Hikmət Cavadov: “Ermənistan ordusu kimi erməni diasporunu da məğlub etdik”
Vətən müharibəsindəki Zəfərimizə dünyada olan Azərbaycan diasporu da öz töhfəsini verdi. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran, ön xəttə döyüşən hərbçilərimizə hərtərəfli dəstək göstərən diaspor fəallarımız bu gün vətəndaşlarımızla bərabər Qələbə sevincini yaşayırlar.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri, hüquq elmləri doktoru Hikmət Cavadov Oxu.Az-a müsahibəsində müharibəyə qatılan azərbaycanlı könüllülərdən, erməni xislətinə qarşı mübarizədən danışdı.
- Hazırda biz Vətən müharibəsinin ildönümünü yaşamaqdayıq. Döyüşlər gedən zaman Ukrayna diasporu Azərbaycana dəstəyini necə nümayiş etdirdi?
- Müharibə dövründə baş verə biləcək proseslərə biz öncədən hazırlıq aparırdıq. Diasporlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı Koordinasiya Mərkəzi dünyadakı Azərbaycan diaspor təşkilatlarının birgə hərəkət etməsinə öz töhfəsini verdi.
Ukraynanın özü çox demokratik ölkədir. Bu o demək deyil ki, korrupsiya yoxdur, lakin demokratik prinsiplər üstün tutulur, ən əsası söz azadlığı mövcuddur və bu, bir sıra üstünlüklər verir.
Tovuz hadisələri baş verəndə biz izdihamlı bir mitinq keçirdik. Rəsmi icazəsini almışdıq və bu tədbirdə Ukraynanın bir sıra millət vəkili də iştirak etdi, bizə dəstək verdi. Güclü informasiya müharibəsi gözlənildiyindən biz yerli mətbuatla da əlaqələrimizi çoxdan qurmuşduq. Ukrayna mediasında həqiqətən də Azərbaycanın haqlı mövqeyini müdafiə edən şəxslər vardı və onlar da bu prosesdə çox aktiv idilər.
Müharibə başlayan gündən sonunadək Ukrayna mediası Qarabağ məsələsini gündəmdə saxladı. Ukraynalılar bizə dost xalqdır və bildiyiniz kimi onların da ərazi bütövlüyü problemi var. Ölkənin dövlət səviyyəsində apardığı mübarizənin əsas hissəsi Donbas ərazisində baş verən separatçılığa qarşı yönəlib. Bu bəla bizi birləşdirən məqamlardan biridir. Biz Ukraynada keçirilən debatlarda ermənilərə və onları dəstəkləyənlərə buradakı mövcud vəziyyəti paralellər gətirərək qalib çıxırdıq. Beləliklə, Azərbaycanın ərazisində olan separatçılığa ukraynalılar çox həssasdırlar.
Müharibə dövründə demək olar ki, hər gün bu məsələ işıqlandırılırdı və Azərbaycanın mövqeyi düzgün çatdırılırdı. Ümumiyyətlə, Azərbaycan informasiya müharibəsində dünya miqyasında qalib çıxdı. Halbuki, bu informasiya müharibəsi ermənilər tərəfindən illərdir aparılırdı.
- Erməni diasporu hər zaman güclü sayılıb. Onlar müharibə zamanı müxtəlif ölkələrdə muzdlu dəstələr yaradıb Qarabağa göndərirdilər. Ukraynada bu proses müşahidə olundumu və əksinə azərbaycanlılar döyüşə atılmağa cəhd etdilərmi?
- Ermənilər Ukraynada dəfələrlə cəhd ediblər ki, muzdlu dəstələr yaradıb Qarabağa göndərsinlər. Biz bunun qarşısını almağa çalışırdıq, kampaniya aparırdıq.
Azərbaycanlılar isə heç kimi cəlb etmək fikrində deyildi, özləri kütləvi şəkildə orduya könüllü yazılıb döyüşlərə qatılmaq üçün Qarabağa gəlmək istəyirdilər. Bizim hazırladığımız siyahıda minlərlə insanın adı vardı. Onlardan bir çoxu Ukrayna vətəndaşı idi. Biz onlarla maarifləndirici söhbətlər aparıb başa salırdıq ki, beynəlxalq qanunlara əsasən bu muzdluluq hesab olunur və onlar cəzalandırıla bilərlər. Onların arasında Donbasda vuruşan peşəkar hərbçilər də var idi. Hətta Qarabağda döyüşlərə qatılmaq üçün Ukrayna vətəndaşlığından imtina etmək istəyənlər də var idi.
