Birləşmiş Millətlər Təşkilatı özünün 75-ci ildönümünü qeyd edir. 1945-ci ilin oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatının (BMT) yaranması haqqında qanun qüvvəyə minib. Bu qanun Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Çin, Fransa və digər dövlətlər tərəfindən imzalanıb. 1971-ci ildə BMT-nin Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
Ölkə başçısı İlham Əliyevin BMT-nin 75-ci ildönümünü ilə əlaqədar çıxışını Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova vurğulayıb ki, Azərbaycan 1992-ci il martın 2-də BMT-yə üzv seçildikdən sonra bu əlamətdar günü qeyd edir.
Könül İsmayılova Prezident İlham Əliyevin BMT-nin 75 illiyi ilə bağlı çıxışına diqqət çəkərək, həqiqətən də BMT-nin gücləndirilməsinə və islahata ehtiyac duyulduğunu bildirib:
“Prezidentimiz çox gözəl qeyd etdi ki, - “Yaranmasının 75-ci ildönümündə Azərbaycan BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”. Hesab edirəm ki, cənab Prezidentin bu çağırışı lazımi dairələrin diqqətindən yayınmayıb”.
MMP sədr müavini təəssüflə vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edilsə də, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir:
“Prezidentimizin Ermənistanın işğalçı siyasəti haqqında söylədiyi fikirlər faktdır və ola bilməz ki, dünya ölkələri bu faktı görmür. Ölkə başçısının da dediyi kimi, Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, Ermənistan Xocalı soyqırımını törədib, 10-dan çox ölkə Xocalı soyqırımını tanıyıb. Üstəlik, Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir, xalqımıza məxsus tarixi və dini abidələri məhv edib və etməkdədir”.
Xanım siyasətçi Azərbaycan Prezidentinin sözünün qüvvəti olaraq vurğuladı ki, bu gün Ermənistan mülki əhalini hədəf seçib:
“Son hadisələr bir daha göstərir ki, mənfur düşmənlərimiz Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini qəsdən hədəf alır və təxribatlar törədir. Azərbaycanın Tovuz rayonunun artilleriya atəşinə məruz qalması nəticəsində hərbçilərimiz və bir mülki şəxsimiz öldürüldü, mülki infrastruktura ciddi zərər vuruldu. Cənab Prezident çıxışında vurğulayıb ki, Ermənistan sülh prosesində iştirak etmir. O bildirir: “Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. O, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir.” Görünür, Azərbaycan Prezidentinin həmin yeddi şərti rədd etməsi bədxah qonşularımızın sonuncu ümidlərini də puç edib. Bu gün isə Ermənistan tərəfin müharibəyə hazırlığı diqqəti çəkməkdədir. Ölkə başçımızın da dediyi kimi, - “Bu, Ermənistan rəhbərliyinin yeni təcavüzkar niyyətini açıq şəkildə nümayiş etdirir. Ermənistanın müdafiə naziri Azərbaycanı “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları ilə hədələyir”. Qısası, düşmən öz çirkin niyyətindən əl çəkmək istəmir. Buna baxmayaraq, Prezidentimiz də öz fikrində qalır, bildirir ki, - “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”. Amma hər şeyin bir sonu var və Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır. Bilməlidir ki, Azərbaycanın güclü Ordusu və vətənpərvər xalqı heç bir müharibə təhdidindən çəkinmir”. (Versus.Az)