Dağlıq Qarabağ müharibəsi ilə bağlı dünyada baş verən siyasi proseslər getdikcə mürəkkəbləşməkdədir. Fəqət Azərbaycan və qardaş Türkiyənin mövqeyi qəti, dəyişməzdir: sonadək mübarizə aparmaq. Rusiyanın ən azından özünü neytral kimi göstərmək ritorikası, ABŞ-ın bəyanatları, Fransanın isə nanəcibliyi hər kəsə məlumdur. İşğalçı Ermənistan da yenə öz ritorikasındadır: hiyləgərlik, məkrlik, vandallıq.
Dünya politoloqlarının, hərbi ekspertlərinin əsas mövzusu indi məhz bu genişmiqyslı hərbi əməliyyatlardır. İddialar, fərziyyələr, variantlar çoxdur. Amma onlardan hansı reallaşacaq? Məsələ məhz budur. Suallar isə nə qədər desən var.
Moderator.az Rusiyada yaşayan soydaşımız, politoloq, jurnalist Anar Həsənovun "Şərq" qəzetinə müsahibəsini təqdim edir:
- Sizcə, İkinci Dağlıq Qarabağ müharibəsinin məhz indiki məqamda başlanmasını zəruri edən nələr idi?
- Bu, daha çox geosiyasi maraqlarla bağlıdır. Bir neçə günə Gürcüstanda prezident seçkiləri keçirilməlidir. Nəticəsinin necə olacağını bilmirik. Amma statistika göstərir ki, ölkədə Saakaşvili tərəfdarları çoxdur. Eyni zamanda Ukrayna da Rusiyaya qarşıdır. Bildiyiniz kimi, Moldova parlamentində Kremlin yox, Avropa İttifaqının tərəfdarları üstünlük təşkil edir. Ermənistan hakimiyyətini da hazırda anti-rus Soros idarə edir. Həmçinin Gürcüstanda da qatı anri-rus mövqeyi var. Deməli, Qərb Rusiya ilə normal münasibətləri olan hakimiyyətləri tədricən devirir, dəyişir. Məhz buna görə də, hazırkı Azərbaycan hakimiyyəti ilə münasibətləri strateji səviyyəyədə olan rəsmi Moskva bizim haqq səsimizi eşitməli olur.
- Rusiyanın bu dəfəki mövqeyi bizi təəccübləndirir. Kreml əgər belə demək mümkünsə, neytral mövqe sərgiləməyə məcburdur, ya hansısa məqsədləri var?
- Bu, onun öz milli maraqları ilə bağlıdır. Rusiya belə neytrallığı ilə Qafqazdakı milli maraqlarını qoruyur. Azərbaycanla Ermənistan arasında təxminən 996 kilometrlik sərhəd “ölü” zonadır. Belə bir misal var ki, əgər sərhəddən ticarətçilər keçmirsə, mütləq hərbçilər keçməlidir. Türkiyə ilə Rusiya arasında mühüm əlaqələr var. Və tərəflər həmin layihələrin reallaşmasından ötrü gələcəkdə bu sərhəddən istifadə edə bilərlər. Lakin Ermənistan nəinki Türkiyə ilə Rusiya, həmçinin Türkiyə ilə Orta Asiya arasındakı layihələrin reallaşmasında maneədir.
- Rəsmi Moskvanın neytral mövqeyinə rəğmən, öz for postuna silah göndərməsi ilə bağlı iddialar vəziyyəti daha da mürəkəbləşdirir...
- Rusiyada işğalçı dövlətə hamilik edən siyasi qüvvələr var. İkinci bir tərəfdən isə, biznes faktorunu da nəzərə almalıyıq. Belə ki, hökumət sülhməramlı çağırışlar etməklə yanaşı, müəyyən qüvvələr də öz biznes fəaliyyətlərini həyata keçirirlər. Əslində burada qeyri-qanuni heç nə yoxdur. Çünki Rusiya ilə Ermənistan arasında hərbi müqavilə imzalanıb. Amma məsələnin mənəvi tərəfini də unutmamalıyıq. Sual yaranır: sülhpərvər Kreml niyə sülh istəməyən Ermənistana silah göndərir? Bax, bu, haqlı olaraq Azərbaycanın narazılığı ilə nəticələnir. Düşünürəm ki, biz məsələni gündəmdə saxlamalıyıq. Narazılığımızı bildirməli və diplomatik yolla silah daşınmasının qarşısını almağa çalışmalıyıq. Hazırkı vəziyyətdə ən yaxşı diplomat Azərbaycan əsgəridir. Ordumuz bütün yardımları puça çıxarmaq iqtidarındadır.
- Putin bu yaxınlarda Azərbaycanın torpaqlarının əbədi işğalda qala bilməyəcəyini deyib. Onu bu açıqlamaya vadar edən ancaq Türkiyə faktorudurmu, ya başqa məqamlar da var?
