Azərbaycan və Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Ermənistan tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutur, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qanunsuz erməni silahlıları mövqelərimizə yaxın səngərlər qazır. Ordumuz bütün təxribatların qarşısını qətiyyətlə alır.
Ermənilərə məxsus teleqram kanallarında İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərin yayılıb. Ermənistanın müdafiə naziri Suren Papikyan isə yunan Kiprinə səfərini ləğv edib. Buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Ümumilikdə Ermənistanın genişmiqyaslı təxribata hazırlaşdığı hiss edilir.
Mövzu ilə bağlı danışan hərbi ekspert Telman Qasımlı bildirib ki, yaxın vaxtlarda eskalasiyanın artmasının şahidi olacağıq.
"Son zamanlar Ermənistanın informasiya cəbhəsi bu gərginliyin əsasını qoyacaq yanlış məlumatlar yayır. Onlar Azərbaycanla bağlı yalanlar tirajlayır. Azərbaycan Ordusunda təlimlər gedir. Başıboşlar bunu çəkib paylaşdıqca ermənilər də elə bilirlər ki, Azərbaycan müharibəyə hazırlaşır. Biz görürük ki, Ermənistan şərti sərhəddə qoşunların yerdəyişmələrini edir. Yeni hərbi infrastruktur, müdafiə qurğuları yaradırlar. Bunların hamısını özləri edirlər. Bunlar qabaqdan gəlmişlik edib media vasitəsilə buna təməl hazırlamaq istəyirlər", - o vurğulayıb.
Telman Qasımov bu gün yaşananları "münaqişə" yox, "müharibə" və ya "müharibənin davamı" adlandırır.
"Ermənistan-Azərbaycan müharibəsi hələ bitməyib. Hələ də müharibə şəraitində olduğumuz üçün həmişə hazırlıqlı olmalıyıq. Hər şey Ermənistan-Azərbaycan sərhədində baş verənlərdən asılıdır. Bir məsələni bitirməliyik ki, digər məsələyə keçməliyik. Qarabağ daxili məsələmizdir. Sərhəddə bu məsələlər həll olunduqda daxildə də məsələlər öz həllini tapacaq. Yadınızdadırsa, ekofəalların aksiyaları nəticə verdi. Birdəfəlik ermənilərin özbaşınalıqlarına son qoyduq. Ardınca sərhəd-buraxılış məntəqəsinin qurulmasını istədik, o da oldu. Tamamilə Qarabağı nəzarətə aldıq. Paşinyan, Arayik Arutyunyan, Samvel Babayan hamısı bir ağızla dedilər ki, bizim belimiz ekofəalların aksiyasından sonra qırıldı", - ekspert deyib.
Hərbi ekspert Elxan Şıxaliyev xatırladıb ki, sentyabr başlayandan Ermənistan şərti sərhəddə mövqelərimizi atəşə tutur.
"Onlar Azərbaycanın adekvat cavab verməsini istəyirlər. Məqsəd Ermənistandakı Aİ missiyasının Azərbaycanı günahlandırması üçün raportların hazırlanması, Fransanın rəhbərliyi ilə Ermənistana göndərilən Aİ missiyasının hərbiləşməsinə nail olmaqdır. Əslində Ermənistan özünün təhlükəsizliyi üçün saxta məlumatlar yayır. İndi Ermənistan-Rusiya münasibətləri elə bir vəvəziyyətə çatıb ki, bir birini açıq şəkildə ittiham edirlər. Ermənistan Baş nazirinin "Rusiyaya inanmağımız strateji səhvimizdir" deməsinin ardından münasibətlər gərginləşib. Böyük güclər Ermənistan üzərindən mübarizə aparır. Avropa İttifaqı mesaj verir ki, Ermənistan NATO-ya qoşulmalıdır. NATO-ya qoşulmaq istəyən ölkələrə Rusiyanın münasibətini Ukraynada, Gürcüstanda gördük. Ermənistan üzərindən o proses gedəcək", - ekspert qeyd edib.
O, əsas məqsədin Rusiyanın Cənubi Qafqazdan çəkilməsi, Fransanın öncüllüyündə NATO-nun Cənubi Qafqaza gəlməsi olduğunu düşünür.
"Buna görə də Ermənistanı əməllərinə alət edirlər. Azərbaycanda istər-istəməz qarışmalıdır. Əsas məsələ böyük güclərin region uğrunda mübarizəsidir. İştirakçılar isə Azərbaycan və Ermənistandır. Ermənistan da arxasında NATO-nu, Aİ-ni gördüyünə görə cəsarətlənir. Azərbaycan da bunu görməzdən gələ bilməz. Adekvat cavab verməlidir. Ona görə də gərginlik qapıdadır. Sülh sazişində siyasilər anlaşa bilmir. Belə olan halda hərbçilər anlaşmalıdır. Hərbçilər də silahla anlaşırlar. Ermənistan şərti sərhəddə atəşkəsi pozur, Qarabağdakı erməni separatçılar isə səngər qazır. Onlar humanitar yardımlarımızı qəbul etmirlər. Bütün bunlar eskalasiyanın artırmağa kifayət edən səbəblərdir. Əslində Ermənistan güc nisbətini nəzərə alaraq bunu etməməlidir. Sentyabr ayında bu məsələlər həll olunmalıdır. 2023-cü ildə isə məsələ bütövlükdə öz həllini tapmalıdır", - Elxan Şıxaliyev qeyd edib.
Ekspert deyir ki, 44 günlük Vətən müharibəsindən ermənilərin revanşizm hissləri yenidən oyanıb.
"Deyirlər ki, Qarabağ bizim şərəfimizdir, onu qaytarmalıyıq. Həmin bu revanşistlər bir neçə ay əvvəl Baş nazirin binası qarşısında piket keçirdilər, silah tələb etdilər. Guya ki, gəlib Laçın sərhəd-buraxılış məntəqəsini açacaqlar. Silah almasalar da, böyük bir hissəsi gəlib çağırışlar etməyə başladılar. 2 ay öncə bundan əvvəl də demişdim ki, sentyabrda gərginlik artacaq. Belə də oldu. Ermənistan müxtəlif iriçaplı silahlarla, PUA-larla, 120-lik minatanlarla sərhəd bölgəmizə atəş açdılar", - o bildirib.