Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Yevlax görüşü bizim qələbəmizdir, lakin arxayınlaşmamalıyıq...

Yevlax görüşü bizim qələbəmizdir, lakin arxayınlaşmamalıyıq...

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb. Görüşdə danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası məsələləri müzakirə olunub.

 

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

 

Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştirakçı qismində görüşə qatılıb.

 

Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.

 

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

 

 

Fotoda: Ramin Məmmədov

 

Ümumiyyətlə, Yevlax görüşü necə dəyərləndirilməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Azərbaycan Prezidenti ötən gün xalqa müraciətində gələcək fəaliyyət planı barədə məlumat verib:

 

“Cənab Prezidentin dünən xalqa müraciətində gələcək fəaliyyətimizin cizgiləri büruzə çıxdı. Artıq yeni dövr başlanır. Qarabağda yaşayacaq ermənilərin reinteqrasiyası, Qarabağdakı ermənilərin mühafizəsi və sosial müdafiəsi ilə bağlı və köçüb gedənlərin yola salınması məsələləri reallaşdırılacaq. Bu məsələlər rahatlıqla həyata keçiriləcək işlər deyil. Çünki o insanların 30 ildir ki, beyinləri yuyulur. Onların əksəriyyəti anti-Azərbaycan fikrindədirlər. Bir çoxları faşist daşnak ideologiyasının təsiri altındadır. Onların bir qismi Azərbaycana qarşı cinayət törədib. Cənab Prezidentin dünənki çıxışında qeyd olundu ki, Azərbaycan vətəndaşlarının bütün hüquqlarının təmin olunması istiqamətindəki fəaliyyət beynəlxalq hüquq norma və qanunlarına, ədalət prinsipinə söykənilərək həyata keçiriləcək. Biz addım-addım proseslərin şahidi olacağıq”.





Deputat Yevlax görüşündə müzakirə olunan məsələlər barədə də danışıb:

 

“Erməni icması ilə, Azərbaycan Prezidentin səlahiyyətli nümayəndəsi, millət vəkili Ramin Məmmədovun görüşü başa çatıb. Çox güman ki, müəyyən mesajlar verilib. Əsas məsələlər öz həllini tapıb. Bundan sonra Qarabağda qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna rast gəlinməyəcək. Əsas məsələ Ermənistan hakimiyyəti ilə münasibətlərin tənzimlənməsi və sülh müqaviləsinin imzalanmasıdır. Cənab Prezidentin də dediyi kimi, Ermənistan hökuməti son günlərdə atdıqları adekvat addımları davam etdirərsə, sülh müqaviləsi imzalanacaq. Digər məsələlər də zaman-zaman öz həllini tapacaq. Xalqımızın birliyi, Ordumuzun gücü, Prezidentimizin qətiyyəti, iradəsi ərazi bütövlüyümüzü təmin etdi. Bu, asan proses deyildi. 2020-ci ildən sonra Fransa, İran, son günlər Amerikanın bəzi dairələri sülh prosesinin əngəllənməsinə çalışırdılar. Rusiyadan müəyyən dairələr Qarabağa emissarlar göndərmişdilər ki, məslələri başqa yönə çəksinlər. Bütün bu cəhdlər boşa çıxarıldı. Ali Baş Komandan, müzəffər Azərbaycan Ordusu məsələləri həll etdi”.

 

Milli Məclisin digər bir deputatı Kamran Bayramov isə vurğulayıb ki, Yevlax görüşü Azərbaycanın böyük qələbəsidir:

 

“Bizim öz gücümüz hesabına bu nəticə əldə olunub. Qarabağ iqtisadi rayonundakı ermənilərə,dəfələrlə, ikitərəfli görüş təklifləri edilib. Lakin Ermənistanın və onun havadarlarının təzyiqlərinə görə görüş baş tutmamışdı. Azərbaycanı belə vəziyyət qane etmirdi. Beləliklə, lokal xarakterli antiterror tədbirləri keçirildi və separatçılar ağ bayraq qaldıraraq, Azərbaycanın təkliflərini qəbul etdi. Çox güman ki, görüşdə erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələsi müzakirə olunub. Azərbaycanın əsas şərtlərindən biri hələ də yerinə yetirilməyib. Görüşdə bu nüans da, şübhəsiz, gündəmə gətirilib. Bu məsələdə qondarma rejimin buraxılmaması ilə bağlıdır. Bəli, tərk-silah edildilər, təslim oldular. Ancaq qurum kimi, ləğv olunmalıdır. Azərbaycan dövlətinin ərazisində qeyri-qanuni rejim, nəsnə və yığıncağın mövcudluğuna imkan verilməməlidir. Mən düşünürəm ki, Yevlax görüşü bir başlanğıcdır. Bütün görüşlərdə separatçı rejimin ləğv olunması tələb ediləcək. Ortaya belə bir şərt qoyulacaq. Qarşı tərəf bunu qəbul edəcək. Başqa çıxış yolları yoxdur. Bu görüşlər birmənalı şəkildə separatçı rejimin sonuna gətirib çıxaracaq. Qondarma rejimin mövcudluğuna imkan verilməyəcək. Bu proses mrəhələli olacaq. Hələ birinci görüşdür. Bütün görüşlərdə bu məsələ müzakirə olunacaq”.

