Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ürəklərdə yeri qalan şəhid KAPİTAN


Ürəklərdə yeri qalan şəhid KAPİTAN

Bu gün İkinci Qarabağ savaşında ölkəmizin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladı, tibbi xidmət kapitanı Anar Kərəm oğlu Məmmədovun anım günüdür.

Əslən Cəbrayıl rayonunun Dağtumas kəndindən olan Anar Məmmədov 7 iyun 1984-cü ildə anadan olub.

Anar Məmmədovun  valideynləri Kərəm Həsən oğlu və anası Gilas Mehrac qızı əslən Cəbrayıl rayonunun Dağtumas kəndindən idi. 1983-cü ildə ailə həyatı quran cütlük az sonra Bakıya –Binəqədi rayonuna köçüb. İlk övladları Anar dünyaya gələndə çox sevinmişdilər. Bir il sonra bu sevincin üstünə biri də əlavə olundu – qızları Gülnaz dünyaya gəldi. Bir cüt övladını böyük məhəbbətlə sevən, bəxtəvər günlərini yaşayan ata-ana onları əsl Azərbaycan vətəndaşı, elə-obaya, Vətənə xeyir verən cəmiyyət üzvləri kimi görmək istəyirdilər. İş elə gətirdi ki, Anarla Gülnaz eyni ildə eyni məktəbin - Binəqədi rayonundakı Azər Məmmədov adına 115 saylı orta məktəbin birinci sinfinə daxil oldular. 2003-cü ildə orta məktəbi bitirərək hər ikisi Tibb Universitetinə qəbul olundular.

Anar lap yeniyetməlik vaxtlarından həkim olmaq arzusundaydı. Müəllimlərinin və valideynlərinin dediyinə görə, Anarın bütün fənlərə olan marağı, bilik və bacarıqları ona bu şansı verə bilərdi. Elə bu istəklə də Anar Məmmədov Tibb Universitetinin Pediatriya fakültəsinə daxil oldu. V kursa gələnə qədər bir fikir onu rahat buraxmırdı: hərbi həkim olmaq... Elə buna görə də 2006-cı ildə öz istəyi ilə təhsilini Hərbi tibb fakültəsində davam etdirməyə başladı. Artıq o hərbi həkim olmaqla bərabər peşəkar hərbçi olacaqdı.

Anarın təhsilini bu istiqamətə yönəltməsinin əsas səbəblərindən biri də ata-baba torpaqlarının düşmən işğalı altında olması ilə bağlı idi. O, hərbi tibb təhsilini bitirib baş leytenant kimi 2008-ci ildən Şəmkir korpusunda həkimlik fəaliyyətinə başladı. 2009-2013-cü illərdə Füzulidə xidmət etdi, daha sonra isə Cəlilabad korpusunda işlədi. Elə oradan da Əfqanıstana ezam edildi, 6 ay sülhməramlı taborda hərbi həkim kimi xidmətini davam etdirdi.

Anar Məmmədov Əfqanıstandan qayıtdıqdan sonra Ağcabədi, Beyləqan, Qusar korpuslarında xidmət etdi. O, harda olurdusa, öz dünyabaxışında həkimliklə hərbçilik arasında bir uyğunluq, yaxınlıq görürdü. Hərbçi sağlam və möhkəm olmalıdır. Bunun üçün də həmişə həkim məsləhətinə ehtiyac duyur. Bax, bu uyğunluğu Anar Məmmədov bir yerə sığışdıra bilirdi. Ona görə də 2018-ci ilin dekabrında tibb xidməti kapitanı kimi Bakı şəhərində Pirəküşkül Hərbi Hissəsində xidmətini davam etdirirdi.

