Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Savaşda qələbəni təmin edən əsas faktor gözlənilməzlikdir, buna diqqət yetirməliyik”






“Müharibənin də özünə uyğun qayda və qanunları var. Bunun ən birinci vacib qaydalarından biri gizlilik və gözlənilməzlikdir”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nürəddin Mehdixanlı deyib. O, hərbi sirləri yaymamaq üçün insanlara çağırış edib:

“Bir var virtual aləmdə savaş, bu ayrı bir savaşdır, klaviatura arxasında əyləşib kimin intellekti, dünyagörüşü hansı səviyyədədirsə, o şəkildə savaş apara bilir. Bu savaş uğurlu da, uğrussuz da ola bilər, amma vacib savaşdır. Amma bir də var real həyatda savaş, qarşıda düşmən var, iki güc qarşı-qarşıyadır, bunlar savaşa hazırlaşırlar və yaxud savaş halındadırlar. Müharibənin də özünə uyğun qayda və qanunları var. Bunun ən birinci vacib qaydalarından biri gizlilik və gözlənilməzlikdir. Bura bir çox faktorlar daxildir və mən bunu saymaq fikrində deyiləm. Əgər biz bu gün Ermənistanla savaş halındayıqsa, onların xüsusi xidmət orqanları bizə qarşı, bizimkilər də onlara qarşı işləyir. Burda düşmənin hərbi obyektlərini, canlı qüvvəsini toplaşdığı yerlərini, müdafiə xətlərini, istehkamlarının yerini  müəyyən etmək üçün çalışılır ki, lazım olan məqamda ora zərbə endirilsin. Hansı tərəf müharibə və savaş qaydalarına uyğun  olaraq buna özünü hazırlaya bilirsə, o daha az itki verir və istədiyi hədəfinə, məqsədinə çatır. Amma əgər bu günləri Azərbaycan Respublikasında müxtəlif istiqamətdə hərəkətdə olan texnikanı, canlı qüvvələrinin hərəkət istiqamətini videolara çəkib sosial şəbəkələrdə yayırlarsa, gizlilik prinsipi pozulursa, bunun adı nədir? Başa düşürəm bunu bilərəkdən edənlər var və bunlar düşmən tərəfə işləyən güclərdir. Amma bir də var bunu bilməyərəkdən edənlər var və bunlar da bunu görən, sevinən, sevincini paylaşmaq istəyən insanlarımızıdır. Onları başa düşürük, amma onlar da bir şeyi başa düşməlidirlər ki, bu uşaq vaxtı oynadığımız dava-dava oyunu yox, real davadır və belə bir məqamda hərbi sirri yaymaq olmaz. Bu gün içimizdə də düşmənlər var, onlar da işləyirlər və lazım olan informasiyanı toplayırlar. Düşmənə bu imkanı vermək olmaz. Az qala texnikanın sayına, nömrəsinə qədər çəkib göstərirlər. Bunu qətiyyən etmək olmaz. Əgər biz doğrudan da bu savaşda qalib olmaq istəyiriksə, hər kəs əsgər olmalıdır. Yəni düşmənin əlinə fürsət verməməlidir, təxribata uymamalıdırlar. İndi müharibə şəraitidir və hər bir azərbaycanlı kəşfiyyatçı, sirr qoruyan olmalıdır, əsgər kimi davranmalıdır. Ona görə də sosial şəbəkələrdə bəzi şeyləri görəndə məcbur qalıb yazdım ki, bunu etmək olmaz. Axı biz deyirik ki, şəhidlərimizin qisasını alaq, torpaqlarımızı azad edək, bunun yolu da ondan keçir ki, düşmənə harda, nə vaxt, necə hansı qüvvələrlə zərbə vuracaqsan. Bütün bunlar son ana qədər gizli saxlanmalıdır. 

Bütün məqamlarda bu işi görəcək güc Azərbaycanın ordusu və müvafiq qurumlarıdır. Amma xalq mənəvi dəstək verməlidir. Ordu hiss edəndə ki, onun arxasında xalqı dayanıb, əslində hər bir əsgərin salamat qalmasının şərtlərindən biri də həm də bu gizlilikdir. Daha az itkilər verməyin, hədəfə çatmağın yolu burdan keçir. Savaşda qələbəni təmin edən ən mühüm faktor gözlənilməzlikdir. Biz buna diqqət yetirməliyik. İnanıram ki, hər bir azərbaycanlı istəyir ki, Qarabağ azad olsunsun, kimsənin burnu qanamasın, hərbi texnikamız böyük uğurlar qazansın. Bunun da bir yolu var və o da bir olmaq, bir-birini qorumaqdır. Biz bununla daha çox şeylərə nail ola bilərik. İnanıram ki, mənim çağırışlarımı başa düşəcəklər. Müdafiə Nazirliyi, ayrı-ayrı qurumlar, ziyalılar, hərbçilərimiz çağırışlar edir. Allah xatirinə, əsgərimizin salamat  qalması, şəhidlərimizin ruhu  xatirinə bunu etməyək. Hərbi sirlərimizin qorunmasına hər bir azərbaycanlı namusunun, şərəfinin qorunması kimi yanaşmalıdır, mən bunu istəyirəm”.

Xalq artisti fəxri adlarla bağlı məsələyə də münasibət bildirməyi vacib bilib:

“Bildiyiniz kimi mətbuatda və sosial şəbəkələrdə Mədəniyyət nazirinin müavini və vəzifəsini icra edən Anar Kərimovun fəxri adlarla bağlı açıqlaması müzakirələrə səbəb olub. Bununla bağlı bizim ziyalılarımız fikirlərini bildiriblər. Deyirlər ki, gizli komissiya yaradılacaq və onlar fəxri ad məsələsiylə məşğul olacaqlar. Hətta bəziləri mahiyyətinə varmadan bunu bəyənib. Mən şəxsən başqa cür düşünürəm. Keçmişdə bu çox gözəl ənənə idi, hər bir teatrın Bədii Şurası var idi. O Bədii Şuranın üzvləri təbii ki, incəsənət xadimlərindən təşkil olunurdu. Təxminən 15 nəfər üzv olurdu. Teatrın bu sayaq problemlərini həmin Bədii Şura müzakirə edirdi. Eyni zamanda, həmin Bədii Şura ildə bir dəfə teatrda xidməti olan müəyyən insanların fəxri adlara təqdim olunması məsələsiylə məşğul olurdu. Çünki teatrın içindəkilərdən kimsə yaxşı bilə bilməz ki, kim nəyə layiqdir. Bütün bunlar müzakirə olunurdu və həmin aktyorun fəxri ada təqdim olunmasının vaxtı çatdığını müəyyən edirdilər. Onun sənədləri hazırlanıb Mədəniyyət Naziliyinə göndərilirdi. Bu həm teatrın özünün nüfuzunun qaldırılmasına kömək edirdi, həm də teatrın içində olan yaradıcı adamların məsuliyyətini artırırdı ki, başqa qapılara getməsinlər. Demək istəyirdi ki, sənin haqqını verəcək yer buradır, harda çalışırsan burda səni daha yaxşı tanıyırlar. Ən ədalətli veriləcək qərar sənin çalışdığın kollektivdə ola bilər. Mən bunun tərəfdarıyam. Mənə belə gəlir ki, nazirlikdə belə bir komissiyanın yaradılmasına ehtiyac yoxdur. Onların üzvləri kimlər olacaq, onlar sonra buna nə qədər ədalətli olacaqlar? Gəlin real düşünək. Əgər biz açıq-aşkar hər kəsin haqqının verilməsini istəyiriksə, onun yolu burdan keçir”. 


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də