Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanın qızıl bazarı:  sarı metalın parıltısı “göz qamaşdırır”

Azərbaycanın qızıl bazarı: sarı metalın parıltısı “göz qamaşdırır”
Qızıl qədim dövrlərdən ən etibarlı sərmayə vasitələrindən biri olub. Keçmişdə bu qiymətli metal ticarətin və zənginliyin simvolu sayılırdı. Müasir dünyamızda qızıl beynəlxalq bazarlarda ən etibarlı aktivlərdən biri kimi qəbul edilir. Qızılın etibarlı aktiv olmasının əsas səbəbi onun qiymətinin qeyri-sabit dövrlərdə artmasıdır. Valyuta dəyişkənliyi, iqtisadi çətinliklər və inflyasiya kimi amillər qızılın dəyərini daim yüksəldir. Həmçinin, bu metalın təbii olaraq nadir olması və onun istehsalının məhdud olması da qiymətinin zamanla artmasına səbəb olur.

 

Azərbaycanda qızıla maraq tarixən böyük olub və indi də var. Əgər əvvəllər qızıl bəzək əşyası, sərmayə kimi qiymətləndirilirdisə, indiki zamanda daha çox iqtisadi təhlükələrdən qorunma vasitəsi olaraq məşhurlaşıb.

 

Azərbaycanlılar nə vaxtdan kütləvi qızıl almağa başlayıb?

 

Azərbaycanın qızıl bazarının inkişafı ölkə iqtisadiyyatının müasir dövrə uyğun inkişafı ilə sıx bağlıdır. Sovet dövründə Azərbaycanın qızıl bazarı geniş inkişaf etməmişdi. Həmin illərdə əhali sərbəst şəkildə qızıl alıb saxlaya və sata bilmirdilər. Bu sahədə ciddi nəzarət mexanizmi mövcud idi.

 

Müstəqillikdən sonra qızıl bazarı da sürətlə inkişaf etməyə başladı. Düzdür, müstəqilliyin ilk illərində Qarabağ münaqişəsi və iqtisadi, sosial çətinliklər səbəbindən qızıl ticarəti arxa plana keçmişdi. Amma zaman keçdikcə sarı metal əvvəlki şöhrətini qaytarmağa başladı. Modern.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən respublikanın pərakəndə ticarət obyektlərində qızıl zinyət əşyalarının satışına ekskurs edib.

 

1995-ci ildə Azərbaycanın pərakəndə ticarət obyektlərində cəmi 871 min manatlıq qızıl-zinyət əşyaları satılmışdı. Sonrakı illərdə bu rəqəm ardıcıl olaraq artmağa başladı və 10 il sonra 5 milyon manata yüksəldi. 2005-ci ildə neft gəlirlərinin artması və əhalinin rifahının yaxşılaşması qızıl bazarında da özünü göstərdi. Nə baş verdisə, sonrakı illərdə qızıl alışı daha yüksək templə artdı və 2007-ci ildə 14 milyon manata çatdı. Həmin illər Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dövrü kimi yaddaşlarda qalıb və artım özünü qızıl bazarında da göstərdi. Əhalinin alıcılıq qabiliyyətinin artması qızıl bazarında canlanmaya səbəb olmuşdu.

 

Qızıl prestij və status simvoluna çevrildi

 

Yüksələn həyat standartları artıq zərgərlik məmulatlarının bazarda özünü göstərməsinə gətirib çıxardı. Zərgərlik məmulatları artıq yalnız bəzək əşyası deyil, eyni zamanda prestij və status simvoluna çevrilmişdi. 2008-ci ildən zərgərlik məmulatlarının satışı daha da artdı. Həmin il obyektlərdə 30 milyon manatlıq qızıl satılmışdı. Satışlar 2011-ci ildə 67,6 milyon manata, 2012-ci ildə isə 100 milyona çatdı və artmaqda davam etdi.

