RegionTV.info
Azərbaycanda əhalinin yarısı artıq peyvənd olunub, ölkədə vurulan vaksinlərin ümumi sayı 5 040 778 təşkil edir. Kollektiv immunitetin yaranmasına az qalıb da deyə bilərik. Bəs nə qədər vaxt qaldı, bunun üçün daha nə qədər insana vaksin vurulmalıdır? “Delta” ştammını “məyus edə” biləcəyikmi?
Bu arada Çində peyvəndlərlə bağlı qəbul olunan yeni qərar heç də ürəkaçan deyil. Ölkənin “Sinovac” şirkətinin peyvəndi olan “CoronaVac” koronavirusun mutasiya olunmuş variantlarına qarşı effektli deyil. Belə ki, sözügedən peyvəndi vurduran şəxslər hazırda dünyada yayılmaqda olan “Delta” ştammına yoluxa bilərlər. Buna görə də Çində qəbul olunan yeni qərara görə, “CoronaVac”ın hər iki dozasını vurduran şəxslərə “Pfizer” peyvəndi vurulacaq.
Bizdə də “CoronaVac” vurulan şəxslər yenidən başqa vaksin vurdurmalıdırmı? Nə etmək lazımdır?
Bu arada, avqustun 9-dan etibarən ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə “Əks göstəriş sertifikat”ının verilməsinə başlanılacaq. “Əks göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinika həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks göstəriş sertifikat”ı veriləcək.
Yeri gəlmişkən, Sankt -Peterburqda koronavirusa qarşı peyvənd edildikdən sonra ilk ölüm hadisəsi rəsmi olaraq qeydə alınıb. “MBH Media” bu fakta əsaslanaraq bildirib ki, peyvənddən sonra ilk bir neçə ölüm Sankt-Peterburqun sağlamlıq komitəsi tərəfindən təsdiqlənib. Komitə bu hallarla bağlı heç bir konkret məlumat açıqlamayıb: “Nə ölüm sayı, nə yaşı, nə rəsmi ölüm səbəbi, nə də digər xəstəliklərin siyahısı hələ ki məlum deyil”.
Bu və digər suallarla bağlı ekspertlərin fikrini öyrəndik. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini bildirdi: “İlk öncə deyim ki, bu vaksinlərin hazırlandığı dövrdə rast gəlinən ştamlara daha təsirli olacağını öncədən demişdik. Yəni hazırda ortaya çıxan ”Delta" ştammına bəzi vaksinlər qismən təsir edəcək, bəzilərinin isə daha təsirli ola biləcəyini öncədən gözləyirdik. Bu, tibbin və ya həkimlərin səhvi deyil, sadəcə olaraq, vaksinlər mövcud xəstəliyin mövcud genotipləri nəzərə alınaraq hazırlanır. Ona görə də bəzi vaksinlər “Delta” ştamına qarşı qismən effektsiz ola bilər. Bu gün demək mümkün deyil ki, “CoronaVac” tam effektsizdir. Çünki o vaksini vurduranların bu xəstəliyi daha yüngül keçirmələrini müşahidə edirik. Hazırda dünyada üstünlük təşkil edən ştama qarşı hansı vaksin daha effektivdir demək üçün zaman lazımdır".
N.Məmmədova kollektiv immunitetin yaranıb-yaranmaması məsələsinə də münasibət bildirib: “Hər zaman bunu vurğulayırıq ki, kollektiv immunitet o zaman yaranır ki, əhalinin daha çox hissəsi qısa, eyni zaman çərçivəsində vaksinasiya olunsun. O zaman biz kollektiv immunitetdən danışa bilərik. Amma xüsusən ”Sinovac" vaksinində biz deyirik ki, xatırlatma dozası lazımdır. Xatırlatma dozasının vurulma vaxtına gəlib çatarkən bu vaksinin kollektiv immunitet yaratma ehtimalı aşağı enməyə başlayır. Bu, nə deməkdir? Deyək ki, “CoronaVac” vaksinindən altı ay sonra xatırlatma dozası vurdurulur. Təkrar üçüncü dozaya ehtiyac olur. O dozanı gecikdirənlər və yaxud qısa zaman ərzində vurdurmayanlar da bu xəstəliyə qarşı unutqan olduğu üçün burada kollektiv immunitetdən söhbət gedə bilməz. Ona görə də üçüncü doza söhbəti gündəmdədir, müzakirələr olunur. Ola bilər ki, bu vaksinlər də üçüncü doza olsun, ya da sübut olunsa ki, həqiqətən “CoronaVac” vaksini “Delta” ştammına qarşı qoruyucu deyil, başqa bir vaksindən təkrar doza şəklində istifadə edərək vətəndaşları cəlb etmək gözlənilir.
