Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Xalqın sevgisi əsl sənətkar üçün ən böyük təltifdir”



Ayaz İmranov: “Bu, elə bir sərvətdir ki, onu heç nə ilə satın almaq mümkün deyil”


Sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

 

Görkəmli tarzən Ayaz İmranovla söhbətimizdə ölkəmizdə milli musiqimizin mövcud durumunu müzakirə etməyə çalışdıq.

 

-Ayaz bəy, bu gün 18 sentyabr Milli Musiqi Günüdür. Öncə bu gün və onun əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

 

-18 sentyabr görkəmli bəstəkar, musiqişünas-alim Üzeyir Hacıbəyovun doğum günüdür. Üzeyir Hacıbəyovun həm böyük musiqiçi, həm də nəhəng mütəfəkkir kimi necə zəngin bir dühaya sahib olduğunu anlamaq üçün onun müsəlman şərqində ilk opera müəllifi olduğunu yada salmaq,  habelə Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin məhz ona məxsus olduğunu xatırlatmaq kifayətdir. Üzeyir Hacıbəyov qeyri-adi istedadı ilə milli musiqimizdə elə bir məktəb formalaşdırıb ki, bu məktəbdən bütün dünya bu gün də faydalanmaqda, onun musiqi qüdrəti qarşısında heyrətlənməkdədir. Bu baxımdan 18 sentyabr tarixinin ölkəmizdə Milli Musiqi Günü kimi qeyd edilməsi Üzeyir bəyin ölməz xatirəsinə sonsuz ehtiram əlaməti kimi olduqca vacibdir. Bu tarixi gün musiqimizin bugünkü inkişafına görə kimə borclu olduğumuzu, onun necə böyük sütunlar üzərində qərarlaşdığını yada salmaq baxımından da önəmlidir.

 

-Ayaz bəy, sovet dönəmində milli musiqi alətlərimizə, xüsusilə də tara birmənalı münasibət m övcud olmayıb. Sizcə bu gün milli musiqi aləti kimi tar öz layiqli yerini tuta bilibmi?

 

-Təbii ki, xalqımız kimi, tarın da keçdiyi yol asan olmayıb. Bu yol kifayət qədər keşməkeşli olub. Lakin olduqca sevindirici və qürurverici haldır ki, prezident İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində ölkəmizdə tara, muğam sənətinə yüksək səviyyədə diqqət var. Heydər Əliyev Fondunun mədəni-mənəvi sərvətlərimizin, eləcə də milli musiqimizin, muğamımızın qorunub saxlanılması və inkişafı ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan həyati əhəmiyyət kəsb edir. Əminliklə qeyd edə bilərəm ki, məhz ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində bütövlükdə  muğam sənətimizin təbliği yüksək pillədə qərarlaşıb və gənc nəsil tərəfindən sevgi ilə mənimsənilməkdədir.

 

-Bir müddət bundan öncə, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri millət vəkili Qənirə Paşayeva ilə görüşdünüz. Sizcə Milli Məclisin Mədəniyyət Komitəsi ölkəmizin mədəni həyatındakı yeniliklərə lazımi reaksiya sərgiləyə bilirmi?

 

-Hesab edirəm ki, son illər ölkəmizin mədəni həyatındakı ən mühüm yeniliklərdən biri Qənirə xanımın Milli Məclisin Mədəniyyət Komitəsinin rəhbəri seçilməsi oldu. Hər zaman hədsiz çalışqanlığı ilə diqqət çəkən Qənirə xanımın sosial şəbəkələrdəki hesabına nəzər salmaq onun gün ərzində mədəniyyət və incəsənət xadimləri ilə  nə qədər görüş keçirdiyini, ölkəmizin mədəni həyatı ilə bağlı hansı zəruri təklifləlrə çıxış etdiyini anlamaq baxımından yetərlidir. Bu baxımdan Milli Məclisin Məədniyyət Komitəsinin ölkəmizin mədəni həyatındakı rolu danılmazdır. Və mən şəxsən bir musiqiçi kimi bu xidmətlərinə görə Qənirə xanıma öz dərin  təşəkkürümü bildirirəm.

