Anar İsgəndərov: "Müəllimin nüfuzunu qaytarmağın yolları bizə məlumdur"
1 sentyabr tarixli parlament seçkilərindən sonra formalaşan VII çağırış Milli Məclisin yeni rəhbərliyi və komitə sədrləri artıq bəlli olub. Milli Məclisin ilk iclasında deputat Anar İskəndərov parlamentin Elm və təhsil komitəsinin sədri seçilib.
İxtisasca tarixçi olan Anar İsgəndərov əvvəlki çağırış Milli Məclisdə sözügedən komitənin üzvü idi. O, ilk dəfə Elm və təhsil komitəsinə rəhbərlik edəcək.
Qeyd edək ki, Elm və təhsil komitəsi elm və təhsil sahələrində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Eyni zamanda parlamentin əsas komitələrindən hesab edilir.
Anar İsgəndərov komitə sədri kimi ilk müsahibəsini verib.
Onunla söhbəti təqdim edirik.
- Anar müəllim, sizi ilk növbədə Elm və təhsil komitəsinin sədri olmağınız münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik. Sədr seçiləcəyinizi gözləyirdiniz?
- 1978-ci ildən bu günə qədər təhsil, eyni zamanda elm sahəsindəyəm. 13 ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix üzrə Ekspert Şurasının sədriyəm. Həmçinin, 1999-cu ildən bu günə kimi Bakı Dövlət Universitetinin kafedra müdiri, Tarix elmləri doktoru, professoram. Hətta qeyd edim ki, dünyanın hər yerində həmişə Azərbaycanın haqqını müdafiə edən və yazan şəxslərdən biri olmuşam.
Komitə sədri seçilməyim məni təəccübləndirmədi. Təbii ki, sevindim. Çünki bu, dövlət başçısının mənə olan etimadıdır və bu etimadı doğrultmaq lazımdır.
- Sizə qədər Elm və təhsil komitəsində nazirliklərlə, eləcə də təhsil sahəsi ilə bağlı olan digər qurumlarla əlaqələr mövcud idi. Bundan sonra həmin əlaqələri gücləndirmək üçün Elm və təhsil komitəsi olaraq hansı məqsəd və hədəfləriniz var?
- Varislik prinsipi bilirsiniz nədir? Özündən əvvəlkinin uğurlu nəyi varsa, onu məmnuniyyətlə qəbul etmək və inkişaf etdirməkdir. Təbii ki, mənə qədər olanları bizim həmkarlarımız, dostlarımız edib. Yəni həmin şəxslər təhsil sahəsində xidməti olan insanlardır. Biz də fəaliyyətimizdə çalışacağıq ki, bu varislik prinsipini qoruyaq və Azərbaycan cəmiyyətinin nəyə daha çox ehtiyacı varsa, o ehtiyac üzərində işləyək.
Biz işimizi bu istiqamət üzrə quracağıq. Onu da qeyd edim ki, Elm və təhsil komitəsində kimlər var idisə, əksəriyyəti fəaliyyətinə davam edəcək. Biz istəsək də, istəməsək də artıq varislik prinsipi fəaliyyətdədir və bu prinsipə riayət etməliyik. Ümumiyyətlə, inkişafa necə nail ola bilərik? Əgər biz hər şeyi inkar etsək ki, hamıdan çox bilirik, bunun özü bir uğursuzluq olar.
Hər bir şagird məktəbə gedərkən öyrənməyə əlifbadan başlayır. Bu, dünyanın hər yerində bələdir. O partanın rəngində fərq ola bilər, amma 6 yaşlı uşağın boyuna-buxununa görə parta müəyyən edilir. Deputat olaraq rayon kəndlərini gəzəndə həmişə məktəb və bağçalara diqqət yetirirəm. Çünki hər şey məhz ordan başlayır.
- Bəs təhsil sahəsində hansı problemlərin olduğunu görürsünüz? Qanunvericilikdə təhsillə bağlı hansısa islahatların aparılması düşünülürmü?
- Azərbaycanın xalqının səbirsizliklə gözlədiyi məsələ “Ali təhsil haqqında” qanunun aqibətidir. Həmin qanunun qəbul edilməsi nəzərdə tutulub. Çünki buna ehtiyac var. Məsələn, bu gün fəlsəfə doktorları elmi işlərini müdafiə edərkən soruşurlar ki, dünyada bu proses necədir? Dünyada elmi işlərin iki dəfə müdafiə edilməsi təcrübəsi var? Deyirəm ki, yoxdur. Sonra soruşurlar ki, bəs Azərbaycanda niyə iki dəfə müdafiə sistemi var?