 

2015-ci ildə baş verən devalvasiya da bazarda özünü göstərdi. Xaricdən dollarla alınan qızıl-zinyət əşyaları daxili bazarda manatla satılmağa başladı və qiymətlər yeni məzənnələrə uyğunlaşdırıldı. Bu da son nəticədə dövriyyədə özünü göstərdi. 2015-ci ildə bazarlarda qızıl satışı 227 milyon manata yüksəlmişdi. 2016-cı ildən sonrakı dövrlərdə artım tempində stabillik təmin olundu.

 

2016-cı ildən sonra isə bazarda müəyyən bir sabitlik hökm sürməyə başladı. İqtisadi şəraitin sabitləşməsi və alıcıların tələblərinin artması zərgərlik bazarını bir qədər canlandırdı. Həmin illərdə bazarda yeni məhsul çeşidləri təqdim olunmağa başlandı və ticarət obyektləri müştərilərin tələblərinə uyğun olaraq məhsul portfelini genişləndirdi.

Pandemiya qızıl bazarına təsir etdi

 

Müstəqillik illərində qızıl bazarlarında davam edən dinamik artım tempini COVID-19 pandemiyası dayandırdı. 2020-ci ildə satışlar 2019-cu illə müqayisədə 14 faiz azalaraq 365 milyon manatdan 321 milyon manata düşdü. Təbii ki, burada pandemiya dövründə toy və nigahların azalması, ticarət obyektlərinin məhdud rejimdə fəaliyyət göstərməsi özünü göstərmişdi.

 

2021-ci ildən Azərbaycanın zərgərlik bazarı yavaş-yavaş bərpa olunmağa başladı. 2022-ci ildə satışlar artıq 414,5 milyon manat oldu. 2023-cü ildə isə zərgərlik məmulatlarının pərakəndə satışı 457 milyon manat həddinə çatdı ki, bu da bazarın son 30 ildə ən yüksək göstəricisidir. Başqa sözlə, Azərbaycanda qızıl-zinyət əşyalarının satışı yarım milyard manata çatmaq üzrədir.

 

Statistik məlumatlardan görünür ki, Azərbaycanın qızıl bazarının ən yüksək inkişaf dövrü 2011-ci ilə təsadüf edir, həmin il satışlar 61 faiz artmışdı. Ötən illərdə qızılın satış həcmlərinin artması ilə paralel onun pərakəndə satışda xüsusi çəkisi də yüksəlib. Əgər 1990-cı illərdə zinyət əşyalarının satışı ümumi dövriyyənin 0,3 faizini təşkil edirdisə, indi bu göstərici 1,8 faizdir.

 

Təbii ki, qızıl satışlarının artması təkcə məhsulların fiziki həcmləri ilə bağlı deyil. Burada qiymət amili mühüm rol oynayır. Çünki qızılın qiyməti artıq 1990-cı illərdə olduğu kimi deyil.

 

Bahalaşma dünya bazarından qaynaqlanır

 

Ümumilikdə, son 30 il ərzində qızılın qiymətində əhəmiyyətli dəyişikliklər olub. 1994-cü ildə 1 unsiya qızılın qiyməti təxminən 400 dollar idi. 1999-cu ildə qiymət 250 dollara qədər ucuzlaşdı. 2001-ci ildən qızılın qiyməti artmağa başladı. Bu artım iqtisadi qeyri-sabitlik, 2001-ci ildəki 11 sentyabr hadisəsi və qlobal maliyyə böhranları ilə bağlı idi. 2008-ci ildən sonra investorlar iqtisadi qeyri-müəyyənliklərdən qorunmaq üçün qızıl almağa başladılar və qiymətlər 1900 dollara qədər yüksəldi. ABŞ-ın maliyyə böhranı və qlobal iqtisadiyyatda yaranan qeyri-müəyyənlik qızılın "təhlükəsiz liman" kimi qiymətləndirilməsinə səbəb oldu.

