Bunu Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə Bakıya qayıtdı və Azərbaycanı ağır durumdan xilas etdi: “İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və bütün təhlükələrə baxmayaraq xalqın qurtuluşu missiyasını üzərinə götürdü. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu baxımdan xalqımızın yaddaşına 15 iyun Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilməyə başlanıldı”.
Deputat hesab edir ki, Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaradıb: “Həyata keçirilən təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlər öz müsbəti nəticəsini verməyə başladı. Milli Ordu formalaşdırıldı. 1994-cü ildə Ermənistanla atəşkəs elan edildi. Həmin ilin sentyabrında isə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olundu. Qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin icrası ilə Azərbaycan günü-gündən nüfuzunu və mövqeyini möhkəmləndirdi. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən Konstitusiya aktının 1995-ci ildə qəbulu reallaşdı”.
Millət vəkilinə görə, ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin apardığı mütərəqqi siyasət isə Azərbaycan qlobal miqyasda güclü bir dövlət kimi tanınmasına zəmin yaratdı. Məhz bu uğurlu siyasi strategiyanının nəticəsi olaraq 30 ilə yaxın davam edən erməni işğalına 44 gündə sarsıdı zərbə vuruldu. 44 gün davam edən Vətən Müharibəsi tarixi Qələbə ilə başa çatdı. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu”.
Aqil Məmmədov ötən ilin Milli Qurtuluş günündə tarixi Şuşa Şəhərində qardaş Türkiyə ilə imzalanan müttəfiqlik Bəyannaməsinin əhəmiyyətindən bəhs etdi: “İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olan qardaş Türkiyə Şuşa Bəyannaməsi ilə artıq rəsmi olaraq müttəfiq dövlət kimi bundan sonra da birlikdə addımlamaqla bağlı tarixi qərar vermiş oldu. Bu birlik sözsüz ki, iki qardaş dövlətin gücünə güc qatacaq.
Azərbaycan və Türkiyə bu gün regionda və qlobal miqyasda birlikdə addım atır. Bu birlik sarsılmaz tarixi ənənələrə əsaslanmaqla iki qardaş ölkənin inkişafına, xalqların daha mütərəqqi ideyarlara gələcəyə doğru addımlamasına da öz töhfəsini verən başlıca amildir”.
Müəllif: Tapdıq Qurbanlı