“Şuşanı muzey şəhərə çevirək! Hər şeyi muzey eksponatı kimi cilalayaq ki, gələn turistlər hamısı bəyənsin! Hətta sovetlər çağından miras qalan binaların da fasadını elə dəyişməliyik ki, şəhərin qədim görünüşünə xələl gətirməsin!" Özlüyündə nəcib təşəbbüsdür. Jurnalistikamızın indiki mətnlərində yuxarıda qeyd etdiyim fikirlər tez-tez yer almaqdadır. Şuşa həqiqətən də mədəniyyətimizin ayrıca bir incisidir. Burada mədəni mühti bərpa etməklə Azərbaycanın tanıtımı, turizmin inkişafına, ədəbiyyatımızın, musiqi sənətimizin inkişafına böyük təkan verə bilərik. Ancaq böyük qələbə savaşından sonra ordumuzun durumu, məskunlaşmanın vacib detalları, Qarabağın gələcəyi barədə məsələlərin müzakirəsindən yayındığımız kimi, bu məsələnin də müzakirəsinə ciddi yanaşmırıq. Bir suala cavab verək: Bizə Şuşa daha çox muzey şəhəri kimi lazımdır, yoxsa hərbi-strateji əhəmiyyətli yaşayış məntəqəsi kimi? Fikrimcə, Şuşanı muzeyləşdirmədən öncə, səngərləşdirmək, istekamlaşdırmaq lazımdır ki, bir də onu əldən vermək mümkün olmasın".
RegionTV.info-nun "Pravda.az"-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, ora hər cür yeraltı, yerüstü müdafiə qurğuları ilə təchiz etməlidir: “Şuşaya daha çox mahnı oxumağı, əsasən İsa bulağında kabab yemək istəyənləri, mülkiyyət kağızı olanları deyil, o şəhəri azad edənləri, o şəhərin hərbi-strateji dəyərini anlayanları yerləşdirməliyik ki, ən kritik anlarda imanıyla və silahıyla oranı qoruya bilsinlər. Xankəndi hələ ki, bizdə deyilsə, Şuşanı muzeyləşdirmək də erkəndir. Burada hökmən qardaş Türkiyənin konsulluğu açılmalıdır. Bu şəhər bizim Qarabağı müşahidə və Qarabağa nəzarət mərkəzimiz olmalıdır. Orada vəzifələrə xüsusi xarakterə sahib şəxsləri təyin etməliyik. Bu kimi məkanlarda doğru kadrların seçilməsi Xankəndinin də tezliklə ram edilməsi deməkdir. Cermuqla İstisu bir dağın iki tərəfi olsa da o zaman sovet arealında ticarət və iaşə şəbəkəsində erməninin Cermuq suyu azərbaycanlının İstisuyunu həmişə üstələyirdi. Sadəcə, qablaşdırılmasında, butulkasının keyfiyyətində və etiketinin təzəliyində fərq olduğuna görə. Bu bütün sahələrdə belə idi. Yevlağa, Şəkiyə, Gəncəyə təyinat almaq üçün rüşvət verən ali məktəb və ya texnikum məzunları Şuşaya, Laçına, Zəngilana, Kəlbəcərə getməyə elə də can atmırdılar. Buralara əsasən himayəsi, imkanı olmayanları göndərirdilər. Çünki buralar əhalisi kasıb olduğuna görə həkim üçün də, polis üçün də, prokuror üçün də, hətta raykom katibi üçün də pul qazanmaq üçün əlverişli yerlər sayılmırdı. İndi biz bu anlayışı ortadan qaldırmalıyıq. Biz burada məskunlaşmağa dədə-baba yurdunda ev tikdirib Bakıda sükunətli yaşamını sürdürmək istəyənləri deyil, Moskvada yaşayıb atasının əkdiyi ağacı ildə bir dəfə qucaqlamaq istəyənləri deyil, ən fədakar həkimi, hərbçini prokuroru, polisi, məmuru cəlb etməliyik. Türkiyənin Milliyyətçi Hərəkat partiyasının burada məktəb açmasını da alqışlayıram, hərçənd ki, biriləri səfehcəsinə buna imkan verməyi vətənə xəyanət hesab edir. Qardaşımız, ən böyük dəstəkçimiz Türkiyə bu bölgədə hansı təşəbbüsü göstərəcəksə, qapıları üzünə taybatay açmalıyıq. Bir sözlə, Rusiya sülhməramlıları ilə, zəhərli və hiyləgər erməni varlıqları ilə ağıllı şəkildə çilng ağac oynaya biləcək qabiliyyətə sahib olmalıyıq ki, bölgənin də tam sahibinə çevrilə bilək".
Xəbəri paylaş