Yəni bu sualların hələ tam cavabını əminliklə demək mümkün deyil, bu 5-10 xəstə ilə aparılan araşdırmaların nəticəsinə əsasən də biz bu qənaətə gələ bilə bilmərik ki, “CoronaVac” effektsizdir. “Pfizer” effektlidir. Bunun üçün müəyyən zaman lazımdır ki, daha çox insanları bu tədqiqatlara cəlb eləsinlər. Yəni daha çox insanlardan alınan nəticələrə görə fikir söylənilə bilər ki, hansı vaksin ştamlara qarşı effektivdir, yaxud da hansı vaksində təkrar doza mütləq özü olmalıdır və ya başqa vaksin olmalıdır".
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə də mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Koronavirus infeksiyası bizim ölkəmizdə yayılan gündən bu günə kimi bəlli sayda insanlar xəstəliyə yoluxdu, sağaldı, immunitet formalaşdı. Təqribən 3-4 milyon insan vaksin olundu. Ümumilikdə, deyə bilərəm ki, xəstəliyi keçirib sağalanlar və vaksin olunan şəxslər də qeyd edilməklə, təqribən əlli faiz əhalidə kollektiv immunitet formalaşıb. Bu, son bir il müddətində alınan nəticələrdir. Hesab edirəm kifayət qədər yaxşı nəticədir. Bu nəticə gələcəkdə COVİD infeksiyasının yayılmasının qarşısının alınmasında müəyyən rol oynayacaq. Digər tərəfdən, hazırda ölkədə kütləvi surətdə vaksinasiya prosesi gedir. Vaksinasiya prosesinin özünün də xəstəliyin yayılmasında müəyyən qədər rolu var. Qaldı ki, hazırkı yoluxma sayında artımların olmasına, təbii ki, bu, müəyyən mənada gözlənilən idi. Çünki yay fəsli ilə əlaqədar olaraq insanların ayrı-ayrı ölkələrə turistik səfər etməsi və yaxud ölkəmizə turist gəlməsi, digər tərəfdən, ölkəmizdə toy şənliklərinin aparılmasına icazə verilməsi və sair kimi belə tədbirlər yoluxmanın artmasında rol oynayacaq və oynayır da. Amma ümumən ölkəmiz üçün gündəlik beş yüz, altı yüz nəfər yoluxma artıq hesab edirəm ki, ciddi bir mənfi nəticəyə səbəb olmur. Epidemik cəhətdən hazırda qorxulu bir nəticə yoxdur. Ona görə hazırkı vəziyyətdə panikaya düşmək və qorxmağa ehtiyac yoxdur”.
V.Cavadzadə “”CoronaVac" vurulan şəxslər yenidən başqa vaksin vurdurmalıdırmı" sualına da cavab verdi: “Mikroorqanizmlər, yəni viruslar getdikcə mutasiyaya uğrayır. Amma bunlar nə qədər mutasiyaya uğrasa da, COVİD-19-dan fərqli bir mutasiya olmuş forması yaranmır. Bunu dəfələrlə demişik, haradasa onun genetik quruluşunda müəyyən modifikasiya olur və incə bir mutasiyaya uğrayır. Mən hesab edirəm ki, istənilən peyvəndlər mutasiya olunmuş formalara qarşı da effektlidir. Amma ola bilsin ki, bir peyvənd mutasiya olunmuş variantlardan tutaq ki, 70-80 faiz effektlidirsə, digəri 30-40 faiz effektlidir. Yəni haradasa müəyyən qədər effektivliyi var. Ona görə peyvəndlənmə prosesini sürətləndirmək daha məqsədəuyğundur”.
İnfeksionist vaksin olunan şəxslərin koronavirusa yoluxması barədə məsələyə də toxunub: “Ümumiyyətlə istər vaksin vurduran şəxsin, istərsə də xəstəlik keçirən sağlam şəxslərin qanında antitellər maksimum altı ay müddətinə qalır və bu antitellər təqribən üç ay yüksək səviyyədə qalır, üç aydan sonra azalmağa doğru gedir. Istənilən halda xəstəlik keçirən şəxslər və vaksinasiya olunan şəxslər altı aydan sonra təkrar xəstələnə bilərlər. Bu, o demək deyil ki, vaksin mutasiya olunmuş formalara qarşı effektli deyil, bu, sadəcə olaraq, qanda antitellərin miqdarının itməsi ilə bağlı olan bir məsələdir”.
Xəbəri paylaş