Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Cümhuriyyətin xeyriyyəçi təhsil xadimi - Onu mütləq tanımalıyıq!

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.
 
Cümhuriyyətin yaranmasında bir çox tarixi şəxsiyyətlərimizin, ziyalılarımızın böyük rolu və əməyi danılmazdır. Onlar sadəcə müstəqil deyil, cəhalətdən uzaqlaşıb, elmə, təhsilə yönələn xalq uğrunda da mübarizə aparırdılar.
 
Belə ziyalılarımızdan biri də Mirzə Məhəmməd Zamanbəyli olub.
 
Mirzə Məhəmməd Zamanbəyli 1 avqust 1860-cı il tarixdə (Azərbaycan Dövlət Arxivinin kameral siyahısına əsasən) Naxçıvanda Şahbuz kəndində məşhur sərgərdə Rus-İran müharibələrinin iştirakçısı Zaman-Xan Kəngərlinin oğlu Hacı Fərzəli Sultan Kəngərlinin ailəsində anadan olub. H.Fərzəlibəy naxçıvanlıların xeyriyyəçisi və maarifçisi kimi də tanınıb. Yoxsul və kimsəsiz uşaqların təhsil almasına qayğı göstərib. Daha sonra təhsilini davam etdirmək üçün Qori Müəllimlər Seminariyasına gedir.
 
Görkəmli maarifçi və pedaqoq K.D.Uşinskinin layihəsi əsasında 1876-cı ildən fəaliyyətə başlayan seminariyanın seminaristi və ilk məzunlarından biri olan M.M.Zamanbəyli fəaliyyətinin bütün dövrlərini xalqın maariflənməsinə həsr edib. Hələ o, seminariyada təhsil alarkən tanınmış maarifçi və pedaqoq A.O.Çerniyayevskinin siyasi və elmi düşüncələri ilə tanış olub.
 
O,xeyriyyəçiliklə məşğul olub, bir çox aztəminatlı ailənin övladlarını oxutdurub
 
M.M.Zamanbəyli maarifçiliklə yanaşı, xeyriyyəçilik xidmətlərini də davam etdirib. Belə ki, o "Xeyriyyə" cəmiyyətini yaratmaqla mülklərindən əldə etdiyi bütün gəlirləri kimsəsiz və yoxsul ailələrə, uşaqlara paylayıb. Öz vəsaiti hesabına onlarla yeniyetmələri Qori Seminariyasına təhsil almağa göndərib. M.Məhəmməd bəy Şahbuzdakı məktəb tikdirib, məktəbin maliyyə məsələlərini də öz vəsaiti hesabına həll edib.
 
AXC-də ona vəzifələr təklif olunur, amma hamısından imtina edərək sadəcə təhsilə xidmət göstərir
 
1918-ci ildə M.M.Zamanbəyli də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması üçün mübarizə aparan ziyalılardan biri olmuşdur. Xalq Cümhuriyyətinin qələbəsi Şərqin, türk və müsəlman dünyasının ilk müstəqil dövləti kimi tanındı. Cümhuriyyətin Gəncədə fəaliyyəti dövründə M.M.Zamanbəyli Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi maliyyə və xalq maarifi sahəsində şuranın üzvü kimi fəaliyyətə başladı. O elmi biliyi və pedaqoji təcrübəsini nəzərə alaraq təklif olunan vəzifələrdən imtina etmiş, yalnız təhsildə xidmət göstərmişdir. Xalq Cümhuriyyətinin Gəncə və Bakıda fəaliyyəti zamanı təhsil sistemində, eləcə də ali təhsil sisteminin yaradılmasında Zamanbəyli öz pedaqoji təcrübəsindən istifadə etmişdir.
 
Paris Sülh Konfransının iştirakçısı olub. Zamanbəyli həmçinin 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetinin təsis edilməsində iştirakçılardan biri olub. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra M.M.Zamanbəylinin İran dövlətindən sığınacaq istəsə də, onun müraciətləri cavabsız qalır. Görkəmli maarifçi 1923-cü ildə vəfat edib.
 
Onun nəticəsi, Azərsu Açıq Səhmdar Cəmiyyətinin mühəndisi Anar Zamanbəyli AzEdu.az-a açıqlamasında babasının gördüyü vacib işlərdən danışarkən maraqlı faktları nəzərə çatdırıb:
 
“Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra özü və ailəsi çox əziyyətlər çəkiblər. Maraqlı bir faktdır ki, Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli 1907-ci ildə öz dövrünün böyük mütəfəkkir ziyalısı kimi onun portretini hazırlayıb. Daha sonra o portret bizim ailəmiz tərəfindən təmənnasız olaraq  Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə olunub. Doğulduğu Şahbuz kəndində öz vəsaiti hesabına iki mərtəbəli məktəb tikdirib. Həmin məktəb hazırda sökülüb və yerində başqa bir məktəb inşa edib. Amma insanlar hələ də onu xeyriyyəçi və maarifçi kimi xatırlayırlar. Yüzlərlə azətminatlı ailələrin övladlarının təhsil almasına şərait yaradıb. Cümhuriyyət dövründə bir çox vacib sənədləri dilimizə tərcümə edib. Həmçinin babamın Qori Müəllimlər Seminariyasında Azərbaycan dili dərslərinin təşkilində böyük rolu olub. O Azərbaycan Xalq Cümhuriyyətinə öz maddi dəstəyini əsirgəməyib. Ancaq onun ölümü ilə bağlı bizdə dəqiq məlumat yoxdur, məzarı belə məlum deyil. Bircə onu bilirik ki, AXC-nin devrilməsindən sonra babamın bütün mülkü əlindən alınıb.Hətta bununla bağlı komissiya təşkil olunub, sovet hökuməti tərəfindən məktəb, xeyriyyə cəmiyyəti ondan təhvil alınıb”.
 
M.M.Zamanbəylinin maarifçilik ənənələri onun övladlarına da keçib. Təsadüfi deyil ki, onun övladları Xurşud xanım və Qafar Zamanovlar Ümumilli lider Heydər Əliyevin müəllimləri olmuşlar. Xurşud xanım Naxçıvan şəhər 2 saylı orta məktəbdə, Qafar müəllim isə Naxçıvan Pedaqoji Muəllimlər İnstitutunda (1939-il buraxılışı) Ümumilli liderə dərs deyiblər.
 
Hətta Ulu öndərə təhlükəsizlik orqanlarında çalışmaq üçün ilk xasiyyətnaməni də məhz Qafar müəllim təqdim edib.
 
Qori Müəllimlər Seminariyasının ilk məzunları. Aralarında Mirzə Məhəmməd Zamanbəyli də  var...
 

 
Soldan sağa - Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və Mirzə Məhəmməd Zamanbəyli

 
M.M.Zamanbəylinin ölvadı Qafar Zamanov. Ümummili lider Heydər Əliyevin müəllimi olub.
 
 
 
 7 oktyabar 2001-ci il... M.M.Zamanbəylinin nəticəsi Anar Zamanbəylinin Ümummili lider Heydər Əliyevlə görüşü.
 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də