Anar Məmmədov hələ 2016-cı ildə Lələtəpə döyüşlərində iştirak etmiş, burada da xidməti ləyaqət və sədaqət göstərmişdi. Sosial şəbəkələrdə olan video-çarxların birində rastımıza çıxan bir görüntüdə danışan əsgər belə bir təəssürat paylaşırdı:

“Lələtəpədə ağır yaralanmışdım. Məni xərəkdə gətirirdilər. Bir neçə dəqiqəlik dincəlmək üçün məni yerə qoydular. Birdən bir zabit yaxınlaşdı. Baxdım ki, Anardı. O, məni tanımışdı. Əyilib üzümdən öpdü, sonra sənə ağrıkəsici vurublarmı, – deyə soruşdu. Yox – dedim. Tez çantasından ağrıkəsici çıxarıb mənə vurdu. Ürək-dirək verib, qorxma, – dedi. Ölmə, hələ işlərimiz çoxdu. Bundan sonra dönüb döyüş gedən istiqamətə getdi. Mən sağaldım. O, sonradan kapitan rütbəsində idi. Mən sağaldım, amma o, Vətən Müharibəsində şəhid oldu”.

Pirəküşküldə xidmət edən Anar 26 sentyabr 2020-ci ildə evlərinə gəlir və mən poliqona gedəcəm, təlimlərə, – deyib doğmaları ilə görüşərək gedir.

Anarın bacısı Gülnaz xanım deyir ki, qardaşı sağollaşıb elə o gedən oldu.

“Oktyabrın 1-də telefonla danışdıq, “hər şey yaxşıdır”, – dedi. Harada olduğunu söyləmədi. Biz də arxayın idik. 2-3 gündən bir telefonla danışırdı. Həmişə də yüksək əhval-rühiyyədə idi. Həkim olduğu üçün müharibə zonasında olmadığını deyirdi. İşində çox ciddi idi, əsil hərbçi kimi, sirr saxlayan idi. Oktyabrın 29-u zəng vurub mənlə danışdı. Dedi ki, Cəbrayılın Dağtumas kəndini geri almışıq. Onda bildik ki, Anar müharibədədir. Ancaq narahat və qayğılı danışırdı.
Noyabrın 2-də Xocavənd istiqamətində gedən döyüşlərdəki ağır yaralılara kömək etmək üçün gedərkən yolda mühasirəyə düşüb, son nəfəsinə kimi vuruşub, qəhrəmancasına şəhid olub. Mənim qardaşım 44 günlük müharibənin 37 gününü qanlı döyüşlərdə olub”.

Tibbi xidmət kapitanı Anar Məmmədov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün təmin edilməsi zamanı döyüş əməliyyatlarında yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən, igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezidentin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Qəhrəman zabitimiz II Fəxri Xiyabanda ana torpağa tapşırılıb.

Anar Məmmədov həmişə həkimlik peşəsinə müqəddəs bir peşə kimi baxmışdı. Onun hərbi həkim kimi məhz döyüş zonasından kənardakı hospitallarda yox, birbaşa səngərlərdə döyüşçülərin yanında olması, bu müqəddəslik və insanlara sevgisindən irəli gəlirdi. Anar bir həkim kimi bilirdi ki, yaralanmış əsgər ilk tibbi yardım yerinə çatana qədər çox vaxt həyatını itirir. Əgər yaralıya anındaca yardım göstərsən, onun yaşamaq şansı artar. Bizim qəhrəmanımız kapitan Anar Məmmədov da məhz bu kriteriyaları əsas götürürdü. Əgər mühasirəyə düşəndə aramsız müdafiədə olmasaydı, bəlkə öz yaralarına da məlhəm edərdi. Nə yazıqlar ki, bu da müharibənin reallığıdır.

Hərbi hissədə hamının sevimlisi olan Anar həkim qohum-əqrəba, yaxın dost-tanış arasında da hörmət-izzət sahibiydi. Hamının qəlbində onun ayrıca yeri vardı.

Şəhidin yaxın qohumu, tanınmış şair Malik Əhmədoğlu onun haqqında üzülə-üzülə danışır. Malik müəllim deyir ki, ömrünün 36-cı ilində əbədiyyətə qovuşan Anar haqqında danışmaq çox ağırdı.

