Kosmos və texnologiya sahəsində yeni dövr başlayır. Astronomiya, kosmos və texnologiya sahəsi daim bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birinin inkişafına təkan verir. İşlənib hazırlanan müxtəlif üsullar qarşılıqlı olaraq tətbiq olunur, hətta gündəlik həyatımıza belə daxil olur. 2024-cü ildə həyata keçiriləcək təcrübə və missiyalar da bu baxımdan istisna deyil. Həmin layihələrdən biri kimi "NICA"nı (Nuclotron-based Ion Collider fAcility) göstərmək olar. "NICA" proqramı çərçivəsində kainatın yarandığı ilk saniyələr modelləşdiriləcək. Belə ki, Dubnada yerləşən, Azərbaycanın da üzv olduğu Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (CERN) kainatın yarandığı ilk 10 millisaniyədə necə olduğunu tədqiq etmək üçün yeni təcrübə aparılacaq. Bu məqsədlə ağır ionları toqquşdurmaq üçün yeni sürətləndirici kompleks – “NICA” inşa olunur.
Bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumatda bildirilir ki, Kollayder 2024-cü ilin sonunda istifadəyə veriləcək. Onun köməyi ilə fiziklər kainatın yarandığı ilk anlardakı “qaynar kainat maddəsini” alacaqlar. Bu maddə kvark-qlüon plazması adlanır. Kvarklar kainatın bizə məlum olan ən kiçik “tikinti materialıdır”. Maddə atomlardan, atomların nüvələri proton və neytronlardan, onlar da öz növbəsində kvarklardan ibarətdir. Kvark-qlüon plazması təcrübələri artıq CERN-də Böyük Adron Kollayderində (LHC) aparılır. "NICA"nın üstünlüyü ondan ibarətdir ki, LHC saniyədə 100 hissəcik toqquşmasını, "NICA" isə eyni enerji diapazonunda saniyədə 7000 belə hadisəni aşkar edir. Bu isə o deməkdir ki, CERN-də fiziklərin 6 illik işində əldə edə biləcəkləri elmi nəticələr 1 aya toplanacaq. "NICA"nın təqdim edəcəyi kəşflər kainatın necə yarandığını daha yaxşı anlamağa imkan verəcək. Bir vaxtlar nüvə parçalanmasının kəşfi nüvə silahının və nüvə enerjisinin yaranmasına səbəb olmuşdu. Ola bilsin ki, kvarkların tədqiqi bizə atom qüvvəsindən belə daha güclü qüvvə verəcək.
Cari ilin növbəti böyük elmi layihəsi ekzaflops superkompüterlər dövrünə keçidlə bağlıdır. Ekzaflops saniyədə 1018 əməliyyat deməkdir. 2024-cü ilin əvvəlində bazara çıxarılan Avropanın ilk ekzaflops kompüteri "JUPITER" bu performansa sahib olacaq. Bu superkompüter ARM arxitekturalı SiPearl Rhea prosesoru ilə təmin olunub. Hazırda dünyada ancaq bir superkompüter ARM prosessorla təchiz olunub. "JUPITER" Yulix Superkompüter Mərkəzində (Almaniya) quraşdırılacaq və hesablama gücü sayəsində alimlərə müxtəlif elm sahələrində elmi nailiyyətlər əldə etməyə imkan verəcək. Bu superkompüterlər böyük neyron şəbəkələri, yüksək keyfiyyətli iqlim modelləşdirməsi, ürək və beynin rəqəmsal modellərinin yaradılmasında istifadə olunacaq. Həkimlər bu kompüterlərdən virtual olaraq mürəkkəb əməliyyatlar və ya eksperimental dərmanlar, yeni müalicə üsullarının klinik sınaqlarını keçirmək üçün istifadə edə biləcəklər.
Bundan başqa, 2024-cü ildə kosmik missiyalar çərçivəsində Yupiter və Aya uçuşlar planlaşdırılır. Oktyabr ayında "Europa Clipper" avtomatik planetlərarası stansiyası Yupiterə göndəriləcək. Təxminən 5 milyard dollara başa gələn layihə Avropanın buzaltı okeanında həyatın olub-olmadığını aşkarlamaqdır. Avropa ölçüsünə görə Aydan bir qədər kiçikdir və alimlər hesab edirlər ki, əgər Günəş sistemində Yerdənkənar həyat forması axtarırıqsa, Avropadan başlamaq lazımdır. Orada mikrob şəklində həyat formaları yaxşı inkişaf edə bilər. "Europa Clipper" yalnız 2030-cu ildə Avropaya çatacaq və eksplutasiya müddəti 3 il nəzərdə tutulub.
“Artemis II” Ay missiyası isə 2024-cü ilin noyabrına planlaşdırılır. Belə ki, NASA (ABŞ Milli Kosmik Tədqiqatlar Agentliyi) Aya insanlı uçuşları yeniləyir. Ay missiyası çərçivəsində 3 ABŞ və 1 kanadalı astronavt Orion kosmik gəmisində uçacaq. 10 gün çəkəcək uçuşun proqramına peykin səthinə enmədən yalnız uçuş daxildir. Daha sonra 2025-ci ildə “Artemis III” missiyası zamanı kosmonavtlar Aya endiriləcək.