Ermənistanın hərbi əməliyyatlarda uşaqlardan hərbi məqsədlərlə istifadə etməsi, uşaq bağçaları və məktəb binalarından hərbi obyekt kimi faydalanması ilə bağlı məlumatlar BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.
BMT tərəfindən belə bir sənədin yayılması Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilə bilərmi?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu baş verənlərin həqiqətən də Azərbaycanın uğuru olduğunu bildirib:
“Baş verənlər heç şübhəsiz ki, Azərbaycanın diplomatik uğurudur. Nəhayət ki, mötəbər beynəlxalq təşkilat baş verənlərə reaksiya bildirdi.
Bərdənin bombalanması ilə bağlı bir müddət öncə bəzi beynəlxalq təşkilatlar da müəyyən hesabatlarla çıxış etmişdilər. Bu təşkilatlar bir ara Azərbaycanın problemlərinə biganə idilər. Ancaq Bərdə ilə bağlı biz ilk hesabatları gördük. Mülki əhalinin hədəf alınması, kasetli bombalardan istifadə və s. kimi məsələlər bu hesabatlarda yer aldı. BMT-nin məlum hesabatı da Azərbaycanın haqlı mövqeyinin təsdiqidir.
Düşmən mütəmadi surətdə yaşayış məntqələrimizi atəşə tutur. Hansı ki, biz ancaq hərbi hədəflərə atəş açırıq. Əgər hansısa mülki erməni zərər görübsə, bu, onların öz məsuliyyətsizliyi ilə bağlıdır. Çünki Azərbaycan tərəfi ermənilərə dəfələrlə xəbərdarlıq edib ki, mülki insanlar hərbi obyektlərdən uzaq olsunlar. Azərbaycanın bu günə qədər hansısa mülki obyektə atəş açmasını əks etdirən heç bir fakt yoxdur. Ermənilər Gəncəni, Bərdəni vuranda, bunun beynəlxalq miqyasda ciddi reaksiya doğruduğunu görəndə, bizim guya Xankəndində hansısa mülki obyekti vurmağımızla bağlı yalan tirajlayırlar. Halbuki, ortada heç bir fakt yoxdur. BMT-nin məlum hesabatı göstərir ki, getdikcə beynəlxalq təşkilatların gözü açılmağa başlayır.
Əslində 90-cı illərdə də Ermənistanın mülki obyektlərimizi hədəf alması halları çox idi. O zaman beynəlxalq qurumlar buna lazımınca diqqət yetirmirdi. Indi isə internet əsridir. Hər hansı məlumatı gizlətmək mümkün deyil və hər kəs hər şeyi görür”.