Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Erkən nikahlar ailə institutuna zərbədir - Nigar Məmmədova

Erkən nikahlar ailə institutuna zərbədir - Nigar Məmmədova

Erkən nikahların qarşısını alınmasına yalnız uşaqlar, şagirdlər deyil, müəllimlər, din xadimləri, valideynlər də cəlb edilməlidir

“Gender bərabərliyinin təminatları haqqında” qanuna edilən uyğunlaşdırma xarakterli dəyişiklik nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsini nəzərdə tutur. Bu da ölkəmizdə erkən nikahların qarşısının alınmasına əlavə töhfədir”. 


Milli Məclisin deputatı Nigar Məmmədova həmin sənədə münasibət bildirərkən belə deyib. 


O, bildirib ki, ölkəmizdə nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir. Bu sahədə təkmil hüquqi və qanunvericilik bazası formalaşıb:

“Bu istiqamətdə icra olunan dövlət proqramlarını, intensiv maarifləndimə işlərini xüsusi qeyd etməliyik. Erkən nikahlar insan hüquq və azadlıqlarının təmin edilməsinə, cəmiyyətin sağlam gələcəyinə zərbə vuran fəsadlara səbəb olur. Onların hərəkətverici motivi və səbəbi qızların gələcək sosial rolunun əhəmiyyətini dərk etməmək və təhsillin məhdudlaşmasıdır.  Bu, birbaşa ailə və nikah institutunu zəiflədir”.

N.Məmmədovanın sözlərinə görə, erkən nikah fərdlərə, onların uşaqlarına, bütövlükdə cəmiyyətə mənfi təsir göstərir:

“Xüsusilə erkən nikaha daxil olan qızlar ana və uşaq ölümü, təhsildən, inkişafdan məhrum edilmə, sosial və iş imkanlarının məhdudlaşması, məişət zorakılığı kimi ciddi problemlərlə üzləşirlər. Eyforiya vəziyyətində olan yeniyetmələr gələcək həyatın reallıqlarını aydın şəkildə qiymətləndirmək imkanından məhrum olurlar”.

Deputat hesab edir ki, ailə qurmaq istəyən şəxsin psixoloji cəhətdən tam formalaşması əsas şərtdir. Erkən nikaha daxil olan şəxs özünü güclü hesab etmədiyindən, psixoloji cəhətdən suisidə, emosional sarsıntıya meylli olur:

“Çünki psixoloji cəhətdən tam formalaşmayan şəxs ciddi münasibətlərə də hazır deyil. Ailə münasibətlərinə daxil olmağın əsas şərtlərindən biri xüsusilə zərif cinsin nümayəndələrinin özünə əmin formada nikaha daxil olmasıdır. 
Bu, eyni zamanda mümkün məişət zorakılığının qarşısının alınmasına da təsir edir.  
Digər tərəfdən, nikaha daxil olan şəxs gələcək valideyn deməkdir. Bu mənada xüsusilə də ana öz övladını yetişdirmək üçün lazımi intellektə və bacarığa malik olmalıdır. Nəzərə alaq ki, kiçik yaşda olan uşaqların inkişafı ilk növbədə valideyndən asılıdır. Belə olan halda valideynin savadı, onun özü ilə harmoniyada olması gələcək ailə institutu və gələcək nəslin sağlam ruhda formalaşmasına birbaşa təsir edən faktorlardandır”. 
 

Millət vəkli deyir ki, erkən nikahlardan yayınmaq bilavasitə intellektin artmasına, psixoloji problemlərin, boşanmaların, məişət zorakılığının azalmasına, gələcək nəsillərin daha sağlam yetişdirilməsinə zəmin yaradır. 

“Erkən nikahların qarşısını almaq məqsədilə aparılan maarifləndirmə işlərinə yalnız uşaqlar və şagirdlər deyil, eyni zamanda müəllimlər, din xadimləri, valideynlər də cəlb edilməli, bunun fəsadları haqda dolğun məlumatlar çatdırılmalıdır. Bu, bizim sağlam genefondumuz üçün vacibdir”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də