna olmayan mahnılara qulaq asanların “Bir könül sındırmışam” kimi möhtəşəmliyə ağız büzməsi mənimçün-bir Azərbaycan qızı üçün ağrıdır...Dərddir...
Bu gedişlə; korifey sənətkarlarımızın müəllifi olduğu musiqi əsərlərini, xalq mahnılarını,  milli rəqslərimizi efirlərdən yığışdıra-yığışdıra nə itirdiyimizin fərqindəyikmi? Mən fərqindəyəm... Çox şey itiririk... Uşaqlığından bu musiqiləri dinləməyənlər, uzağı, on ilə sənətkarlarımızın da adını bilməyəcək. Onlar ancaq öz müasirləri olan, efirdə bir-birinə söyən “müğənnicikləri”, bayağı musiqiləri, ya da amerikan cazını, rep, rok, rnb kimi bizə yad olan janrları öyrənəcəklər. Şəhərə düşüb sorğu keçirsəm, bəlkə Üzeyir Hacıbəyovu tanıyacaqlar, amma, Cövdət Hacıyevi tanımayacaqlar. Fikrət Əmirov  deyəcəyəm, bir-birlərinə baxacaqlar, Qara Qarayev deyəcəyəm, uzağı, metro stansiyasına gedən yolu göstərəcəklər...
Yox, elə bilməyin ki, gəncliyimizin müasir musiqi janrlarını tanımasının, bilməyinin əleyhinəyəm. Əsla! Dövrə inteqrasiya gələcəyə gedən yolun bələdçisidir. Mən də rus, türk, ingilis estradasının nümayəndələrini sevərək dinləyirəm. Amma, Gəncə üçün darıxanda Rəşid Behbudovun “Lalələr”ini dinləməsəm olmaz...
Bu yaxında bir taksiyə mindim, yol boyu gördüm ki, sürücü radio dalğalarında nəsə axtarır. Bir kanaldan digərinə çevirir, axtardığını tapmır, əsəbiləşir, daha bir kanala çevirir. Qəflətən üzünü mənə tutub dedi:
-Xanım, üzr istəyirəm, ədəbsizlik olmasın. Bir söz soruşmaq istəyirəm. Siz jurnalistsiniz?
Ona yazar, jurnalist olduğumu dedim. Sürücünün dərdi açıldı... Qayıtdı ki:
-Xanım, görürsünüz də, səhərdən radioda bir əməlli mahnı tapammıram. Hansını açıram, gah xarici mahnılar, gah da şit, bayağı musiqilər... Başa düşə bilmirəm, yəni, yerdən qalxan gənclərimiz bunumu dinləyir bütün günü? Yəni, bu qədərmi cılızlaşıb, bayağılaşıb insanlar? Bayaqdan elə istəyirəm, bir korifey sənətkarımızın ifasında qəşəng mahnı eşidəm. Elə bil, qulaqlarım acıb o mahnılara, o səslərə. Bütün günü yollardayam, bu radioya möhtacam. Bu da ki belə... Bayağı mahnılar dinləməkdən qulaqlarım yağır olub. Musiqini sevirəm. “Evlərinin dalı yonca” oxunanda ürəyim atlanır. Bir məni başa salın görüm, niyə radiolar tarixə yazılmış mahnılarımızdan vermir? O mahnılar, o ifalar unudulub yəni? Unutmaq olar ki?! Müslüm Maqomayevin, Üzeyir Hacıbəyovun, Mirzə Babayevin, Şövkət Ələkbərovun, Rəşid Behbudovun, Oqtay Ağayevin adını bilməyənlər bütün günü  özlərinə “pişik”, “əjdaha”, “dovşan”, “kərtənkələ” deyən əldəqayırma müğənniciklərdən danışır. Özü də nədən? “Əjdaha”nın soyuducusu doludu, “pişik” təzə don alıb, “kərtənkələ”nin saçı sarı rəngdəydi. Bunun səbəbi nədir? Günahı kimdə axtaraq?
