Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Dağlıq yerdə korpusun yeni müdafiə rayonunda möhkəmlənməsi üçün xeyli vaxt gərəkdir...”

“Şuşa və Laçın ərazisində də döyüşlər əsasən orta dağlıq relyefdə gedir və...”




“Bilirsiz, anlamaq lazımdır ki, ordumuzun  Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndinə və s. getməsi - hərbi zirehli avtomobillə, tankla əyləşib gedə biləcəyimiz adi bir yol deyil ki, asanlıqla birbaşa gedib çatasan...”

Bunu Moderator.az-a açıqlamasında bəzilərinin Şuşanın, Laçının, Kəlbəcərin azad olunması üçün  səbirsizlənməsinə münasibət bildirən 1-ci Qarabağ savaşında tabor komandiri kimi Laçında, Kəlbəcərdə, o cümlədən 1993-1994-cü illərin dekabr-yanvar aylarında 3500 metrə yaxın yüksəklikdə  keçirilmiş Murovdağ əməliyyatında iştirak etmiş istefada olan mayor Gəray Əsədov söyləyib.  

“Orta və yüksək dağlıq ərazilərdə yerləşən rayonlarımızın azad olunmasına tələsən, amma hərb elmindən və o yerlərin çətin relyefindən xəbərsiz vətəndaşlarımıza hər şeydən öncə  hərbi əməliyyatlar zamanı  riayət olunmalı olan bir neçə qaydanı xatırlatmaq istərdim.  Geniş ərazidə və uzaq məsafədəki hədəflərə doğru hücum zamanı hərbi birliklər, məsələn, korpuslar briqadalar  aktiv döyüş əməliyyatları arasında müəyyən  məkan və zaman intervallarını gəzləməyə məcburdurlar.  Korpusun qarşısında “yaxın vəzifə” deyilən tapşırıq qoyulur və o, 25 km-lik məsafədə icra edilir. Belə bir tapşırıq bitdikdən sonra azad olunmuş məkanlarda möhkəmlənmək üçün vaxt lazımdır. Həmin müddətdə korpus, onun tərkibinə daxil olan bütün briqadalar, alaylar, taborlar və s. bütövlükdə  müəyyən canlı və texniki itkilər nəzərə alınmaqla yenidən komplektləşdirilməlidir. Ərazi düşmənin mümkün təxribat-diversiya qruplarından, minalardan və s. təmizlənməli, gərəkli yerlərdə mövqelərə yeni yollar çəkilməli, dağılmış körpülər bərpa edilməli və ya panton körpülər qurulmalıdır. Və bütün  bunlardan sonra yeni müdafiə rayonu yaradılmalıdır. Bunun üçün də birliyə məxsus bütün zirehli texnikalar, döyüş, silah-sursat və  ərzaq, geyim və s. təchizatını təmin edən avtomobillər, digər  texniki vasitələr lazımi mövqelərdə yerləşdirilməlidir” - deyə  hazırda dağlıq ərazidə döyüşə yollanmalı olan gənclərin təlimləri ilə məşğul olan mayor Gəray Əsədov izah edib.

Tanınmış Qarabağ qazisi olan  ordu zabiti Azərbaycan ordusunun müasir nizami silahlı qüvvə olduğunu xüsusi olaraq  qeyd edib. 

“Təsəvvür edirsizmi, yalnız bir taborun nə qədər əmlakı, texnikası və ərzağı var. Yalnız bütün bunların daşınması üçün nə qədər vaxt lazımdır? Bundan sonra öncədən müəyyən olunmuş döyüş planı və yaranmış gerçək şəraitə uyğun baş komandanlıqdan gələn əmr və göstərişlər əsasında yeni hücum mərhələsi başlanmalıdır. Yəni söhbət Ermənistanınkı kimi başıpozuq dəstələrdən  yox, nizami, özü də adı dünyanın güclü orduları arasında keçən müasir nizami Azərbaycan  ordusundan gedir...  

Orta və yüksək dağlıq relyefində və iqlim şəraitində isə deyilənləri icra etmək üçün daha çox vaxt , güc enerji sərf olunur. Buraya yuxarı qalxdıqca oksigenin azaldığı dağlıq şəraitdə həm əsgərin, həm də texnikanın hərəkətinin,  rabitənin çətinləşməsini və s. də əlavə etsək, zənnimcə, hər şey aydın olar...”  

“Şuşa və Laçın ərazisində döyüşlər əsasən orta dağlıq relyefdə gedir və hələki payızdır. Havalar da normal keçir. NATO sisteminə əsasən qışda dəniz səviyyəsindən 1500 metr yüksəklikdə artıq döyüş əməliyyatları dayandırılır.  Yüksək dağlıq şəraitdə isə döyüşü dağ-atıcı birlikləri aparmalıdır. Həmin birliklərin hərbçilərinin asanlıqla irəliləməsi üçün onlar alpinist davranışlarına və xüsusi avadanlıqlara malik olmalıdır.  İşğal altındakı torpaqlarda əsas yüksək dağlıq şərait 3300-3700 m hündürlüyü olan  Kəlbəcərdəki Murovdağ silsiləsindədir. Şuşa-Laçın istiqamətində əsas yüksəkliklər cənubdan irəliləyərkən sağ cinahda Böyük və Kiçik Kirs zirvələridir,  sonra da Xankəndi ilə Laçın arasında Qırxqız zirvəsidir.   Sol cinahda Hoçaz dağıdır, mərkəzdə Sarıbabadır.  İnşallah, payız bitməmiş müzəffər ordumuz torpaqlarımızın əsas dağlıq hissəsini işğaldan azad edər...

Bir xüsusiyyət də ondan ibarətdir ki, dağlıq şəraitdə yaşayış məntəqələrindən öncə əlverişli strateji nöqtələr, yüksəkliklər tutulmalı, düşmənin təminat və təchizat, loqistika yolları  bağlanmalıdır. Tutaq ki, Laçın dəhlizini bağlasaq, inşallah, Xankəndi istiqamətindəki erməni birləşmələrinin təminat yollarını bağlamış oluruq. Şimalda Kəlbəcər-Tərtər yolunu bağlasaq, Ağdərənin təminat yolu bağlanar...” – Gəray Əsədov belə deyib. 

“Artıq həlqə daralır, get-gedə düşmənin qüvvəsi də tükənir. Odur ki, ermənilər yalnız nizamsız artilleriya atışları və uğursuz hücumlar təşkil etməyə çalışırlar. Ona görə də bizim üçün ən rahat taktiki gediş odur ki, Şuşa və Laçın azad ediləndən, Gorus-Xankəndi yolu bağlanandan sonra düşməni arxadan vuranda onun Ağdərə və Ağdam istiqamətlərində qüvvəsi qalmayacaq.  Sağ cənub cinahda da Xocavənd rayonunda Qarakənd, Əmralılar və Kuropatkinonu azad etsək,  sonra Mərzili, Yusifcanlı, Novruzlu və nəhayət, Ağdam gəlir... Ondan sonra isə Papravənd gəlir. Papravəndin götürülməsi isə, inşallah, Ağdərənin də azad olunması deməkdir... 

Onu da deyim ki, gənc hərbçilərimizin təlimlərində fəal iştirakdan sonra ordumuzdakı çox böyük ruh yüksəkliyinin şahidi oldum. Hələ son 30 ildə belə bir əhval-ruhiyyə görməmişəm... Odur ki, inşallah, Qələbə bizimdir!.. Sadəcə, hər kəs səbirli və təmkinli olmalıdır...”- deyə keçmiş tabor komandiri vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də