"Milli Məclisə boş yerlərə göz dikən bu sabiqlər kimlərəsə, bəlkə də elə Moskvaya xoş gəlmək üçün milli maraqların əleyhinə getməyə hazır olduqlarını nümayiş etdirməyə başlayıblar"
Status alınacaq, yoxsa veriləcək?
Bu gün Yuxarı Qarabağın bizim nəzarət edə bilmədiyimiz ərazilərində Azərbaycan cəmiyyətini narahat edən çox hadisələr baş verir, amma gəlin etiraf edək ki, bu hələ jurnaldır. Mövcud vəziyyətin və ayrı-ayrı hadisələrin gərginlik yaradacaq pik nöqtəsi hələ baş verməyib. Bu nöqtə Qarabağ ermənilərinin hansı statusa malik olması ilə bağlı müzakirələr başlayanda yaranacaq. Status alınacaq, yoxsa veriləcək? Bu vacib detaldır. Ermənilər ən yüksək status tələb edəcəklər və onları buna qızışdıran xeyli xarici güclər də olacaq. Bu indidən hiss olunur. Amma, baş rol bizə məxsusdur, bizim nə verəcəyimizi gözləməlidirlər, nəinki biz gözləyək görək nə tələb edirlər.
Rusiya politoloqlarının, hətta hakimiyyətdə təmsil olunmayıb, amma hakimiyyətə yaxın siyasi liderlərin çox böyük bir hissəsi Kremlin sözçüləridir desək, yanılmarıq. Bunu Jirinovski başda olmaqla Solovyovun verilişinə yığışan politoloqların, deputatların açıqlamalarında illərdir müşahidə edirik. Azərbaycan və Ermənistana münasibətdə bu adamların mövqeləri Kremlin bəzən açıq deyə bilmədiyi, amma siyasətinin mahiyyəti ilə üst-üstə düşüb.
Qarabağ müharibəsində Azərbaycanın qələbəsini sinirə bilməyənlər, amma hesablaşmağa məcbur olanlar son günlər status məsələsini daha tez-tez yada salmağa başlayıblar və öz aləmlərində bizə ağıl vermək istəyir, yol göstərirlər ki, Qarabağa hansı status verilməlidir.
Hələ müharibənin ortalarında Solovyovun dəstəsindən olan keçmiş hərbçilərdən biri Dağlıq Qarabağın Honk-Konq kimi 50 illiyinə Rusiyaya icarə verilməsini təklif edirdi və yeri gəlmişkən, indiki situasiyada “sülhməramlıların” fəaliyyətində “icarə” elementləri açıq görünür. Son günlər isə Rusiya siyasətçiləri Qarabağ ermənilərinə daha fərqli status növləri təklif edir və utanmaz-utanmaz da bunu Azərbaycanın da mənafelərinə uyğun hesab edirlər.
Azərbaycanın təklif etdiyi mədəni muxtariyyətin ermənilər tərəfindən qəbul olunma ehtimalının sıfıra yaxın olduğunu deyən Rusiya politoloqları status variantlarından biri kimi bizə İraqın subyektlərindən biri olan İraq Kürdüstanının statusunu Yuxarı Qarabağa verməyimizi təklif etməklə faktiki olaraq Qarabağdakı qondarma rejimə müstəqillik istəmiş olublar. Moskvada “Ərbil və Bağdadın birgə yaşaması təcrübəsinin öyrənildiyini, bunun üçün təcili Azərbaycan Konstitusiyasına “ciddi dəyişikliklər” olunmasını vacib bilirlər. Bildiyiniz kimi, bu gün İraq Kürdüstanı ən geniş hüquq və səlahiyyətlərə sahib olan İraq Respublikasının federal bir subyektidir. Xatırladaq ki, İraq Kürd bölgəsinin himni, bayrağı, qanun məcəlləsi, icra, qanunverici və məhkəmə orqanları, milli qvardiya (peşmərgə briqadaları), polis, xüsusi xidmət orqanları var. Kürd dili dövlət dili statusundadır. 40-dan çox diplomatik nümayəndəlik Ərbildə fəaliyyət göstərir və sairə. Müstəqil dövlət daha necə olur ki?
44 günlük müharibədən əvvəl, Azərbaycanda bəlkə də kimlərsə bu statusla razılaşardı. Amma, indi 3000-ə yaxın şəhid verən, çoxsaylı yaralısı olan, 9 rayonu özü azad edən və bölgədə tamamilə fərqli vəziyyət yaradan Azərbaycanın ümumiyyətlə status verməyəcəyi barədə bəyanatları ilə hesablaşmayanlar sonda özləri peşman olacaqlar, necə ki, olublar.
Status məsələsinin rəsmi müzakirəsi başlamadan öncə Azərbaycan bu müzakirələrə ciddi təsir edəcək fəaliyyətə başlamalıdır. Bu fəaliyyətin ilk sırasında Yuxarı Qarabağa azərbaycanlı qaçqınların qaytarılması dayanır. Çox təəssüf ki, rəsmilər bu barədə sussa da, onlara yaxın bəzi keçmiş, indiki deputatlar aran Qarabağın köçürülməsindən sonra bu işə başlamağın mümkünlüyünün təbliğatına başlayıblar. Milli Məclisə boş yerlərə göz dikən bu sabiqlər kimlərəsə, bəlkə də elə Moskvaya xoş gəlmək üçün milli maraqların əleyhinə getməyə hazır olduqlarını nümayiş etdirməyə başlayıblar.
Hesab edirik ki, Azərbaycan dövləti 2021-ci ili Yuxarı Qarabağda azərbaycanlı qaçqınlarının əvvəllər yaşadığı yerlərin bərpası, qurulması ili elan etməklə ciddi siyasi addım atmış olar. Bu addımın hansı strateji təsirlərə səbəb olacağını geniş açıqlayıb düşməni ayıq salmaq istəmirik.
Biz Yuxarı Qarabağla bağlı mövqelərimizi detallı və rəsmi şəkildə bildirmədikcə Azərbaycana hələ çox “Ərbil variantları” təklif ediləcək. Bu gün təklif irəli sürənin sabah statusla bağlı tələb qoymayacağına və bunu dünya adından etməyəcəyinə kim zəmanət verir?