- Azərbaycan Rusiya üçün çox vacibdir. Ən azından ona görə ki, orada 120 minlik rus icması var. Həmçinin Azərbaycan Rusiyanın mədəni irsinə, dilinə normal münasibət bəsləyir. İkinci bir tərəfdən, Rusiya ilə Azərbaycan arasında sərhəd mövcuddur, Dağlıq Qarabağla isə yox. Həm də Paşinyan Kreml əleyhinə müəyyən addımlar atır. Məsələn rusiyalı iş adamlarına, “Qazprom” şirkətinin Ermənistandaki tərəfdaş şirkətlərində Rusiya dəmiryollarının Ermənistandakı tərəfdaş şirkətlərində aramsız yoxlamalar aparılması, anti-rus siyasətçilərin hakimiyyətə gətirilməsi, Rusiyanın dost bildiyi fikir liderlerinə cinayət işi açılması, yanvar ayının 1-dən etibarən ölkədə Rusiya televiziya kanallarının yayımının qadadağan ediləcəyi və digər məqamlar rəsmi Moskvanın xoşuna gəlmir. Ona görə də Putinin Azərbaycanın haqqlı mövqeyini dəstəkləməsi təbiidir. Yəni prezidentin bu ritorikası gözlənilən idi. Onun məqsədi Ermənistanda hakimiyyətin dəyişilməsidir. Əlbəttə, Rusiyanın hazırkı münasibəti bizim maraqlarımıza uyğundur. Putin məlum çıxışında tarixi hadisələri, o cümlədən Sumqayıt olaylarını xatırlasa da, ümumi məzmun bizim xeyrimizə idi. Çünki tarixi faktlar indiki situasiyada, demək olar, təsirsizdir.
- Bəzilərinin fikrincə, Rusiyanın səssizliyi işğaldan azad olunan torpaqlara sonradan sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Siz necə düşünürsünüz?
- Ümumiyyətlə, bu dövlət əvvəl təbliğat aparır, hazırlaşdığı proseslə bağlı ictimai rəy yaradır, sonra isə onu reallaşdırır. Dağlıq Qarabağa sülhməramlı qüvvələrin yerləşdirilməsini istisna etmirəm. Amma bu, yalnız Azərbaycanın razılığı ilə və ölkəmizin ərazi bütövlüyü daxilində mümkündür. Eyni zamanda sülhməramlılarla bağlı konkret parametrlər müəyyənləşməlidir. Sülhməramlıların Azərbaycanın maraqlarına zidd olaraq gəlişini təsəvvür etmirəm. Onu da deyim ki, bu məsələdə Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşməsə idi, “sülhməramlılar” ilk gündən etibarən “peyda olardılar”. Əgər bu olmadısa, bundan sonrası üçün də ehtimal çox azdır. Hər halda rəsmi Moskvanın məqsədi bu müharibədə Azərbaycanın qalib olmasıdır. Ən azından ona görə ki, Kreml iki ölkə arasındakı loyal münasibətlərin mümkün qədər uzun ömürlü olmasını arzulayır.
- Bəzi məmurlar, xüsusilə xarici işlər naziri Sergey Lavrovun prezidentin iradəsinə zidd mövqe sərgilədiyi hiss olunur...
- Bəli, elədir. Mən jurnalist karyeramda da bunu dəfələrlə müşahidə etmişəm. Erməni nümayəndə heyətinin Moskvaya gəlişi zamanı Lavrovun jestlərində, canfəşanlığında onun mövqeyi aydın görünür. Amma ölkənin bir sahibi var. O da Vladimir Putindir. Yaxşı başa düşülür ki, etnik mənsubiyyətlə siyasət yürüdülməz. Həm də Ermənistan Rusiyaya xidmət edir, Rusiya ona yox. Bəzən Kremlin Ermənistan maraqlarına xidmət etdiyi deyilir. Əsla belə deyildir. Sadəcə maraqları üst-üstə düşdüyü hallarda rəsmi Moskva öz for-postundan yararlanır. İndiki halda maraqlar uzlaşmır, Rusiyanın mövqeyi aydındır. Bu, Azərbaycan diplomatiyasının uğuru, Ermənistan hakimiyyətinin səhvidir.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tənqidlərinə görə Fransa oradakı səfirini geri çağırıb. Yəni Dağlıq Qarabağ savaşı artıq beynəlxalq müzakirə mövzusudur. Əgər məsələ yaxın perspektivdə həllini tapmasa, üçüncü dünya müharibəsinin başlanma ehtimalı var?
- Düşünmürəm. Buna səbəb yoxdur. Çünki hüquqi baxımdan Azərbaycanın haqlı mübarizəsinə qarşı qaldırıla biləcək istənilən iddia əsassızdır. Həm də Fransa kimi bir neçə dövlət istisna olmaqla, dünya gücləri Azərbaycanın haqq səsini eşidir. Fransa isə onsuz da dünya siyasətində həlledici rol oynamır. Regionda həlledici rolu Rusiya oynayır və onun marağında deyil ki, Azərbaycanla sərhəddə dünya müharibəsi cəbhəsi açılsın. Yəni Kreml üçüncü cahan savaşının başlanmasına imkan verməz. Hətta sizə deyim ki, bu məsələdə Rusiya ilə Türkiyə müttəfiqdir. Onlar Avropanın, o cümlədən Fransanın məkrli siyasətlərindən tərəflərin arasını vurmaq cəhdlərindən xəbərdardırlar.
