Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda ailə dəyərləri məhv olur - SƏBƏBLƏR

Azərbaycanda ailə dəyərləri məhv olur - SƏBƏBLƏR


Əvvəllər Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biri hesab olunurdu. Ancaq son vaxtlar ictimaiyyət böyük səs-küy doğuran, ölümlə nəticələnən ailə-məişət hadisələrinə tez-tez şahidlik edir.  Ailə üzvlərinin bir-birilərinə qarşı xoşagəlməz davranışları, qəddarlıq, qan tökülməsi kimi hallar  Azərbaycanda da ailə dəyərlərinin getdikcə aşındığından, hətta məhv olmağından xəbər verir.

Bəs bunun səbəbləri nələrdir?

 
Mövzu ilə bağlı  danışan Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Lalə Mehralı deyib ki, ailə valideynlər və uşaqlardan ibarət ən kiçik sosial quruluşlu müəssisədir və cəmiyyəti təşkil edən institutların əsasıdır:

“Güclü ailə quruluşu ilə güclü cəmiyyət arasındakı bağ bir-biri ilə düzmütənasibdir. Əslində ənənəv azərbaycanlı ailəsindəki parçalanma, nəsillərarası fərqlər, boşanmaların çoxalması, vətəndaş nikahlarının və atasız uşaqların getdikcə artması bir qədər gözlənilən idi. Çünki hadisələrin inkişafı bu sonu qaçılmaz edib. Lakin bu dərəcədə aşınma bir növ inqilab, çevriliş effekti oldu. 

Müxtəlif səbəblərdən ailə anlayışının dəyişməsi və problemli ailələrin getdicə çoxalması indi cəmiyyətin əsas məsələsinə çevrilib. Vətəndaş nikahı 10 il əvvəl nadir rastlanan vəziyyət idisə, bu gün normal qarşılanır. Atasız uşaqlar, anasının himayəsində böyüyən körpələr günü-gündən artır. Övladına işgəncə edən valideyn, qızına sataşan ata, bacısını öldürən qardaş, bütün ailəyə qətliam edən oğul kimi hadisələrə şahid oluruq”.
 

Lalə Mehralı hesab edir ki, baş verən hadisələrin əsas səbəbi qlobal təsirlərdir:
 

“Çünki insanların sərhədsiz ünsiyyət, sosiallaşmaq kimi məşğuliyyətləri mental dəyərlərinə də təsirsiz ötüşmür. Qidalanma faktoru da əhəmiyyətlidir, insan yediyi qidaya uyğun davranır, yediklərimiz psixologiyamızı formalaşdırır. Ailədaxili münasibətlər sosial problemdir və dolayısı ilə bütün cəmiyyətin problemidir. Ailədə gərginlik varsa, öncə sosioloji tərəfləri araşdırılmalıdır. 

Psixoloji problemlərin çoxu əslində sosioloji problemlərdən doğur. Ailə asan qurulmur, amma müşahidələrimə görə çox asanlıqla dağılır. Ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. Oğlanlar ailə qurmaqdan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, o da qorxur, necə deyərlər süddən ağzı yanan suyu üfürərək içər”,- deyə sosioloq vurğulayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də