“Hazırda ali təhsil müəssisələrində tyutor ştatı var. Fikrimcə, orta məktəblərdə də buna bənzər bir ştat yaratmaq olar. Müəllimi bacardıqca kağız-kuğuz işindən uzaqlaşdırmaq lazımdır. Onun işinin keyfiyyətini verdiyi yazılı hesabatlara görə deyil, gördüyü işə əsasən qiymətləndirmək lazımdır”.
Bu sözləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov orta məktəblərdə müəllimlərin sənədlərin tərtibatına çox vaxt sərf etməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ümumi təhsil pilləsində hüquqi-normativ sənədlərin bir çoxu biri-biri ilə tam uzlaşmır:
“İlk növbədə qeyd edim ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən normal və təhlükəsiz iş şəraiti ilə təmin olunmaq, təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək, keyfiyyətli təhsil vermək, əmək müqaviləsi ilə müəyyənləşdirilən əmək funksiyalarını yerinə yetirmək, ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv təlim metodlarını, innovasiyaları öyrənmək və tətbiq etmək, əlavə məşğələlər, sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirmək, valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək ümumtəhsil məktəbində təhsilverənlərin hüquq və vəzifələri kimi müyyənləşdirilib. Bu gün ümumi təhsilin istər idarə edilməsi, istərsə də təşkili ilə bağlı hüquqi normativ bazada ciddi çatışmazlıqların olması göz önündədir və bu çatışmazlıqdan ən çox əziyyət çəkən təhsilin bütün tərəfi, xüsusi ilə məktəb rəhbərləri və müəllimlərdir. Baxmayaraq ki, 2009-2011-ci illərdə Nazirlər Kabineti və Təhsil Nazirliyi tərəfindən bir neçə ciddi normativ sənədlər qəbul edilib. 2014-2015-ci illərdə hüquqi-normativ bazanın genişləndirilməsi ilə bağlı müəyyən ciddi addımlar atılsa da,bu proses hələ ki, yarımçıq olaraq qalmaqdadır.
Bu günki mənzərə ondan ibarətdir ki, təhsil sahəsində, xüsusi ilə ümumi təhsil pilləsində hüquqi-normativ sənədlərin bir çoxu biri-biri ilə tam uzlaşmır, fəaliyyətlərin təşkili ilə bağlı təlimatlar və qaydalar kifayət qədər lazımi səviyyədə deyil. Nəzərə alsaq ki, müəllimin iş vaxtının norması astronomik saatla müəyyən edilir, amma bir dərs saatının miqdarı 45 dəqiqədir. Əmək qanunvericiliyimizə əsasən, xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müəllimlərimizin böyük əksəriyyətinin qadın olduğunu, onların ev, ailə, məişət qayğılarını da nəzərə alsaq, bu müddətlərdə müəllimin üzərinə düşən vəzifələri hələ keyfiyyət bir yana, heç lazımi səviyyədə yerinə yetirə biləcəyi də o qədər də real görünmür".
K.Əsədov bildirib ki, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazımdır.
“Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən, konseptual sənəd olaraq Azərbaycanda ümumi təhsilin konsepsiyası (Milli kurikulum) kimi təsdiq edilmiş bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanan qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla, vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar heç şübhəsiz ki, Azərbaycanda təhsil islahatlarının sonrakı gedişinə də təsirsiz ötüşmədi. Kurikulumun tələbləri səviyyəsində hazırlanan və 2009-cu ilin yanvarında təsdiq olunan “Ümumtəhsil sistemində qiymətləndirmə konsepsiyası”na gözucu belə diqqət yetirməklə, məsələnin nə dərəcədə qəlizləşdirildiyinin və təhsil alanlarla təhsil verənlər üçün hansı əlavə problemlər yaratdığının şahidi olmaq o qədər də çətin deyil. Təsəvvür edin ki, təkcə elə milli qiymətləndirmə hesab etdiyimiz məktəbdaxili qiymətləndirmə üç komponentdən ibarətdir: “diaqnostik“, “formativ “, “summativ”. Hələ bu summativlərin “makro” və “mikro” adlanan böyüyü və kiçikləri də var. Müəllimlər və məktəb rəhbərləri bütün iş-güclərini atıb bu summativləri keçirmək, nəyi nəyəsə vurub, nəyinsə üstünə gəlib, nəyinsə ədədi ortasını tapıb, nə isə bir yuvarlaq qiymət çıxarmaqla məşğuldurlar. Daha sonra kurikulum üzrə qiymətləndirmə, yekun qiymətləndirmə, bir səviyyədə müəllimlər və məktəb rəhbərliyi tərəfindən, başqa mərhələdə mərkəzləşdirilmiş qaydada və s. formada… Bir sözlə makulatura yığnağı. Bu mənada hesab etmək olar ki, doğru yolu tapmaq üçün məhz summativlərdən başlamaq lazım idi. Bu addım hər şeydən əvvəl müəllimləri əlavə yükdən, ən başlıcası isə şagirdlərimizi lazımsız stressdən, fiziki və mənəvi gərginlikdən azad edəcək. Əsas dəyişiklikərin summativ qiymətləndirmələr və onların formatı ilə bağlı olacağı nəzərdə tutulurdu. Belə ki, birinci siniflərdə summativ qiymətləndirmənin olmayacağı, ikinci və üçüncü siniflərdə isə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacağı barədə rəsmi fikirlər səsləndirildi”,- ekspert qeyd edib.
K.Əsədovun problemin həlli istiqamətində bəzi təklifləri də var. O, müəllimlərin rahjat dərs keşməsi üçün məktəblərdə summativlərin aparılması, yoxlanılması, qiymətləndirilməsi ilə məşğul olacaq xüsusi ştatın ayrılmasını təklif edir.
"Summativlərin hazırlanması xüsusi işdir, onun qiymətləndirilməsi üçün gərək, ən azı mühasib olasan. Müəllimin fikri kağız-kuğuz yazmaqda qalmamalıdır. Onun şagirdə verdiyi biliyi başqa bir qurum qiymətləndirməlidir. Belə olsa, müəllim də işinə daha məsuliyyətlə yanaşar, şagirdlər də. Müəllimdən o qədər şey tələb olunur ki, bunları yerinə yetirmək praktik olaraq mümkün deyil”.
Xəbəri paylaş