Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan diplomatiyasının ağsaqqalı vəfat etdi

Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultanzadə 87 yaşında vəfat edib.
Bu barədə  mərhumun qızı Firuzə Sultanzadə məlumat verib.

O bildirib ki, mərhum ötən gecə dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün II Fəxri Xiyabanda - atasının yanında torpağa tapşırılacaq.

Vəhdət Sultanzadə diplomatik fəaliyyəti dövrü (55 il) ərzində müxtəlif rəhbər vəzifələri tutub. Keçmiş SSRİ-nin mükafatları ilə təltif edilib. Birləşmiş Millətlər Təşkilatının “Dünyada sülhün qorunması işinə verdiyi töhfəyə görə” yubiley medalı ilə mükafatlandırılıb. 

Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda 6 saylı məktəbdə alıb. Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin məzunudur.  

Peşəkar diplomat karyerası boyunca Əfqanıstan, İran, Mərakeş, Türkiyə və Türkmənistanda atteşedən tutmuş fövqəladə və səlahiyyətli səfirə kimi müxtəlif nüfuzlu vəzifələrdə çalışıb.

O diplomatiya fəaliyyətinə ötən əsrin 60-cı illərində Əfqanıstanda tərcüməçi (1962-1966) kimi başlayıb.

 
1970-1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində müxtəlif vəzifələr tutub. Daha sonra SSRİ-nin İran İslam Respublikasındakı konsulu olub. 1-ci dərəcəli Müşavir diplomatik dərəcəsini alıb. 
 
1988-1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu olub.
 
1991-1993-ci illərdə Rusiyanın və Azərbaycanın Türkiyə Respublikasındakı konsulu kimi fəaliyyət göstərib. O, İstanbulda xarici diplomat olaraq 2 il ərzində eyni zamanda iki ölkəni təmsil edib – Azərbaycanı və Rusiyanı.
 
1992-ci ildə Azərbaycanın İƏT-ə daxil olmasını təşkil edib. Bakı-İstanbul marşrutu ilə ilk turist reysini təşkil edib.
 
Onun peşəkar keyfiyyəti və dövlətinə sədaqətini nəzərə alan görkəmli siyasi xadim Heydər Əliyev 1994-cü ildə Vəhdət Sultanzadəni Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatı ilə iş aparan idarəsinə rəhbər təyin edib. Bununla da ona çətin bir vəzifə - 53 müsəlman ölkəsi ilə əlaqələrə nəzarət etmək tapşırılıb. 

1994-cü ildə İƏT-ə üzv ölkələrin Kasablanka şəhərində (Mərakeş Krallığı) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib. Vəhdət Sultanzadənin səyləri nəticəsində bu zirvə görüşündə İƏT-in qəbul etdiyi qətnamədə Ermənistan ilk dəfə olaraq Azərbaycana qarşı təcavüzkar kimi qəbul edilib.
 
1997-ci ildə İƏT-ə üzv ölkələrin Tehran şəhərində (İran İslam Respublikası) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib.
 
Vəhdət Sultanzadənin peşəkarlığı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib.
O, 2006-2010-ci illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. 2010-cu ildə Prezident İlham Əliyev onu Türkmənistanda fövqəladə və səlahiyyətli səfir, 5 il sonra isə (2015-də) eyni vaxtda Əfqanıstanda səfir təyin edib. Bu, dünya diplomatiya praktikasında yeganə hal idi ki, 80 yaşlı şəxs Prezident tərəfindən səfir təyin edilirdi. Sözügedən təyinat zamanı sözsüz ki, Vəhdət Sultanzadənin peşəkarlığı, təcrübəsi və biliyi əsas götürülmüşdü.  
 
 “Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə” Türkmənistanın dövlət mükafatına – “Vatana bolan söýgüsi üçin” (“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilib.
O, Xəzər dənizində Azərbaycan-Türkmənistan “Dostluq” karbohidrogen yatağının istismarı layihəsinin birinci mərhələsində fəal iştirak edib.
 
V.Sultanzadə Türkmənistan və Əfqanıstanda 10 ildən çox çalışdıqdan sonra, 2020-ci ildə diplomatik xidmətini tamamlayıb.

Yaxın Şərqin diplomatiyası, tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında silsilə məqalələrin və kitabların (“Diplomatik protokolun praktiki məsələləri”, “Nizaminin hikmət və nəsihətləri” adlı 2 nəşr, 5 cildlik “Heydər Əliyev və Şərq” əsərinin həmmüəllifi) müəllifidir. Sakıp Sabancının “Dəyişən və yüksələn Türkiyə” kitabını Azərbaycan dilində hazırlamış və nəşr etmiş, fars dilində “Heydər Əliyev və İran” adlı kitab nəşr etmişdir.
2018-ci ildə Vəhdət Sultanzadənin "Diplomatiya: içəridən baxış" kitabı nəşr olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də