 

2013-cü ildən sonra qızılın qiyməti 1100 dollara qədər azalsa da, 2016-cı ildən yenidən artmağa başladı və 1500 dollara yüksəldi. 2020-ci ildə COVID-19 pandemiyasının təsiri ilə qızılın qiyməti sürətlə artdı. Pandemiya ilə bağlı iqtisadi qeyri-müəyyənliklər və inflyasiya qorxusu qızılın qiymətini 2000 dollara yüksəltdi.

 

Qiymət artımı 2020-2023-cü illərdə bu səviyyədə sabitləşdi. Yalnız 2024-cü ildə kəskin artım baş verdi. 2024-cü ildə qızılın qiyməti ilin əvvəlindən 30 faizə yaxın artdı. Amma deyəsən, bu da son deyil. Dünya Qızıl Şurası bahalaşmanın gələn il də davam edəcəyini proqnozlaşdırıb. Analitiklər 2025-ci ilin ikinci yarısında qızılın unsiya qiymətinin 3 min dollara çatacağını proqnozlaşdırır.

 

Bakı bazarlarında vəziyyət necədir?

 

Azərbaycanın qızıl bazarı birbaşa dünya birjalarında baş verən proseslərdən təsirlənir. Satıcılar bildirirlər ki qızılın unsiya qiymətinin artması yerli bazarda qiymətlərin sürətlə dəyişməsinə təsir edir. Qiymətlər artdıqca müştərilərin alıcılıq qabiliyyəti də azalır. Yüksək qiymətlər kiçik və orta gəlirli alıcıları bazardan kənarlaşdırmaqdadır.

 

Qızıl ticarətçiləri ilin əvvəlindən indiyədək məhsullarda 20 faizə qədər artım olduğunu bildirir. Satıcılar deyir ki, 1 ay əvvəl 585 əyarlı qızılın qramı 125 manatadək qalxmışdı. Hazırda qiymət 113-115 manat arasında dəyişir. 750 əyarlı qızılın qiyməti isə 160 manatdan 140 manata düşüb. Halbuki 1 il əvvəl qiymət 110 manat civarında olub.

 

Qızıl ticarətçiləri bildirir ki, 2 il əvvəl 400-450 manata satılan sadə üzüyün qiyməti artıq 650 manatdan başlayır. Azərbaycanda daxili səbəblər qızılın qiymətinə o qədər də ciddi təsir etmir. Satıcılar deyir ki, zərgərlik məhsullarının satışı daha çox toylarla bağlıdır. Ramazan ayı və Məhərrəmlikdə toy məclisləri keçirilmədiyindən zərgərlik məhsulları bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti kəskin azalır. Toy mövsümü ərəfəsində isə əksinə qiymətlər artır. Bayramlar da bazara təsir edir. Yeni il ərəfəsində bazarlarda durğunluq olsa da, 8 Mart və Novruz bayramları öncəsi aktivlik hiss olunur.

 

Ekspertlərin fikrincə, qızılın bahalaşmasının nəinki Azərbaycana, ümumiyyətlə dünyanın bütün zərgərlik bazarına təsiri böyükdür. Çünki zərgərlik məmulatlarının hazırlanmasında xam qızılın kifayət qədər rolu mövcuddur. Hazırlanan zərgərlik məmulatının qiymətinin formalaşmasında qiymətli metal və daşlar əsas yükü öz üzərinə götürüb. Bu səbəbdən qızılın qiyməti yüksəldikcə zərgərlik məmulatlarının da qiyməti yüksəlir.

 

2025-ci ildə Azərbaycanda qızılın qiymətinin bahalaşıb-bahalaşmayacağı dünya bazarından asılı olacaq. Çünki bazarlarda satılan məhsulların mütləq əksəriyyəti xaricdən gətirilir. Hazırda Azərbaycanın pərakəndə ticarət obyektlərində illik satış yarım milyard manata çatır. Ölkədə istehsal olunan zərgərlik məmulatlarının ümumi dəyəri 7 milyon manatdan bir qədər artıqdır.