- Paşinyanın devrilməsi an məsələsidir. Hakimiyyətə başqa biri gələndən sonra, sizcə, Rusiyanın o dövlətə münasibəti necə dəyişəcək?
- Bəli, baş nazirin devrilməsi gündəmdədir. Ona qarşı narazılıqlar tədricən artır və bunun əvəzinə Qarabağ klanının mövqeləri güclənir. Ermənistanda hakimiyyət dəyişikliyindən və biz ərazi bütövlüyümüzü təmin edəndən sonra Rusiyanın işğalçıya qarşı münasibətinin necə dəyişəcəyinin əslində bizim üçün o qədər də fərqi yoxdur. Amma Azərbaycan, Türkiyə, Rusiya əlaqələri inkişaf etdikcə, əməkdaşlığımız artıqca, yavaş-yavaş bu münasibət də zəifləyəcək. Ən əsas məsələ odur ki, Azərbaycan hökuməti, ordusu və xalqı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi niyyətini, “Miatsum” ideyasını puça çıxardı. Beləliklə, işğalçı dövləti ən azı yüz il geriyə atdıq.
- Çevrilişdən sonra X adlı hökumət rəhbəri “mən səhvləri düzəldəcəm” deyərək yenidən danışıqlara cəhd etsə?
- Fikrimcə, Azərbaycan prezidentinin iradəsi, ordumuzun uğurları artıq elə şərait yaradıb ki, hətta Rusiyaya sadiq Köçəryan hakimiyyətə gəlsə də, vəziyyət işğalçının xeyrinə dəyişməyəcək. Rusiya o vaxt da forpostunu dəstəkləməyəcək. İndi müzakirə mövzusu ermənilərin Dağlıq Qarabağda yaşamasıdır. Yəni onlar üçün ən yaxşı halda belə bir imkan təmin edilə bilər. Son hadisələr də göstərir ki, biz Dağlıq Qarabağda emənilərə muxtariyyət vermək niyyətində deyilik. Əlbəttə, bu, haqlı mövqedir. Hər halda Sovet dövründəki səhvi bir daha təkrarlayası deyilik. Azərbaycanda yaşayan digər millətlər kimi onlara da bərabər hüquqlar verilirsə, muxtariyyətə nə ehtiyac var, nə əsas.
- Rusiya mediasında ermənilərin olduğu məlumdur. Onların mövqeləri də müəyyən mənada başa düşüləndir. Amma rusiyalı ekspertləri, o cümlədən Solovyovları, Şeyninləri hətta hakimiyyətin indiki mövqeyinə zidd olaraq haqsız mövqe dəstəkləmələrinə sövq edən nədir?
- Belə neqativ halların qarşısını almaqdan ötrü Azərbaycan səfirliyi ilə Azərbaycan diasporu arasındakı əlaqələr möhkəmlənməli, şəxsi maraqlar milli maraqlardan önə keçməməlidir. Həmçinin Azərbaycan-Rusiya əlaqələri ilə məşğul olan müstəqil ekspertlərdən ibarət və formal xarakterli yox, həqiqətən, işləyən klubun yaradılması da belə məsələlərin həllində effektiv ola bilər. Mən belə bir klubun yaradılması üzərində iş aparıram və Rusiyanın ən tanınmış siyasi ekspertləri həmin ideyanı dəstəkləyirlər. Ümid edirəm ki, sözügedən təşəbüslər lazımi effekt verəcək.
- Bir neçə gün əvvəl ABŞ-da üçüncü dəfə humanitar atəşkəs haqqında qərar qəbul edildi. Amma Ermənistan yenə buna əməl etmədi. Çok paradoksal deyilmi?
- Bu, daha çox daxili auditoriyaya yönəlmiş addım idi. Bilirsiniz ki, ABŞ-da prezident seçkiləri ərəfəsidir və orada erməni lobbisi ciddi nüfuza sahibdir. Yəni Tramp bir növ xal qazanmaq istəyirdi. Amma Rusiya və Amerikanın mövqeyi eynidir. Onların hər ikisi dünyada sülhün, əmin-amanlığın tərəfdarıdırlar. Bu cür bəyanatlar isə ana bətnindən ölü doğulmuş uşağa bənzəyir. Əlbəttə, tərəflərdən heç biri, xüsusilə Ermənistan atəşkəsə əməl etmək niyyətində deyil. Çünki uduzur və var gücü vəziyyəti düzəltməyə çalışır. Atəşkəsdan danışması isə sadəcə vaxt qazanmaq, gücünü bərpa etmək məqsədlidir.