 

Milli Məclisin digər deputatı Naqif Həmzəyev söyləyib ki, hələ də tam arxayınlaşmaq olmaz:

 

“Əslində, bu görüş bir neçə ay bundan əvvəl planlaşdırılırdı. Təəssüf ki, separatçı rejim erməniəsilli vətəndaşların bu görüşlərdə iştirakına mane yaradırdılar. Senyatbr 19-da başlayıb, sentyabrın 20-də uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ərazilərimizin tam suverenliyini təmin etdik. Azərbaycanın rəşadətli ordusu, qəhrəman əsgər və zabitlərimiz bu qələbəni bizə yaşatdılar. Yevlax görüşündə erməniəsilli əhaliyə hazırlanmış proqramın çatdırılması əsas məqsəd olub. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası  birlikdə müzakirə edilib, onlara bütün mümkün variantlar  izah edilib. Bundan sonra onların da səmimi olacağı təqdirdə Qarabağın digər bölgələrində həyata keçirilən quruculuq-abadlıq işlərinin və digər proseslərin də burada həyata keçiriləcəyi nəzərə çatdırılıb. Azərbaycana qarşı vuruşan separatçıların tərk-silah edilməsi, silahların Azərbaycana təhvil verilməsi, buradakı erməniəsili vətəndaşların siyahıya alınması, onların yenidən Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarımıza uyğun olaraq yaşamaları, ərazidə Azərbaycan dövlət struktrularının fəaliyyətlərinin təşkil edilməsi kimi məsələlərin mərhələli şəkildə həyata keçirilməsi üçün müzakirələr aparılacaq”.

Deputat vurğulayıb ki, bu cür görüşlər hələ davam edəcək:

 

“Erməni xunta rejimi tərk-silah edilib. Lakin biz tam arxayınlaşmamalıyıq. Separatçılar təslim olsalar da, silahı yerə qoymayan, gizlənən ermənilər var. Bunların da təmizlənməsi müəyyən vaxt alacaq. Çox həssas dövrə qədəm qoyuruq. Ermənilərin terror və təxribat törətmələri üçün vəsaitləri əllərindən alınıb, Azərbaycan Ordusuna veriləcək. 1991-ci ilə qədər burada yaşamış ermənilər mövcudluqlarını davam etdirə biləcək. Biz istəklərimizi mərhələli şəkildə həyata keçirəcəyik”.

Milli Məclisin deputatı Vüqar İskəndərov Yevlax görüşündə hansı məsələlərin müzakirə olunması ilə bağlı bunları deyib:


“Yevlax görüşü rəsmi Bakının bir müddət əvvəl planlaşdırdığı bir məsələydi. Qarabağdakı erməni vətəndaşlarımız, icma nümayəndələri ilə görüş artıq planlaşdırılmışdı. Düzdür, həmin zaman xunta rejiminin əsarətində olan bu insanlar qorxularından görüş təklifimizlə razılaşmamışdır. İndi isə regionda yeni geosiyasi vəziyyət yaranıb. Bunu yaradan da Azərbaycandır. Cənab Prezident xalqa müraciətində yeni siyasi arxitekturanın yarandığnı qeyd etdi. Artıq bizim öz suveren ərazilərimizdə, Xankəndidə  və ətraf bölgədəki əhalinin Azərbaycan ictimaiyyətinə reinteqrasiya yolunda işlərə start verilir. Bu məsələlər müzakirə edilib. Artıq Azərbaycanın reinteqrasiya ilə bağlı proqramı var. Şübhəsiz ki, görüşdə proqram qarşı tərəfə təqdim edilib. Xankəndi və ətraf ərazilərdə Azərbaycan konstitusiyasını qəbul edən erməni əhalisi heç vaxt olmadığı qədər layiqli yaşayacaq. Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsi mövcuddur. Cənab Prezidentin sözü ilə imzası eynidir. Yəni nə deyilibsə, o da olacaq. Dövlət institutları, bələdiyyə və digər vacib məqamlar bu proqramda nəzərə alınıb. Düşünürəm ki, bu işlər yüksək səviyyədə həyata keçiriləcək. Dünya erməniliyi başa düşməlidir ki, indiyə qədər yeritdiyi siyasətləri səhvdir. Təxribatlardan, terrordan əl çəkməlidirlər. Okeanın o tayından, Avropadan digər yerlərdən təxribatçı bəyanatların verilməsindən çəkinməlidirlər. Artıq məqam yetişib ki, regiona daimi sülh gəlsin”.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də