Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Qapıya yazsınlar ki, “şortiklə girmək qadağandır!”” - Şortik qalmaqalına REAKSİYA






Texnobloger Fərid Pərdəşünasın Facebook-da yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda əynindəki şortik səbəbilə içəri  buraxılmayıb:

“Polis qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin yazılmadığını vurğulayanda, bildirdilər ki, “bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu, ictimai asayişin pozulmasıdır". İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə, qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim”. 

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur. Onun sözlərinə görə, milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbulolunmazdır:

“Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbulolunmaz formada geyinib imtahana gəlməsi uyğun deyil. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”. 

Maraqlıdır ki, illərdir ədəb-ərkanla “prava” alveri edən və bunu daim rəsmən təkzib edən bir qurum, kişinin şortik geyinməyini ədəbsizlik kimi qiymətləndirir... 

Milli Məclisin İnsan hüquqları komitəsinin deputatı Tahir Kərimli məsələ ilə bağlı Modern.az-a bildirib ki, Azərbaycan adətləri hüququn əsas mənbələrindən biridir: 

“Məhz adətlərə istinad edərək, digər ölkələrdə də - Çində, Yaponiyada, Avropada, Amerikada, Orta Asiyada qanunlar qəbul olunur. O cümlədən, Azərbaycanda da bu cür adətlərə söykənərək, qadın və kişilərə fərqli münasibətlər göstərilir. Bu, sevetdənqalma dünyəviliyin bir adətinə çevirilib, yəni qadın istədiyi kimi geyinə bilər, ona heç kim irad bildirə bilməz. Amma kişiyə gələndə deyilir, “adətlərə zidd geyinirsən”.

Ona görə bu məsələnin qanuni aspektləri yoxdur. Hər bir təhsil müəssisəsinin geyim forması ola bilər, deyilə bilər ki, qadınlar mini geyinməsin, kişilər şortik geyinməsin və s. “Kişilər şortik geyinsin-geyinməsin” artıq illərdir müzakirə olunur. Yadımdadır ki, hələ 15 il əvvəl məhz bu mövzu ilə bağlı müsahibə vermişdim. O vaxt demişdim ki, qadınlar maykada gəzə bilər, amma kişlər gəzəndə birtəhər baxırlar. Niyə? İki səhifəlik müsahibəmdə bu məsələləri geniş şərh etmişdim. Amma üstündən 15 il keçib, hələ də eyni şeydən danışırıq. Ümumiyyətlə, qafqazlı olmağımızdan, türk olmağımızdan, milli mentalitetimizdən, dinimizdən asılı olaraq, istər qadın, istər kişi abırlı geyinməlidir. Bu, illərdir formalaşan ənənədir. Nə çadra geyinmək lazımdır, nə də çox açıq”.

Deputat deyib ki, eyni situsiyada qadın və kişinin geyiminə fərq qoymaq qanunaziddir:

“Azərbaycanda çox nadir yerlərdə daxili geyim normaları tətbiq edilir. Sözügedən yerdə isə geyimlə bağlı qanuni yanaşma yoxdur. Bu müəssisə rəhbərinin şəxsi mülahizəsindən asılıdır, nədən xoşu gəlir, nədən xoşu gəlmir. Çünki bizdə geyimlə bağlı konkret qaydalar yoxdur”.

Sürücülük vəsiqəsi ilə bağlı rüşvət məsləsinə gəldikdə, hüquqşünas deyib ki, qanunda rüşvətalmaya görə maddə var və bu, cinayət əməlidir:

“Amma şortik geyinmək heç inzibati pozuntu belə deyil, nəinki qanun pozuntusu. Bu situasiyada qadın və kişi fərqi qoyularaq, şortik geyinən bəyin imtahan keçirilən inzibati binaya daxil olmasının qarşısının alınmasının özü qanun pozuntusudur. Burada kişi və qadına eyni cür münasibət göstərilsəydi, yenə də başa düşmək olardı. Bu, ədaləti və düzgün yanama deyil, nə qanuna sığır, nə menatlitetə”. 

Hər zaman qadınların müdafiəsilə məşğul olan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova da insanlara cinsə görə fərq qoyulmasına qarşı çıxıb:

“Şortik sərbəst geyim formasıdır. Bu, dövlət səviyyəsində tədbir deyil ki, şortik qadağası tətbiq edilsin. Əgər bu tələb hamıya şamil olunarsa, başadüşələn olar. Amma cins ayırımı edilirsə, anlaşılmır. Görünür həmin vaxt hansısa qadın bu kişinin geyiminə reaksiya verib və həmin rəis xanımlara hörmət əlaməti olaraq, bu addımı atıb”. 

Hüquq müdafiəçisi deyib ki, azərbaycanlı kişilərin böyük əksəriyyətinin şortik kompleksi var:

“Amma 90 faizi xaricə çıxan kimi bu kompleksdən qurtulur. Hətta bunların sırasında dövlət rəsmiləri də var. Onda belə çıxır onlar milli metaliteti pozurlar? Təbii ki, dövlət qurumlarında tələblər var. Amma baxmaq lazımdır ki, bu tələb hamıyamı şamil edilib. Əgər hamıya şamil edilirsə, qapıya yazsınlar ki, “ŞORTİKLƏ GİRMƏK QADAĞANDIR!”.
Həm də ola bilər şortik standartdan çox qısa olub, mən görməmişəm. Tanıqıdlarımdan biri elə şortik geyinmişdi, elə bil alt paltarı idi. Ona görə görmədiyimlə bağlı fikir bildirə bilmirəm”.

M.Zeynalova deyib ki, bu, hamıya şamil edilməyibsə, qanun pozuntusudur:

“Yaxşı olar ki, vətəndaş bunu sosial şəbəkədə ictimailəşdirməkdənsə, məhkəməyə müraciət etsin. Artıq bu ənənəni formalaşdırmalıyıq. Şəxs məhkəməyə müraciət etməyibsə, düşnürəm ki, bu, müzakirə predmeti deyil”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də