“Onu da xatırladım ki, Mahmudov Əli, Məmmədov Söhrab, Məmmədov Məzahir, Cəbrayılov Vüqardan sonra Anar nəslimizin 5-cı şəhididir. Adını çəkdiklərim I Qarabağ müharibəsinin şəhidləridir. İllər öncəsi 29 nəfər Dağtumas şəhidinə həsr olunan kitabı yazarkən mən bu ağrıları yaşamışdım. II Qarabağ müharibəsində Anar bu yolun şərəfli davamçısı olduğunu sübut etdi. Onun hərbi həkim kimi fəaliyyəti öz parlaqlığı ilə üzə çıxırdı. İstər Lələtəpə döyüşlərində, istərsə də Vətən müharibəsində elinə, nəslinə, millətinə layiq bir oğul olduğunu göstərdi. Noyabrın 3-də Anar qəhrəmancasına şəhid olub. Ancaq bu xəbəri anaya verməyə (çünki ata 2 il öncə vəfat eləmişdi) heç kəs cəsarət eləmirdi. Evlərinə gəlib-gedənlər onun guya yaralanma xəbərini eşitdiklərini bildirirdilər. Ayın 3-də cənazə gecə gətirilənə qədər deyəsən ananın ürəyinə nəsə dammışdı”.
 

Anarla Azərbaycan Tibb Universitetində eyni vaxtda oxumuş tələbə yoldaşı, həkim Nigar Haşımova:

“2008-ci illərdə Anarla bərabər təhsil almışıq. 2008-dən sonra o, hərbi tibb fakültəsində təhsilini davam etdirdi. Açığı deyim ki, öncə təəccüblənmişdim buna. Çünki çox sakit təbiətli idi, sanki öz dünyası vardı onun. Belə bir ifadə var, “danışdırmasan danışmaz, dindirməsən dinməz”. Nadir hallarda gülərdi. Sanki hər zaman nə isə düşünürdü. Amma arada onunla zarafat eləyir, güldürməyə çalışırdım. İndi bunları deyəndə o günlər ağlıma gəlir. Bəlkə də mənim qəlbimə dəyməsin deyə gülürdü. O, heç kəsin xətrinə dəyməz, səsini yüksəltməzdi, hər kəslə hörmət saxlayardı. Daha sonra təhsillə əlaqədar mən Türkiyəyə getdim, o isə hərbi tibb fakültəsinə keçdi. Tələbə yoldaşlarımdan hal-əhval tutduqca ondan da xəbər tuturdum. Eşidirdim ki, işini məsuliyyətlə, sevə-sevə görür. Vətənin ən çətin günlərində canı, qanı bahasına əsgərlərimizə xidmət etməsi də bunun bariz nümunəsidir. Anarla sonuncu dəfə 2008-ci ildə “Semaşko xəstəxanası”nın həyətində görüşmüşdüm. Və indi çox üzülərək deyirəm ki, illər sonra onunla Fəxri Xiyabanda görüşdüm. Allahdan ona rəhmət diləyirəm. Nə yaxşı ki, onu tanımışam”.

Hərbçi yoldaşı Elvin deyir ki, Anar həm həkim, həm hərbçi, həm də gözəl insan idi:

“O, bu döyüşlərdə yüzlərlə yaralıya ilk tibbi yardım göstərərək təkcə öz hərbi hissəmizin yox, digər hissələrin yaralı əsgərlərini də öz qardaşı, doğması kimi həyata qaytarmışdı. Anar həkim yaralı döyüşçülərin ilk yardımdan sonra təxliyə olunmasında əsl qəhrəmanlıq göstərmişdir. Növbəti döyüş əməliyyatı zamanı mühasirəyə düşən igid həkim-döyüşçü də qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı”.

Anar həqiqətən də bir qəhrəman idi. Bəli, qəhrəmanlar ölmürlər, onların sonrakı həyatı sevənlərinin ürəyində davam edir, yaşayır. Anar Kərəm oğlu Məmmədov da belə qəhrəmanlardandır. Elə ona görə də Tibb Universitetinin hərbi kabineti onun adını daşıyır. Hər gün II Fəxri xiyabana gələn insanlar yüzlərlə şəhid məzarları içərisində onu tez tapırlar. Hər iki peşəni – həkimliyi də, hərbçiliyi də sevmişdi. Amma məzar daşından boylanan şəklində o daha çox həkim kimi tanınır, qayğıkeş baxışlarıyla...
 

İsmayıl İmanzadə,
Tariyel Abbaslı


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də