Bu gün elm sahəsində çalışanların - dekan, kafedra müdiri, rektorların təyin olunması məsələsi “Ali təhsil haqqında” qanun layihəsində yer alır. Qanun layihəsi haqqında müzakirələr Milli Məclisin VI çağırışında demək olar ki, başa çatdırıldı. Şəxsən mən fikirləşirəm ki, niyə 11-ci siniflər üçün iki imtahan olsun? Axı biz onları iki dəfə imtahana salmaqla nə qazanırıq? Heç nə.
- Az əvvəl “Ali təhsil haqqında” qanunla bağlı məsələyə toxundunuz. VI çağırışda Elm və təhsil komitəsinin üzvləri qeyd edirdilər ki, artıq iş bitib, sonrakı proses Elm və Təhsil Nazirliyinin öhdəliyindədir. Sizcə, VI çağırışda qanun layihəsi niyə qəbul olunmadı?
- Əlbəttə qeyd etdiklərinizlə razıyam. Prinsip etibarilə demək olar ki, bütün məsələləri başa çatdırmışdıq. Qanun layihəsinin müzakirəsini bir neçə istiqamətdə keçirmişdik. Burada bir neçə məqam var. Birini bayaq qeyd etdim. İmtahanlar bir dəfə olmalıdır, iki dəfə yox.
İmtahanların iki dəfə keçirilməsi üçün obyektiv bir səbəb görmürəm. Hətta biz növbədənkənar parlament seçkilərinin olacağını belə bilmirdik. Heç kim o münəccimliyi boyununa götürə bilməz. Ümumilikdə desək, VI çağırış mümkün olanları etdi. Bəlkə də bu da taleyin qismətidir ki, qanunun qəbul edilməsi VII çağırışın üzərinə düşdü. Amma bir şeyə sevinirəm ki, elə VI çağırışda zəhməti olan insanlar bu gün VII çağırışda da olacaqlar.
Ayın 30-da gündəliklərimiz də hazır olacaq. Əminəm ki, gündəlikdəki ilk məsələlərdən biri də “Ali təhsil haqqında” qanun layihəsi olacaq. Bilirsiniz, təhsillə bağlı nə qədər əlavə və düzəlişlər edilib? Bəlkə də elə bir plenar iclasımız olmayıb ki, təhsillə bağlı düzəlişlər edilməsin. Şəhid ailələri və övladları, qazilər, peşə təhsili və yaxud xaricə gedən tələbələr - bunların hər biri ilə bağlı qanunlarda düzəliş olunub.
Bizim bütün işimiz ancaq “Ali təhsil haqqında” qanun layihəsi olmayıb. Bununla yanaşı, nə qədər qanunlarda əlavə və düzəlişlər edilib. Fiziki cəhətdən qüsurlu olan uşaqlarla bağlı məsələ dünyanın ən böyük problemidir. Yəqin ki, siz də bu cür hadisələrlə qarşılaşmısınız. Biri əlil arabasındadır, kənarda 6-7 yaşlı uşaq onun mahiyyətini dərk edə bilmir. Ona elə bir söz deyə bilər ki, o uşaq bir həftə özünə gələ bilməz.
Biz elə etməliyik ki, onlar da elə fiziki cəhətdən sağlam olan uşaqlarla bir yerdə olsunlar. Kənarda olanlar bunu lağ obyektinə çevirməsinlər. Hamımız uşaq olanda böyük ağlın sahibi deyildik. 5 yaşa qədərki dövrdə təhsillə bağlı kifayət qədər qanunlarımız olub. Çünki nə qanun qəbul olunubsa orda şagirdin, müəllimin və valideynin marağı güdülüb.
- Sizcə, bu gün müəllimlərinin nüfuzunu necə yaxşılaşdırmaq olar?
- Biz müəllimlərin nüfuzunu geri qaytarmalıyıq. Müəllimin nüfuzu necə qayıda bilər? Bu yollar bizə məlumdur. Müəllimlərin maddi durumunu yaxşılaşdırsaq, o zaman çox şey tələb etməyə ehtiyac qalmayacaq. Normal qazancı olan təhsilverənlər bir neçə iş dalınca qaçmayacaq, nəticədə onlar öz işlərinə, müəllimlik fəaliyyətlərinə fokuslanacaqlar.
