Baş Assambleyaya sədrliyin Türkiyə və Azərbaycan üçün xüsusi əhəmiyyəti var
Sentyabrın 15-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyası öz işinə başlayıb. İllik ümumi müzakirələr isə sentyabrın 22-də start götürəcək. Pandemiya səbəbindən ölkə liderləri, istisna hal kimi, bu il çıxışlarını video formatında göndərə biləcəklər. Konfrans zalından hər nümayəndə heyətindən bir nəfər olacaq.
Dövlət başçılarının çıxışları konfrans iştirakçılarının siyahısı və prosedur qaydalarına uyğun olaraq, bir-birinin ardınca konfrans zalında yayımlanacaq. İlkin siyahıya əsasən, ümumi debatların ilk günündə - sentyabrın 22-də ABŞ, Çin, Fransa, Rusiya, İran və s. ölkələrin liderləri çıxış edəcəklər. Azərbaycan prezidenti İlham Əliyevin çıxışı isə sentyabrın 24-də yayımlanacaq. 75-ci sessiyanın gündəliyində COVİD-19 pandemiyasından əlavə, bir sıra digər önəmli məsələlər də yer alıb. Bu məsələlər arasında ölkəmiz üçün ən önəmli olan “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı ənənəvi bənd də var.
Bu sessiyanın həm Türkiyə, həm də Azərbaycan üçün xüsusi özəlliyi də var. Çünki sessiya ərəfəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən türk diplomat Volkan Bozkır vəzifəsinin icrasına başlayıb. Qardaş ölkənin diplomatı BMT-nin mərkəzi qərargahında keçirilən mərasimdə 74-cü sessiyanın sədri Tijjan Məhəmməd Banddan vəzifəni təhvil alıb.
Xatırladaq ki, iyun ayında Baş Məclisdə 178 ölkənin dəstəyi ilə Türkiyədən BMT-nin Baş Məclisinin 75-ci sessiyasının sədri seçilən ilk türk diplomat Volkan Bozkır 2021-ci ilin sentyabr ayına qədər bu vəzifəni davam etdirəcək.
Ekspertlər Türkiyə nümayəndəsinin 178 səslə seçilməsini qardaş ölkənin diplomatiyasının uğurlu fəaliyyətinin və Türkiyənin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsi kimi qiymələndirirlər.
Tofiq Zülfüqarov
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müüsavat”a bildirdi ki, sədrlik bir il müddəti nəzərdə tutur və növbəlilik əsasında bir il sonra başqa hansısa ölkənin diplomatı seçilir. 75-ci yubiley sessiyasına Türkiyə nümayəndəsinin seçilmək üçün yetərli dəstək qazanmasının özü bir uğurdur. Türkiyə üçün bu baxımdan əhəmiyyətlidir. Türkiyənin uğurunun Azərbaycanın da maraqlarına cavab verdiyini nəzərə alsaq, bu hadisənin Azərbaycan üçün də uğurlu və müəyyən əhəmiyyətli hadisə olduğunu söyləmək mümkündür: “İclaslar dövründə isə Azərbaycan və Türkyə üçün protokol çərçivəsində müəyyən əhəmiyyəti ola bilər. Amma ciddi şəkildə proseslərə böyük ölçüdə təsir edən məsələ deyil. Təbii, hər bir ölkə istəyir ki, onun nümayəndəsi bu və ya digər müddətdə BMT-nin Baş Məclisinə sədrlik eləsin. Ölkənin adının dünya mediasında bu amilə görə müəyyən dövrdə hallanması baxımından da bunu istəyirlər, əhəmiyyətli hesab edirlər. Lakin onu da nəzərə almaq lazımdır ki, iclaslarda sədr xüsusi olaraq hansısa ölkəyə tərəfkeşlik edə bilməz. Əslində tərəf tutmağa yer də yoxdur. Ölkə olaraq protokol qaydasında çıxışa yazılırsan və bunun əsasında sədr çıxışa yazılan ölkənin nümayəndəsinə çıxış üçün söz verir. Dövlət olaraq Türkiyə orada iştirak edib təmsilçisi qismində çıxış edir və Azərbaycanın mövqeyini müdafiə edir. Yəni bunun özü dəstəkdir”.
Politoloq Elçin Mirzəbəyli də bildirdi ki, BMT Baş Assambleyasının sədrləri Təhlükəsizlik Şurasının daimi üzvləri istisna olmaqla, digər üzv dövlətlərin nümayəndələri arasından 1 il müddətinə seçilir. Baş Assambleyanın sədrinin fəaliyyət çərçivəsinə plenar iclasların açılması və bağlanması, Baş Assambleyanın işinə rəhbərlik və iclaslarda nizam-intizamın, qaydaların qorunması daxildir: “Bu vəzifə nümayəndəsi BMT Baş Assambleyasına rəhbərlik edən dövlətə hər hansı xüsusi bir üstünlük vermir. Amma bütün hallarda qardaş Türkiyənin təmsilçisinin BMT Baş Assambleyasına sədrlik etməsi müsbət haldır və Türkiyənin beynəlxalq aləmdə artmaqda olan nüfuzunu ifadə edir”.