 

-Ayaz bəy, bu gün ölkəmizdə bir sıra qurumların nəzdində mədəniyyət mərkəzləri fəaliyyət göstərməkdədir. Sizcə bu mərkəzlərin fəaliyyəti nə dərəcədə qənaətbəxşdir?

 

-Ölkəmizin mədəni həyatında bu mədəniyyət mərkəzlərinin də böyük rolu var və bu rol özünü sadəcə musiqimizin təbliği baxımından deyil, həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından göstərir. Sizə iki nümunə deyəcək. Bu ayın əvvəlində “Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı uğurlu çıxışına görə birinci yerə layiq görüldü. Hansı ki, festivalda milli mahnılarla yanaşı, dünya xalqlarının mahnı və marşları, eləcə də rəqslkəri ifa edilirdi. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci yerə layiq görülməsi faktı hər şeydən əvvəl Azərbaycan musiqisinin qüdrəti kimi qiymətləndirilməlidir.

 

Başqa bir nümunə kimi, Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzinin uğurlu fəaliyyətini qeyd etmək istəyirəm. Bildiyiniz kimi, hörmətli Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə gəlməsindən sonra, adıçəkilin qurum bütün sahə və sferalarda ciddi aktivlik ortaya qoymaqda, bir-birindən əhəmiyyətli uğurlara imza atmaqdadır. Bunlardan biri kimi, cari ilin avqust ayında Dövlət Təhlükəsizlik Xidmətinin şəhid generalımız Polad Həşimovla bağlı hazırladığı “Paşam, hey” adlı musiqi kompozisiyasını qeyd etmək vacibdir. Musiqisi Faiq Sücəddinova, sözləri ilə Musa Urada aid bu mahnıda generalımızın timsalında Azərbaycan ordusunun qüdrəti, ölümsüzlüyü öz əksini tapıb. Bu və bu kimi faktlar göstərir ki, mədəniyyət mərkəzlərinin ölkəmizin mədəni həyatındakı rolu kifayət qədər böyükdür.

 

-Ayaz bəy, məlumata görə ötən il Qazaxıstanda qran-pri mükafatına layiq görülsəniz də, bununla bağlı heç bir dövlət qurumu, eləcə də Mədəniyyət Nazirliyi sizə hər hansı diqqət ayırmayıb. Habelə, heç bir fəxri ada sahib deyilsiniz. Bunca laqeydlik və biganəlik fonunda yaradıcılıqla məşğul olmaq, ruhdan düşməmək necə mümkün olur?

 

-Təəssüflə də olsa qeyd etməliyəm ki, ötən il Qazaxıstandakı festivalda qran-pri mükafatına layiq görüldüyüm halda, Mədəniyyət Nazirliyinin baş verənlərə hər hansı reaksiya verməməsi ilə bağlı deyilənlər həqiqətdir. Bu da bir həqiqətdir ki, hər hansı fəxri ada sahib deyiləm. Təbii ki, istənilən yaradıcı insan üçün diqqətdən kənarda qalmaq xoş hal deyil və bunun əhval-ruhiyyəyə təsirsiz ötüşdüyünü söyləmək də qeyri-səmimilik olar. Lakin istənilən halda bizim daim diqqətdə saxlamağımız gərəkən bir həqiqət var. Bu da bizim hər şeydən öncə sənətimizə, dövlətimizə, millətimizə xidmət etməyimiz gerçəyidir. Əsl sənətkar üçün ən böyük təltif xalqa xidmət, xalqın sevgisini  qazanmaqdır. Bu, elə bir sərvətdir ki, onu heç nə ilə satın almaq mümkün deyil.

Əgər kimsə bunu qazanıbsa, onu sözün həqiqi mənasında xoşbəxt hesab etmək mümkündür.

 

Bu arada onu da qeyd edim ki, hazırda mədəniyyət naziri vəzifəsinin icrası hörmətli Anar Kərimova həvalə edilib. Ümid edirəm ki, Mədəniyyət Nazirliyi Anar Kərimovun rəhbərliyi altında daha məhsuldar fəaliyyət ortaya qoyacaq, sənət adamlarına daha duyarlı münasibət sərgilənəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də