İkinci bir məsələ isə budur ki, müəllim nüfuzu üçün qanunvericilik orqanı nələr etməlidir? Bu gün 65 yaşla bağlı fikir vahid deyil. 65 yaşdan sonra müəllim məktəbə şagirdə nə verə bilər? Onu da hesablayaq. Həmçinin, onu da qeyd etməliyik ki, bu yaşa qədər təhsilə nə qazandırıb?
Bir var təcrübə, bir də var təcrübəyə qədərki olan mərhələ. Eynşteyn müəllim haqqında belə bir tərif yazıb: "Dünyada yeganə peşə sahibidir ki, nəyi varsa hamsını verir, əvəzində heç nə almır". Dünyada ikinci belə bir peşə sahəsi yoxdur. Ona görə də biz istəyirik ki, qalib Azərbaycanın elm və təhsil sahəsindəki uğurları da onu tamamlasın.
Həmişə belə bir fikir səsləndirilir ki, bizim dövrün tələbələri daha savadlı idi. Amma demirlər ki, siz oxuyan dövrdə texnika bu qədər inkişaf etmişdi? Yox. İkincisi isə Sovet dönəmində tələbənin məhdud seçimləri var idi. Kitab, kitabxana, auditoriya, seminar...
Amma indi elə deyil. 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbələr tarix yazaraq, 100 bala layiq görüldülər. Onlar qələmi süngüyə çevirdilər və dünyada heç bir əsgərin edə bilməyəcəyini reallaşdırdılar. O əsgərlər dünənin tələbələri idilər.
- Elm və təhsil sahəsində əməyi olan bir şəxs kimi Azərbaycan təhsilində hansı boşluqları görürsünüz?
- Bunlara boşluq deməzdim. İki fərqli istiqamətdə fikirlərimi sizinlə bölüşəcəm. Elə düşünməyin ki, bura siyasət ocağıdır və burada hər şey siyasiləşdirilir. Yox. Uzun illər boyu günün birinci yarısında kafedra müdiri olaraq çalışır, ikinci yarısında axşama qədər abituriyent hazırlığı ilə məşğul olurdum.
Çətinlik çox idi. Sizə əminliklə deyirəm ki, müəllimin maaşı onun tələblərini ödəsə, heç bir problem qalmaz. Problemi olmayan təhsilverən öz işinə 10 qat əllə yapışacaq. Müəllimlik elə bir peşədir ki, gərək onu sevəsən.
Desək ki, Azərbaycan təhsilinin problemi yoxdur, onda bizi heç kim dinləməz. Təhsilimizdə problemlər var. Elm və təhsil yeganə sahədir ki, burada rəqabət halal sayılır.
Seçicilərlə görüşlərimdə müşahidə etmişəm ki, bəzi məktəblər tələbləri ödəmir. Seçicilərimdən biri mənə deyirdi: “Anar müəllim, olmazmı bizim kəndə də bağça olsun, mən hər gün uşaqlarımı qonşu kəndə aparmaq üçün cibimdən bu qədər pul verməyim?”. Mən onunla tam razıyam. Mən axı həmin valideynə necə deyim ki, narahat olmasın?
- Qarabağ Universiteti Azərbaycan təhsilində brendə çevilməyə doğru irəliləyir. Bu universitetdə dərs demək istərdinizmi?
- Əlbəttə, Qarabağ Universitetində dərs demək istəyərəm. Qarabağ Universitetinə gedib dərs deyəcəyik. Oranı cənnətə çevirmək bizim arzumuzdur. Elə Qarabağ Universiteti də o arzumuzun içində birinci olacaq. Ora gedənlər Azərbaycan xalqının yaratdığını görəcək və istəsə də, istəməsə də xalqımızın böyüklüyünü dərk edəcək. Hesab edirəm ki, bu universitet üçün müəllim seçimi düzgün aparılıb. Bununla bağlı kifayət qədər məlumatım var.
Biz də namizədlər verdik. Bu namizədlər necə seçildi? Şəxsən mən təkcə qarabağlı olduğuna görə deyil, orada doğulub eyni zamanda xarici dildə danışa bilən, Qarabağın tarixini gözəl bilən müəllimləri seçib namizəd göstərmişəm. Azərbaycanın tarixini yeni dövrün tələblərinə uyğun tədris edən müəllimin seçilməsi zəruri idi. Bu gün Azərbaycan xalqı qalibdir. Bizi qalib edən də Qarabağdır.
- Bu yaxınlarda Ortaq Türk dünyasının əlifbası qəbul olunub. Sizcə, həmin əlifba dərslik vəsaitlərinə daxil ola bilərmi?