Yurdumun insanının ürəyindəki yanğı məni də göynətdi. Dedim:
-Dayı, mən bu suala yazar, jurnalist kimi yox, sıravi bir vətəndaş kimi cavab verəcəyəm. Hamı “avropalaşaq” deyir, radio və televiziyalarımız da avropalaşmağa can atır. Baxırsan, ingilis, rus, fransız dilini bilmir, amma, “qonşudan qalma dala” prinsipiylə bütün günü o dillərdə mahnılara qulaq asır. Radiolar da reytinq xətrinə “hit” deyilən mahnıları verir. Rihanna, Şakira, Jenifer Lopez, Tarkan, Hadisə kimi məhşurlara qulaq asmaq ruh məsələsi deyil, dəbdir. Təbii ki, yeniyetmə, beyni qan bir uşaq da dəblə ayaqlaşmaq istəyir. Bunun da günahı, birinci növbədə, valideynlərdədir. Onlar, uşaqlıqdan uşaqlarına milli musiqimizi tanıtmır. Televiziyalarda ancaq xarici seriallara baxan bir ana uşağına “Bura Vətəndir” mahnısını anlatmağa vaxt tapmır. Bax, məsələnin kökü bundadır. Onlar uşaqlarına anlatmır ki, bizi biz edən milli-mənəvi dəyərlərimizdir. Bizim ruhumuzdakı aclığı Rihannanın, Şakiranın oxuduğu mahnılar doyurmur.
Sürücü başını razılıqla tərpədib dərindən köks ötürdü və dedi:
-Sözünüzə qüvvət, bizə elə bizim musiqilər qalacaq. O birilər gəldi-gedərdi...Barı, indi, siz bir dalğa deyə bilərsinizmi, bizim mahnılardan tapaq, dinləyək?
Dayıya yenə İctimai Radio, Xəzər FM, 106.3 FM-i nümunə çəkdim. Heç olmasa, bu radiolarda az-çox milli musiqilərimiz səslənir. Deyəsən, nümunələrim ağlına batdı.  Siması işıqlandı, səsinin tonundakı bədbinlik yoxa çıxdı. Dedi:
-Allah korifey sənətkarlarımıza rəhmət eləsin! Yəqin, indi məzarda ruhları göynəyir... Onlar bilsəydilər ki, bu tezliklə unudulacaqlar, heç vaxt əziyyət çəkib əllərinə mikrofon alıb oxumazdılar. Heyf o məlahətli səslərdən, unudulmaz ifalardan. Onlar oxudular ki, unudulsunlar?! Təəssüf!
Susdum... Sürücü dayı o qədər haqlıydı ki! Bir də mənzil başına çatanda dilləndim:
-Dayı, korifey sənətkarlarımızın unudulmağının günahı da bizdədir...Əgər biz hamımız bir azərbaycanlı kimi onların qoyub getdikləri irsi qorumağa çalışsaq, unutdurmasaq, onlar da unudulmazlar.
Həmin gün uzun müddət sürücünün sözləri beynimdə səsləndi: “Onlar bilsəydilər ki, bu tezliklə unudulacaqlar, heç vaxt əziyyət çəkib əllərinə mikrofon alıb oxumazdılar”... Doğru deyirdi... Əgər onlar bilsəydilər... Korifey sənətkarlarımız bilsəydilər ki, onların yerini bayağı müğənnilər tutacaq, əziyyət çəkib musiqi tarixinə düşməzdilər... Sonra da daxilimdə bir səs üsyana qalxır: “Bilsəydilər də oxuyardılar...Bilsəydilər ki, unudulucaqlar, yenə milli  musiqimizi yaşatmağa çalışardılar! Ürəklərindəki yanğı onları tərəddüd etməyə qoymazdı!”
...Adlarını fəxrlə çəkdiyimiz sənətkarlarımızın adını bilməyən,  yaratdıqlarından xəbərləri olmayan, mahnılarına ağız büzən bir nəsil yetişir. Bu gün mənfur qonşularımız ermənilər dünyaya “Sarı gəlin”in onların milli musiqisi olduğunu deyir. Kim zəmanət verə bilər ki, bizim unutduqlarımızı sabah onlar öz adlarına çıxmayacaq?

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də