"Əgər Putin bu düyünü açıbsa, nə vaxtsa Zəngəzur düyünü də açılacaq, bu bizə ümid verir"
“2020-cı il sentyabrın 27-dən sonra baş verən o oldu ki, İlham Əliyev erməniləri atdan düşürdüb, uzunqulağa mindirdi və torpaqları geri qaytardı”
Əslən Kəlbəcərdən olan görkəmli ziyalı, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov doğma rayonunun işğaldan azad olunması münasibətilə öz xoş təəssüratlarını bölüşüb.
O, Moderator.az-a açıqlamasında həm də ermənilərin Çar Rusiyası tərəfindən ortaya çıxarılmasını və torpaqlarımızı işğal etməsini tarixi faktlarla təhlil edib:
“Birincisi, Kəlbəcərin işğaldan azad olunmasının anonsunu vaxtilə ulu öndər Heydər Əliyev vermişdi. O, kəlbəcərlilərlə görüşəndə belə bir cümlə işlətdi ki, “Şübhəsiz, vaxt gələcək Kəlbəcər ermənilərin işğalından azad ediləcək. Onda bizim həmvətənlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar”. Bu sözləri H.Əliyev 1996-cı ildə demişdi. Ondan sonra şair Şücaətin də belə bir şeiri var idi ki:
“Şücaət, neyləyək, baxt belə baxtdı
darıxma, hər şeyi həll edən vaxtdı.
bir gün gülə-gülə qayıdacaqdı
ağlaya-ağlaya köçən Kəlbəcər”.
Yəni o, da bu günü arzu edirdi. Bununla yanaşı, bizim bir çox şairlərimiz Kəlbəcərin dərdi ilə yaşayıb, dünyalarını dəyişdilər. Bəhmən Vətənoğlunun şeirində bir bənd var idi, yazır ki,
“Kəpəzdən bir çəngə bulud boylandı,
Kəlbəcər yadıma düşdü, darıxdım...”
Bununla yanaşı, mən Qarabağla bağlı bir neçə məqama toxunmaq istəyirəm. O budan ibarətdir ki, Rusiya prezidenti cənab Putin bəyan etdi ki, Qarabağ Azərbaycan torpağıdır. Yəni Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sözünü təkrar etdi. İkinci böyük dövlət rəhbəri idi ki, Qarabağın Azərbycanın olduğunu etiraf etdi. Buna mən çox sevindim ona görə ki, Qarabağa düyünü vuran elə Çar Rusiyası olub. Çinlilərin isə yaxşı bir misalı var, deyir ki, “düyünü vuran özü açmalıdır”. Putin də dedi ki, Qarabağ Azərbaycanındır və deməli düyünü açdı. Əgər o, bu düyünü açıbsa, nə vaxtsa Zəngəzur düyünü də açılacaq, bu bizə ümid verir. Düyün ondan ibarət idi ki, iki yüz il bundan qabaq Çar Rusiyası Cənubi Qafqazı işğal edəndə azərbaycanlılar burda üstün mövqedə idi, at belində gəzirdilər, idarəçi idilər. Fəlsəfi dillə desək, azərbaycanlılar Cənubi Qafqazda gedən proseslərin subyekti idi. Ermənilər isə bu proseslərin passiv tərəfi idi, obyekti idi, onlar at yox, uzunqulaq minirdilər. Bu durum isə Çar Rusiyasının xoşuna gəlmədi və dönəmi dəyişmək istədi, istədi ki, erməniləri ata, azərbaycanlıları isə uzunqulağa mindirsin. Buna görə iki yüz il erməniləri bəslədi. Onlardan torpaq vergisi almadı, uşaqlarını əsgər aparıb silahdan istifadəni öyrətdi, erməni gənclərini təhsil müəssisələrinə yerləşdirdi. Əsgərlikdən qayıdan gənclərə dövlət vəzifələri verdi. Bütün bunların hamısını isə Azərbaycanın mənafeyindən kəsib verirdi. Bizim tədqiqatçılarımız isə bunu düzgün araşdırmır. “Yersiz gəldi, yerli qaç” məsəli o zaman yarandı. İran və Türkiyədən gələn ermənilər Azərbaycan torpaqlarında yerləşdirilən kimi bu məsəl yarandı. Ermənilərin arxasında ruslar durduğuna görə onlar həyasızlaşırdılar və deyirdilər ki, “qoy özümə yer edim, görərsiniz başınıza nə oyun açacam”. On doqquzuncu əsrdə Qarabağ şairi Yaqub Şakir yazırdı ki,
“Ölkə quberniya olandan bəri,
oğrunun hər biri xanə dönübdü...”
Beləliklə, Çar Rusiyası ermənilərə bir hüquq da verdi və o da yalan danışmaq hüququ idi. Ermənilər bundan istədikləri qədər yalan, saxta tarix yazdılar. Bununla onlar 1990-cı il müharibəsinə gəlib çıxdılar və torpaqlarımızı işğal etdilər. Lakin 2020-cı il sentyabrın 27-dən sonra baş verən o oldu ki, İlham Əliyev erməniləri atdan düşürdüb, uzunqulağa mindirdi və torpaqları geri qaytardı. Bizim qələbəmin mahiyyəti budur”.