- Həyat bizə nə göstərdi? Türk türkə düşmən olduqda hər tərəfdən zərbə almağa başlayarıq. Dost olduqda isə düşmənlər bizdən ehtiyat edirlər. Ona görə də ortaq əlifbamız olmalıdır. Hətta ortaq tariximiz də olmalıdır. O tarix ki, bu xalqları bi-birinə daha da yaxınlaşdırsın. Bu gün bizi bir-birinə düşmən etmək üçün az qala balaca uşaqlara Çaldıran döyüşünə qədər əzbərlətdirirlər. Əmir Teymurun İldırım Bəyazidlə müharibəsini öyrədirlər. O tarix təbliğ olunmalıdır ki, türk xalqlarını bir-birinə yaxınlaşdırıb.
Türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün ortaq çox şeyə ehtiyac var. Əlifbası, ədəbiyyatı, tarixi və s. Ancaq xırda məqamlar var ki, onları şişirtməyə ehtiyac yoxdur. Əlifba rəmzdir. Fəlakət bilirsiniz nə idi? Bir xalq bir əsrdə üç dəfə əlifba dəyişdi. Ərəb əlifbası, sonra kiril əlifbası, daha sonra latın, ardınca kiril və sonra yenə latın əlifbasına keçid. O əlifbalarda olan milyonlarla yazılar qalır. Amma əlifbadakı hərflərlə bağlı məsələni qabartmağa ehtiyac yoxdur.
Məsələn, türklərdə “ə” hərfi yoxdur, amma bizdə var. Burda nə var ki? İllər boyu elə xalqlar olub ki, 10 dəfə əlifba dəyişib, amma xalqın özünə heç nə olmayıb. Yəni əlifba xalqa faciə gətirməz.
Ortaq türk əlifbası dərs vəsaitlərinə salına bilər. Yəni bununla bağlı uğurlu nədirsə, həmin proses tətbiq ediləcək. Bir sözlə, türk dövlətlərinin birləşməsi üçün məqbul nə varsa, ona getməliyik. Çünki kiçik dövlətlərin böyük dərdləri olur.
- Artıq cəmiyyət də qəbul edir ki, müəllimlərin sertifikasiyaya cəlb olunması doğru addımdır. Bəs nə zamansa universitet müəllimləri də bu prosesə cəlb oluna bilər?
- İnanmıram ki, ali məktəbdə ömrünü elmi-tədqiqat işinə həsr edən müəllim üçün sertifikasiya təşkil olunsun. Çünki bu, onların adına birbaşa hörmətsizlikdir.
- Yeri gəlmişkən, universitetlərdə tələbələrin çoxu dərs vəsaitilərinin azlığından şikayətlənir. Bu məsələ necə həll edilə bilər?
- Dərsliklərlə bağlı problemlər əvvələr daha çox idi. Amma bu, təkcə Azərbaycanın problemi deyil, dünyanın kiçik dövlətlərinin hər birində kitablarla bağlı problemlər var. Sovet dönəmində qapalı dövlət idik. Kənardan heç nə gətirmək olmurdu. Bu gün şükür ki, o tələbi ödəmək üçün istənilən yerdən vəsaitlər gətirmək mümkündür. Təki sən onu istə. Onu artıq dərd eləmək olmaz ki, filan universitetdə kitab yoxdur. Əgər yoxdursa, kitabı sifariş ver gəlsin.
- Anar müəllim, ölkədə belə bir paradoks var ki, valideynlərin əksəriyyəti övladlarını özəl bağça və ya məktəbə qoymaq istəyirlər, lakin ali məktəb seçimində özəllərdən kənar dururlar. Bunun səbəbi nədir?
- Zəiflər, özünü doğrultmayanlar sıradan çıxacaqlar. Amma münəccim də deyiləm ki, vaxt qoyam. Bir azdan tələbləri ödəməyən özəl məktəblər sıradan çıxacaq.
- Elm və Təhsil Nazirliyinin tabeliyində yeni agentliklər yaradıldı. Sizcə, həmin agentliklərin qəbul etdiyi islahatlar təhsilin inkişafına necə təsir göstərir?
- Komitə sədri kimi deyil, ali məktəb müəllimi kimi deyə bilərəm ki, bu islahatlar doğru yöndədir. Həyat belədir. Nə alındı - onu inkişaf etdirirsən, nə alnmadı - ondan imtina edirsən. Düşünürəm ki, agentliklər bu sahədə uğur qazanacaqlar.