Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Ermənilər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Söçi görüşündən bir gün öncə Xankəndidə yeni “dövlət naziri” düzəldilmiş rusiyalı milyarder Ruben Vardanyanın pulu ilə çoxsaylı mitinq keçirib 1988-ci il ruhu yaratmağa çalışsalar da, boyları yerə soxuldu, ruhları isə göyə uçdu.
Çünki üçtərəfli görüşdən əvvəl Azərbaycan prezidentinin rusiyalı həmkarı ilə təkbətək görüşü zamanı “Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb”, deməsi hayların bütün ümidlərini alt-üst, görüşüşdə müzakirəsi nəzərdə tutulmuş digər məsələlərin taleyini isə birdəfəlik həll elədi.
Əlbəttə, ölkə Prezidentinin bu gedişi Paşinyanı nakaut vəziyyətinə salsa da, Putinə Azərbaycan-Ermənistan arasındakı mövcud - konfiliktli vəziyyətin davamlı olması baxımından sərf etdiyini zənn edə bilərik.
Açıq görünür ki, Rusiya Azərbaycan və Ermənistan münasibətlərinin normal qonşuluq müstəvisində formalaşmasında maraqlı deyil. Moskva bu mövzuda daha çox imitasiya etməklə məşğuldur. Hər halda Putinin “Valday” forumunda “Erməni xalqı və ya Ermənistan rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin bütövlükdə Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınmasını nəzərdə tutan “Vaşinqton variantı”nı seçməlidir, buyursunlar, özləri bilərlər. Ermənistan rəhbərliyi hesab edirsə ki, Qarabağın öz xüsusiyyətləri var və bu xüsusiyyətlər gələcək sülh müqaviləsində nəzərə alınmalı, danışılmalıdır, bu da mümkündür. Amma təbii ki, Azərbaycanla razılaşdırmaq lazımdır. Bu razılaşmaların qarşı tərəf - Azərbaycan üçün də məqbul olması lazımdır”, - kimi ikibaşlı sözləri tamamilə təsdiq edir.
Məgər bu, “Vaşinqton variantı” adı altında Azərbaycanın suveren hüquqlarının Rusiya tərəfindən şübhəyə alınması demək deyilmi? Bəs, burada Rusiyanın mövcud vasitəçilik mövqeyi və ya Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik müqaviləsi, o cümlədən məlum 10 noyabr bəyanatının prinsipləri necə olur?
Bu arada, “Vaşinqton variantı” Rusiya üçün elə təhlükəli göründü ki, hətta “Rossiya 1” telekanalının efirində rusiyalı jurnalist Marqarita Simonyan öz millətinə açıq şəkildə “Ermənilər, ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, o erməni xalqını xilas edib? Rusiya olmasaydı, bu gün Ermənistan deyilən dövlət olmamalı idi. Heç uzaq tarixə getməyək, 44 günlük müharibə zamanı kim Ermənistanı xilas etdi? Qərb? Əlbəttə ki, yox. Əgər Rusiya olmasaydı, Ermənistan fiziki olaraq yox olacaqdı. Bunun qarşısını heç kim ala bilməzdi. Heç kimi ittiham da etməyəcəkdilər. Məndə dəqiq məlumatlar var bununla bağlı. Erməni xalqı isə bütün bunları unudub yenidən Rusiyaya qarşı satqınlıq edir”, - demək zorunda qaldı. Simonyana züy tutan digər bir rusiyalı erməni jurnalist Roman Babayan da, Rusiyanın NTV telekanalında yayınlanan “Özünün həqiqəti” proqramında “Əgər Paşinyan Vaşinqton sülh həll variantını seçərsə, gələcəkdə Rusiya hərbi bazası Ermənistandan çıxacaq. Kiçik Ermənistan Türkiyə və Azərbaycanla təkbətək qalacaq. Bütün bunların nə ilə başa çatacağını düşünürəm ki, izah etmək lazım deyil”, - dedi. Sözsüz ki, hər iki rusiyalı erməni jurnalistin bildirdiyi bu fikirlər, erməni təəsübkeşliyindən daha çox rəsmi Moskvanın mənafeyinə yönəlik sözlərdir.
İndi Rusiyanın nəzərdə tutduğu bu “uzunçuluq” siyasətinə, həmçinin, ermənilərin istəyinə uyğun olaraq Paşinyanın, “Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini təmin etmək üçün, etibarlı mexanizm və zəmanət yaradılana qədər Rusiya sülhməramlılarının mövcudluğu vacibdir”,- deyib ortaya yeni – “rusməramlı qüvvələr”in vaxtının uzadılması mövzusunu atması təsadüfi deyil. Ancaq onun “Soçidə keçirilən üçtərəfli görüşdə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mandatının 5-10-20 il müddətinə uzadılması və ya qeyri-müəyyən müddətə uzadılması təklifimiz qəbul edilmədi”, - deməsi həm ermənilərin, həm də elə Rusiyanın rəsmi Bakıdan gözləntilərinin “göyə uçduğunu” sübut etdi.
Elə bu üzdəndir ki, Söçi görüşündə həm Paşinyanın, həm də Putinin Qarabağla bağlı məkrli niyyətləri Azərbaycan prezidenti tərəfindən dəf edildikdən sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında, “Dağlıq Qarabağın statusu, bu, ədalətli həll üçün şərait formalaşdıqda növbəti nəsillərə buraxılmalı olan məsələdir”, - deyib yenə Rusiyanın “uzunçuluq” siyasətinin davamlı olacağına işarə etdi.
Ancaq Azərbaycan xalqının bundan sonra davamlı olaraq, həm özünü, həm də gələcək övladlarını Rusiyanın Cənubi Qafqazdakı geosiyasi maraqlarına görə, problem içərisində saxlamaq istəyi yoxdur. Elə bu təhlükənin qarşısını indidən almaq üçün, sülh müqaviləsindən, eləcə də delimitasiya-demarkasiyadan öncə üçtərəfli bəyanatın məhz 4-cü bəndinin tezliklə icra edilməsinə konkret vaxt qoyulmalıdır. Əks təqdirdə, problemin aradan qaldırılmasına mane olduğu göz önündə olan rusiyalı “sülhməramlıların” Azərbaycandan çıxarılması təcili olaraq gündəmə gətirilməlidir.