İranda hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü kütləvi etirazlara səbəb olub. Gənc qızın polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını deyən sakinlər küçələrə axışaraq, etiraz səslərini ucaldıblar.
Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Burnu qırılan Məhsa aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib.
İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Gənc qızın anası və yaxınları hadisədən sonra aksiya keçirməyə, beynəlxalq təşkilatlara çağırış etməyə başlayıblar. Paytaxt qadınları xəstəxananın qarşısına toplaşaraq hökumətə qarşı şüarlar səsləndiriblər.
Dəfn mərasimində iştirak edən minlərlə vətəndaş İranın ali dini lideri Əli Xameneyini nəzərdə tutan "Ölüm olsun diktatora" şüarını səsləndiriblər.
Məhsa Əmininin ailəsinin verdiyi məlumata görə, Tehran hökuməti ölüm səbəbləri barədə məhkəmə ekspertizası araşdırması olmadan tələsik dəfn mərasiminin keçirilməsini tələb edib və buna görə ailəyə təzyiq göstərilib.
Dəfn mərasimində Məhsa Əmininin ailəsi və yasa qatılanlar arasında qarşıdurma yaranıb. İranalı qadınlar etiraz əlaməti olaraq hicablarını çıxarıblar.
Məhsa Əmininin öldürülməsinə cavab olaraq Beynəlxalq Əfv Təşkilatı bəyanat yayıb.
Qurum şübhəli ölümə səbəb olan hallar, o cümlədən təcridxanada işgəncə və digər pis rəftara dair xəbərlərin cinayət işi üzrə araşdırılmasına zəmin yaratdığını bildirib.
Daha sonra İranın bir çox yerlərində qadınların etiraz aksiyalarına start verilib. Dünyanın dörd bir yanından iranlı qadınlara dəstək nümayiş olunub.
Bu dəfə aksiya iştirakçıları ötən illərlə müqayisədə daha qətiyyətli görünür. Nümayişlərdə daha çox etnik kürdlər fəaldırlar. Buna səbəb öldürülən qızın milliyyətcə kürd olmasıdır. Etiraza qalxan qadınlara onlara azadlıq verilməsinin, hicaba görə cəzaların ləğvini tələb edirlər.
Qadınlarn aksiyaları hələlik azərbaycanlıların yaşadığı ərazilərdə yayılmayıb. Etnik türklər aksiyalara qoşulmayıb.
Onu da bildirək ki, bu, İranda qadınların ilk aksiyası deyil. Müxtəlif illərdə iranlı qadınlar hicab taxmaq istəmədiklərini dilə gətirərək aksiya keçiriblər. Amma hər dəfə polis tərəfindən aksiyalar dayandırılıb və onların tələbləri yerinə yetirilməyib.
İndi isə qadınlar polislərin təzyiqinə baxmayaraq, şəhərin mərkəzində hicablarını yandırmaqla dirəniş göstərirlər. Bəzi qadınların parklarda, küçələrdə və dəniz kənarında hicabsız gəzməsini əks etdirən videolar yayılmaqdadır. Bir çoxlarının isə şortik və köynək geyindiyini kadrlardan görmək olar.
Minlərlə insanın izlədiyi və paylaşdığı videolardan birində qadının çimərlikdə gəzərkən çadrasını çıxararaq yerə atdığı və onu tapdalayaraq ərazidən uzaqlaşdığı anlar əks olunub.
Etirazçı qadınlar hakimiyyətdə olan kişilərə də müraciət ediblər, onlardan dəstək istəyiblər:
"Bizi öz mülkünüz kimi görürsünüz. Sizin ləyaqətinizə xidmət etdiyimizi düşünürsünüz. Bizi zəif və kövrək görürsünüz və öz güvənsizliyinizi ört-basdır etmək üçün başımızı örtməyə məcbur edirsiniz. Biz hakimiyyətdən də bezmişik. Bütün qadınlar bizə qoşulmalıdır”.
İranın Ədliyyə Sisteminin rəhbəri Qulamhüseyn Mohseni Ajeei qadınların nümayişinin arxasında xarici qüvvələrin dayandığını deyib və kəşfiyyat xidmətlərinə “məsul şəxslərin tapılmasını” əmr edib.
İran Prezidenti İbrahim Rəisi isə “mütəşəkkil korrupsiyanın qarşısını almaq” öhdəliyi götürüb. Bununla belə, bir çox qadınlar bütün təhlükələrə rəğmən aksiyaları sonadək davam etdirəcəklərini vurğulayıblar.
Qeyd edək ki, İranda hicab taxmamaq cinayətdir. Buna görə qadınlara ağır cəzalar tətbiq olunur.