2024-cü ili Azərbaycan təhsili üçün xüsusi il hesab etmək olar. Belə ki, bu il Xankəndidə Qarabağ Universiteti, Bakıda isə Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başladı. Bununla yanaşı, təhsil sahəsində bir neçə uğurlu qərarlar verildi, yeni layihələr start götürdü.
2024 Azərbaycan məktəbləri ilə də yadda qaldı. Modern.az ilin ən yaddaqalan məktəblərini təqdim edir.
Şuşa 1 nömrəli tam orta məktəb
Bu məktəb Cənubi Qafqazın ilk dünyəvi məktəbi kimi ilk dəfə 1830-cu ildən Şuşada fəaliyyətə başlayıb. 1992-ci il mayın 8-də ermənilərin Şuşa şəhərini işğalı nəticəsində məktəbin binası Bakı şəhər Yeni Yasamal-2 yaşayış massivində, Ə.Əhmədov küçəsi ünvanında istifadəyə verilib. Müxtəlif dövrlərdə adı dəyişirilən məktəb 1937-ci ildən indiki adı ilə adlanır. 194 illik taleyinin 32 ilini Bakıda keçirən məktəb bu il 15 sentyabrda Bilik Gününü yenidən Şuşada keçirdi. Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, elm və təhsil naziri Emin Əmrullayev, Qarabağ Regional Təhsil İdarəsinin müdir müavini Anar Məcidov, məktəb kollektivi və valideynlər iştirak edirlər.
Laçın şəhər 2 nömrəli tam orta məktəb, Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəb və Zabux kənd tam orta məktəbi
Martın 10-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə ölkə ərazisində buraxılış imtahanı keçirilib. Həmin tarixdə Laçın şəhər 2 nömrəli tam orta məktəb və Zabux kənd tam orta məktəbində də Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanları təşkil olunub. Bununla da işğaldan azad olunmuş ərazilərdə ilk dəfə imtahan həyəcanı yaşanıb.
Lənkəran rayon Şürük kənd tam orta məktəbi
Bu il keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərin sayı son 5 ildə rekord səviyyədə olub. Eyni zamanda 2024-cü ildə kənd məktəbləri də yüksək nəticə göstərən şagirdləri ilə diqqət mərkəzində oub. Buraxılış imtahanında yüksək nəticə göstərən kənd məktəbləri içərisində lider məktəblərdən biri də Lənkəran rayon Şükür kənd tam orta məktəbi olub. Buraxılış imtahanı nəticəsində məktəbin 12 şagirdi 200-dən çox bal toplayıb. Nəticədə 29 şagirdi 2024-cü ildə universitetə qəbul olunaraq tələbə adını qazanıb. Bu məktəb həm də gözəl mənzərəsi ilə uzun müddət sosial şəbəkələrdə müzakirə olunub.
Oxud kənd tam orta məktəbi
Şəki rayon Nurupaşa Hümmətov adına Oxud kənd tam orta məktəbi bu il yaddaqalan məktəblər siyahısındadır. Bu il Oxud kənd məktəbi buraxılış imtahanında yüksək nəticə göstərən kənd məktəblərimiz içərisində yer alıb. Belə ki, məktəbin 14 şagirdi buraxılış imtahanından 200-dən çox bal toplayıb, 31 şagird isə imtahan yekunlarından sonra tələbə adını qazanıb. Onu da bildirək ki, Azərbaycanda ilk dəfə məhz Oxud kənd məktəbinin müəllimləri vahid formaya keçərək şagirdlərin qarşısına çıxıblar.
Gəlmə kənd tam orta məktəbi
Zərdab rayon M.F.Axundov adına Gəlmə kənd tam orta məktəbi bu il hər dərs günündən əvvəl şagirdlərinin sağlamlığını düşünərək səhər gimnastikasına xüsusi yer verən məktəb kimi yadda qaldı. "Feysbuk" sosial şəbəkəsində bu haqda paylaşım edən məktəb insanlar arasında ciddi marağa səbəb oldu.
Masallı rayon Köçəkli kənd məktəbi
Bu ilin aprel ayında Masallı rayonunun Köçəkli kəndində xeyriyyəçi şəxsin təşəbbüsü və yerli icmanın dəstəyi ilə məktəbə 1 TIR dəftər və qələm hədiyyə verilib. Belə ki, bu ləvazimatlar ən azı 4 il müddətinə məktəbin ehtiyaclarını təmin edəcək. Əlavə olaraq məktəbə 800 dəstə yaxın məktəbli forması verilib. Məktəbli formaları tələbatdan çox olduğu üçün onun bir qismi ətraf kəndlərdəki 14 məktəbin 292 nəfər şagirdinə hədiyyə olunub. Bundan başqa, ayrılan pulla Köçəkli məktəbində 23.500 manatlıq təmir işləri aparılıb.
Qəbələ rayonunun Vəndam qəsəbəsində 1 nömrəli tam orta məktəb
Aprelin 9-u elm və təhsil naziri Emin Əmrullayev Qəbələ rayonunun Vəndam qəsəbəsində 1 nömrəli tam orta məktəbində olub və məktəbin kollektivi ilə görüşüb. Nazir həmçinin burada yaradılan tədris prosesini izləyib və şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. Elm və təhsil naziri aşağı siniflərin birində keçirilən riyaziyyat dərsini özü davam etdirib. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb və ictimiayyətdə ciddi maraq yaradıb.