16-18 fevral tarixlərində Almaniyada Münhen Təhlükəsizlik Konfransı keçirilib. Konfransda dövlət başçısı İlham Əliyev də iştirak edib. Burada onunla bir sıra dövlət başçıları, dövlət rəsmiləri və biznes nümayəndələri görüşüblər.
İlham Əliyev Şoltsun vasitəçiliyi ilə Ermənistan Baş naziri ilə də danışıqlar aparıb. Görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.
Bəs Prezidentin Münhen səfəri və buradakı görüşlərinin əhəmiyyəti necə xarakterizə edilə bilər?
Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı, komitə sədri Musa Quliyev bildirib ki, İlham Əliyevin Münhen səfəri Azərbaycanın dünya səviyyəsində yüksək imicə malik olduğunu göstərib:
"Cənab Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və burada həyata keçirdiyi görüşlər Azərbaycanın sülhə yeni töhfəsidir. Münhen Təhlükəsizlik Konfransı cənab İlham Əliyevin prezident seçildikdən sonra ilk qatıldığı beynəlxalq tədbir oldu. Bu, tədbir iştirakçılarının böyük diqqətinə səbəb oldu. Bir çox dövlət başçıları, dövlətlərin rəsmi şəxsləri, məşhur, böyük korporasiyaların biznes nümayəndələri cənab prezidentlə görüşü özləri xahiş etdilər. Bu da Azərbaycan liderinin dünya səviyyəsində nüfuzundan, hörmətindən və diqqət mərkəzində olmağından xəbər verir. Görüşlərin hər birində cənab prezidentin mövqeyi bundan ibarət oldu ki, Azərbaycan dünyada sülhün və təhlükəsizliyin qorunmasına böyük töhfələr verib və bundan sonra da eyni yolda əlindən gələni edəcək. Münhen səfəri və orada prezidentin keçirdiyi görüşlər göstərdi ki, Azərbaycanın yalnız regional səviyyədə deyil, beynəlxalq səviyyədə tanınan, seçilən, hörmət olunan və yüksək imicə malik dövlətdir. Azərbaycanın rəyi ilə bir çox dövlətlər, aparacı qüvvələr hesablaşmaq məcburiyyətindədir".
Komitə sədrinin fikrincə, dövlət başçısı İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü sülhə Azərbaycanın sadiqliyini göstərir:
"Cənab prezidentin Ermənistan Baş naziri Paşinyanla görüşü də Azərbaycanın sülh prosesinə sədaqətli olduğunu nümayiş etdirir. Eyni zamanda dövlət başçısının inaqurasiya mərasimində söylədiyi kimi, Ermənistanla sülh prosesində heç bir vasitəçiyə Azərbaycan ehtiyaca duymur. Yəni problemlərin böyük hissəsi öz həllini tapıb. İşğal faktı ortadan qalxıb, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bundan sonrakı mərhələdə vəziyyət Ermənistanın cavabından asılı olacaq. Ölkəmiz sülh təkliflərini də artıq verib".
M.Quliyev biznes nümayəndələrinin və böyük korporasiyaların İlham Əliyevlə görüşündən də danışıb:
"Münhen Təhlükəsizlik Konfransında bir çox bir çox biznes nümayəndələrinin, böyük korparasiyaların cənab prezidentlə görüşmək istəməsi və görüş zamanı Azərbaycanın iqtisadi tərəqqisinin qeyd olunması, bir çox beynəlxalq şirkətlərin Azərbaycanla iqtisadi əlaqələri dahgha da genişləndirmək niyyətini göstərir. Bu da Azərbaycanın gələcəj iqtisadi inkişafının sürətlə gedəcəyindən xəbər verir. Eyni zamandas Azərbaycan artıq dünyanın logistika mərkəzlərindən birinə çevirilib. Yəqin ki, yaxın vaxtlarda Zəngəzur dəhlizi açılacaq. Bu da Azərbaycanın dünya çapımnda tranzit ölkə kimi yerini daha da möhkəmləndirəcək və nüfuzunu qaldıracaq".
Politoloq Elxan Şahinoğlu Münhen Təhlükəsizlik Konfransının digər forumlardan fərqləndiyini bildirib:
"Dünyada bir neçə ənənəvi konfrans və forum fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri Münhen Təhlükəsizlik Konfransıdır. Liderlər Münhendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün Rusiya prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı. Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi. Misal üçün Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-a üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi".
Politoloq Azərbaycan prezidenti İlham Əliyev üçün də Münhen Təhlükəsizlik Konfransında iştirakının vacib olduğunu vurğulayıb:
"Bu Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakı idi. Münhendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki, Ermənistanın ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaqdı. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münhen Təhlükəsizlik Konfransı da göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar. Ukrayna prezidenti Volodimir Zelenski Münhendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycanın dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa İttifaqı Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər".