Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
Komitə qərarı dəstəkləyib. Qeyd edək ki, bəzi avropalı parlamentarilər Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
Azərbaycan əleyhinə təkliflə çıxış edən alman deputat Sosial Demokrat Partiyası üzvüdür. Eyni zamanda Almaniya kansleri Olaf Şoltsa yaxınlığı ilə bilinir. Belə ki, o, Şolts hökumətində İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyində Qlobal Din Azadlığı üzrə müvəkkil vəzifəsində çalışır.
Deputat uzun müddətdir ki, Cənubi Qafqazla xüsusi maraqlanır. Onun hətta erməni lobbisi və diasporu ilə yaxın əlaqələri var. Digər diqqətçəkən məqam isə onun neonasist Pegida hərəkatının üzvləri ilə münasibətinin olmasıdır.
Deputat bir neçə dəfə Türkiyəyə, Azərbaycana qarşı çıxışlar edib.
Belə ki, o 2020-ci ildə Türkiyəni Qarabağ münaqişəsinə “qəbuledilməz” müdaxiləsinə görə tənqid edib.
“Türkiyənin Ermənistan və Azərbaycan münaqişəsinə müdaxiləsi qəbuledilməzdir. Bütün hərbi diviziyalar geri çəkilməli, döyüşlər dayandırılmalı və münaqişənin sülh yolu ilə həlli üçün hər iki tərəf danışıqlar aparmaq üçün bir araya gəlməlidir”,-deyə o bildirib.
O, həmçinin bir neçə dəfə Türkiyədə seçkiləri də tənqid edib.
Ötən il keçirilən seçkilərdə Türkiyəni seçki prosedurlarında şəffaflığa çağırıb.
“Ölkə yüksək inflyasiyadan və dağıdıcı zəlzələnin nəticələrindən əziyyət çəkdiyi bir vaxtda Ərdoğan getdikcə avtoritarlaşan hakimiyyətini üçüncü onilliyə genişləndirir”.
Beləliklə, erməni lobbisi ilə yaxınlığı olan siyasətçinin Türkiyə və Azərbaycana qarşı çıxması təəccüb doğurmamalıdır.