Azərbaycanın qızıl istehsalı və ixracı rəqəmlərdə

 

Azərbaycanda qızıl hasilatına 2009-cu ildə Gədəbəydə başlanılıb. Həmin il 353 kiloqram qızıl istehsal edilmişdi. Bəzi illəri nəzərə almasaq, istehsal davamlı olaraq artıb və 2018-ci ildə 3,7 tona çatıb. 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 2,2 ton qızıl istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 1,7 faiz çoxdur.
2024-cü il noyabr ayının 1-nə Azərbaycanda qızıl üzrə hazır məhsul ehtiyatı 390 kiloqram təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 163,4 milyon dollar dəyərində qızıl ixrac edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7 milyon dollar və ya 37,7 faiz çoxdur. Təkcə, bu ilin oktyabrında Azərbaycandan 48,1 milyon dollarlıq qızıl ixrac olunub.

 

 “AzerGold” QSC yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa təqdim edib. Bu günə qədər 11677 unsiya qızıl sikkə və külçə, 595 unsiya gümüş sikkənin pərakəndə satışı nəticəsində 44 milyon manat məbləğində gəlir əldə edilib.

 

“AzerGold” QSC tərəfindən bu ilin 9 ayında rəsmi satış və mübadilə mərkəzində 2582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35 faiz artıma nail olunub.

 

Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib. Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11,4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59 faiz artım deməkdir.

 

Azərbaycan xam qızılla yanaşı, az da olsa hazır zərgərlik məhsullarının satışını da həyata keçirir. Azərbaycan Zərgərlər Assosiasiyasının məlumatına görə 2024-cü ilin yanvar-sentyabr ayları üzrə hazır zərgərlik məmulatlarının ixracı 2,4 milyon manat olub
 
Ölkələr də qızıl alır

Son illər insanlar kimi dövlətlərin də qızıla marağı artıb. Ölkələr öz beynəlxalq rezervlərini real aktivlərə, yəni qızıla yönəldirlər. Bu yanaşma portfel risklərini azaltmağa və ehtiyatların sabitliyini təmin etməyə kömək edir. Beynəlxalq bazarlarda qızıl yüksək likvidliyə malikdir, yəni istənilən vaxt başqa bir aktivə çevrilə bilər. Bu mərkəzi banklar üçün qızılın cəlbediciliyini artırır.

 

Bəzi ölkələr (Çin, Rusiya və s.) qızıl ehtiyatlarını artıraraq iqtisadi müstəqilliyi möhkəmləndirmək istəyirlər. Ümumdünya Qızıl Şurasının məlumatına görə Azərbaycan dünyada ən çox qızıl alan 10 ölkə arasında yer alıb. 9 ayda Polşa 61 ton, Türkiyə 55,2 ton, Hindistan 51,1 ton, Çin 28,9 ton, Azərbaycan 25,2 ton, Çexiya 15,7 ton, Macarıstan 15,5 ton, Monqolustan 10,3 ton, İraq 10,1 ton, Qətər 9,7 ton qızıl alıb.

 

Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə investisiya portfelinin məcmu dəyərinin 15 faizə qədəri qızıla investisiya edilə bilər. Son açıqlanan hesabata görə ARDNF-nin qızıl alt portfeli 104,6 tondur.

 

Yekun olaraq qeyd edirik ki, qızıl bazarı Azərbaycanda son illər ən dinamik inkişaf edən sahələrdən biridir. Bu bazarda çalışanların gözü daim birjalardadır. Hər an qiymətlər dəyişə bilər. Azərbaycanda qızıla yatırım vasitəsi kimi yanaşma ənənəvi haldır və böyük ehtimalla bu hələ uzun illər davam edəcək.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də