Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov işğaldakı Azərbaycan ərazilərindəki mədəni-tarixi abidələrin mövcud durumu ilə bağlı narahatlığını dilə gətirib. Anar Kərimov qeyd edib ki, bu problemin dünya birliyinin diqqətinə çatdırılması üçün sadəcə XİN və Mədəniyyət Nazirliyi deyil, digər qurumlar, eləcə də hər bir vətəndaş aktivlik sərgiləməlidir.
Maraqlıdır, işğaldakı ərazilərdəki mədəni-tarixi abidələrimizin mövcud durumuna media yetərincə diqqət ayırırmı?
Moderator.az-a açıqlama verən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, media eksperti Elçin Mirzəbəyli məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında müxtəlif QHT-lərin layihələri olub. Bununla bağlı hazırlanan çoxsaylı kitablar var. Çox yaxşı olardı ki, Mədəniyyət Nazirliyi bu kitabların müəllifləri ilə də görüşlər keçirsin. Bu sahəni bilən kifayət qədər mütəxəssis var.
Hesab edirəm ki, ilk növbədə bununla bağlı informasiya bazasını formalaşdırmaq lazımdır. Təbii ki, hər bir vətəndaş bu məsələdə aktiv olmalı, prinsipiallıq sərgiləməlidir. Bu, vətəndaş mövqeyidir. Lakin bununla yanaşı, bir neçə dildə mədəni abidələrlə bağlı resursların yaradılmasına ehtiyac var. Bu resursları isə əli həmin informasiyalara çatan mütəxəssislər və müvafiq qurumlar yarada bilər.
Mədəniyyət abidələrinin qeydə alınması ilə bağlı istər sovet dönəmində, istərsə də sonrakı dönəmdə Mədəniyyət Nazirliyi iş aparırdı. Bu baxımdan həmin resurslar ciddi şəkildə - informasiyalar, fotolar, varsa videogörüntülərlə ayrı-ayrı resurslarda yer almalıdır ki, həmin resurslardan da vətəndaşlar, o cümlədən KİV nümayəndələri istifadə edərək Azərbaycanın haqlı mövqeyini dünyaya çatdıra bilsinlər. Yaxud özlərinin prinsipial mövqelərini ortaya qoyduqları zaman onların irəli sürdüyü fikirlər faktoloji olsun. Yəni havadan götürülmüş sözlər olmasın. Bu istiqamətdə fəaliyyətin ortaya qoyulmasına daha çox ehtiyac var.
KİV-lərdə işğal altındakı torpaqlarımızla bağlı həyata keçirilən müxtəlif layihələr, habelə bu layihələrdən kənarda mütəmadi olaraq bu barədə yazılar yer alır. Amma söhbət çap mediasından gedirsə, bu məqalələr əsasən Azərbaycan oxucusuna yönəlmiş olur. Internet resurslarında isə bununla bağlı xüsusi olaraq genişmiqyaslı fəaliyyətin şahidi olmamışam. Xüsusilə də ingilis, rus və s. dillərdə bu fəaliyyət o qədər də aydın diqqəti cəlb etmir. Lakin ümumilikdə belə bir fəaliyyət var. Bunun olmadığını iddia etmək də doğru olmaz. Ancaq bunu sistemləşdirmək lazımdır. Istinad mənbəyi olmaldır. Hər kəsin, eləcə də medianın faktlara əlçatanlığı təmin olunmalıdır. Bunun da ən əsas yolu internet resurslarında ciddi bir bazanın formalaşdırılmasıdır”.