Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına çağırış...

Əbdüs Salam və Aziz Sancardan müsəlman dünyasına çağırış...


Müsəlman dünyasında təbiət elmləri sahəsində ilk Nobel mükafatına layiq görülmüş (1979-cu ildə) Əbdüs Salam “İdeallar və gerçəkliklər” kitabında yazır: “Orta əsrlərdə elmin ağırlıq mərkəzi İslam dünyasında idi…. Tarix səhifələrini vərəqləyib, görəsən, təzədən elmdə liderliyə nail ola bilərikmi?..Gənclərimiz bunu özlərinə məqsəd kimi qarşıya qoymalıdırlar”.

Böyük fizik bu məşhur əsərində göstərir ki, Quranın yeddi yüz əlli ayəsi – təxminən səkkizdə biri –inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıllarını ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə etməni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gətirməyə sövq edir.

“1980-ci ildə Dünya Bankı tərəfindən nəşr olunmuş və təhsil alanların əhalinin içində faizini göstərən statistik göstəricilərə baxsaq görərik ki, İslam ölkələri nəinki inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrin orta səviyyəsinə çatmaq üçün xeyli yol qət etməlidir. İslam ölkələrində təbiət elmləri və humanitar elmlər sahələrində təhsil alan tələbələrin sayı haqqında dəqiq və etibarlı mənbələr olmadan qəti qərar vermək çətindir. Təəssüf ki, mənim müşahidələrimə görə, humanitar elmlərə nisbətən təbiət elmlərində vəziyyət daha acınacaqlıdır. İnkişaf etmiş ölkələrin normalarına əsasən, orta hesabla 1/4 və 1/3 arasında dəyişən sayda təbiət elmlərində təhsil alan - üstəlik, çox aşağı səviyyədə tələbəmiz var. Beləcə, çox az sayda müsəlman dəqiq elmləri öyrənir. Bizim işimiz tələbələrimizi məktəbdə daha çox dəqiq və texniki elmləri öyrənməyə sövq və təşviq etməkdən ibarət olmalıdır. Buna nail olmaq üçün məktəblərdə dəqiq elmlərin tədrisinə daha çox üstünlük verməliyik. Yüksək səviyyəli müəllimlərə və keyfiyyətli tədris ləvazimatlarına ehtiyac var. Və bəlkə də, ən əsası gənc tələbələr və şagirdlər arasında qabiliyyətli və istedadlı olanların itib-batmaması üçün onların təşviq edilməsi vacibdir. Sırf maddi çətinliklər üzündən belə itkilər çox tez-tez baş verir. Ailələr elmdə karyera sahibi olmaq üçün uzun illərin lazımi xərclərini ödəyə bilmirlər.”

Əbdüs Salamdan 41 il sonra 2015-ci ildə “DNA təmiri sahəsində araşdırmalarına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüş Aziz Sancar da analoji çağırışları edir:

“Elmlə məşğul olmaq, elm mədəniyyətini inkişaf etdirmək, bir növ, ənənə olmalıdır. Bunu Türkiyədə inkişaf etdirmək lazımdır. Yəhudi qardaşlarımız dünya əhalisinin 2%-ni təşkil edir, ancaq Nobel mükafatlarının 20%-ni qazanıblar. Onlar digər insanlardan daha üstün zəkaya sahibdirlərmi? Xeyr. Onların mədəniyyətində elmə, təhsilə əhəmiyyət verilir”. Yenə də klassik sual ortaya çıxır: bəs nə etməli? Sancara görə, övladlarımıza uşaq vaxtından elm sevgisi və mədəniyyəti aşılamağa başlamaq lazımdır:

“Uşaqlarımıza elmi sevdirmək lazımdır. Uşaqlarımızı fizika, kimya, biologiya və texnologiya sahələrinə təşviq etmək lazımdır. Çox gənc yaşlarında onlarda sınaq keçirmək vərdişi yaratmalıyıq. Sınaq keçirməyə vərdiş edən insan düşünəcək və bu, vərdiş halını alacaq. Bunu bir ənənə halına gətirməliyik. Hər şeyi dövlətdən gözləməməliyik. Bunun məsuliyyəti mühüm dərəcədə də valideynlərin üzərinə düşür. Müəllimlər dünyanın hər tərəfində az təqdir edilir. Amerikada da, Avropada da, burada da belədir. Təəssüf ki, dünyanın hər tərəfində müəllimlər təqdir edilmir. Bu bizə məxsus bir cəhət deyil. Onlar uşaqlarımızı, sabahın insanlarını yetişdirən şəxslərdir. Onlara daha çox dəyər vermək lazımdır. Dünyaya təkrar gəlsəm, müəllim olmaq istərdim. Çünki gələcəyi onlar qurur, onlar yaradır. Məncə, müəllimlərin həkimlər qədər maaş almaq haqqı var”.

İstanbul Aydın Universiteti Elm və Texnologiya Mərkəzinin açılışında çıxış edən böyük alimin bu fikirlərinə diqqət yetirək:

“Hər universiteti ziyarət edərkən deyirəm: Türkiyənin inkişafı, Avropa və Amerika ilə eyni səviyyədə olması üçün fundamental elmə əhəmiyyət verməli, fundamental elmdə insan yetişdirməliyik. Texnologiya, təbii ki, çox vacibdir, texnologiyanın təməlində fundamental elm dayanır. Burada bir sıra müasir cihaz gördüm, bunların üzərində xarici ölkələrin markası var. İnşallah, bu məhsulları biz istehsal edərik. Fundamental elmdən ən son dərmanları istehsal etməyə, avtomobillər istehsal etməyə, təyyarələr yaratmağa qədər bütün mərhələdə öz məhsulumuz olar. Bunu bacardığımız vaxt özümüzü Avropa və Amerika səviyyəsində hesab edə bilərik. Yoxsa biz xaricdən material, maşın idxal edib burada Avropa və Amerika ilə yarışa bilmərik. Bunu təkrar edirəm, biz mütləq bunları istehsal etməliyik. Yoxsa xaricdən asılı vəziyyətdə qalarıq. Bu bizim sürətimizi yavaşladır. 2023 düşüncəmiz var. Respublikanın 100-cü ilində bizim Atatürkə, atalarımıza borcumuz var. Biz Avropa və Amerika səviyyəsində olmalıyıq, bu bizim namus borcumuzdur, vəfa borcumuzdur”.

Etibar Əliyev, fəlsəfə doktoru millət vəkili

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də