Azərbaycan vətəndaşları olanlar isə döyüşə atılırdılar. Mənə dəfələrlə zənglər gəlirdi ki, bəs necə oldu, nə vaxt gedirik müharibəyə? Lakin göndərdiyimiz siyahıya cavab gəldi ki, Azərbaycanın peşəkar ordusu var və bizim Ukraynada qalıb, burada mübarizəmizi davam etdirməyimiz məsləhətdir.
- Müharibəyə gedən Ukrayna azərbaycanlıları haqda nə kimi məlumatınız var? Şəhid, qazi olan, orden, medallarla təltif olunanlar varmı?
- Dnepr şəhərindən bir xanım bizimlə əlaqə saxladı ki, onun oğlu Azərbaycana gəlib, Qarabağdakı müharibəyə yollanıb və itkin düşüb. Biz onu axtarıb tapdıq. Sən demə döyüşlərdə olduğu üçün telefonunu söndürmüşdü. O, bir neçə rayonun azad olunmasında iştirak edib və medallarla təltif olunub. Biz onun anasına lazım olan maddi-mənəvi dəstəyi göstərdik. Və o heç də tək olmadı.
Ukraynada yaşayan bir neçə azərbaycanlı Vətən müharibəsinə qatıldı. Adına şan-şöhrət yazdırdı. Maraqlısı odur ki, onların içində Qarabağda, Azərbaycanda heç vaxt olmayan insanlar da vardı. Yəni, başqa bir ölkədə doğulub yaşayan, amma özünün saydığı torpaqlar uğrunda canından keçməyə hazır olan insanlarımız var.
Bizə Kiyevdə yaşlı bir kişi müraciət etdi ki, müharibədə oğlu şəhid olub və təcili Azərbaycana dəfnə getməlidir. Biz dərhal ona kömək etdik. Sonradan o Azərbaycanda, oğlunun uyuduğu torpaqda qalmağa qərar verdi.
Bu müharibə bizə bir millət olaraq çox şeyi öyrətdi.
- Müharibə nəyi dəyişdirdi Ukrayna azərbaycanlıları üçün?
- Qarabağ müharibəsində qalib gəlməyimiz Ukrayna azərbaycanlılarının həyatında mənəvi cəhətdən böyük dönüş yaratdı. Biz əvvəllər utancla yaşayırdıqsa, artıq başı dik gəzə bilirik. Azərbaycanın qələbəsi bizim hər birimizin qələbəsidir.
O ki qaldı Ukraynada bizim ermənilərlə münasibətlərimizə, bu hər zaman gərgin olub. Onlar qalib idilər. Guya humanistlik təşəbbüsü ilə çıxış edərək bizimlə münasibət qurmağa çalışırdılar. Radanın deputatı vardı - Vilen Şaftaryan, kimin ki oğlu, Yanukoviçin oğlunun xaç atası idi. O, vasitəçilərin köməyi ilə mənimlə görüşmək istəyirdi. Amma bizim münasibətimiz bəlli idi: torpaqlarımızı işğal edən, xalqımızı məhv etmək istəyən adamlar dünyanın harasında olursa-olsun bizim üçün düşmən sayılır. Mən onunla görüşməyim üçün şərt kəsdim ki, elə vasitəçilərin yanında Azərbaycan torpaqlarının işğalı faktını etiraf etsin. Amma ermənilər bundan boyun qaçırdılar.
Deyim ki, bizim diasporlar arasında münasibətlərdə əhəmiyyətli dəyişiklik baş verməyib. Onlar da hər zaman Ermənistana dəstək göstəriblər, Dağlıq Qarabağ ermənilərinə dəstək veriblər. Buna görə bizim erməni diasporu ilə heç bir münasibətimiz yoxdur. Əgər gələcəkdə müsbət dəyişiklər olarsa, onlar bir xalq olaraq azərbaycanlılardan üzr istəsələr, haqları tapdalanan insanlara təzminat ödəsələr, onda bizim də mövqeyimiz yumşala bilər.
Əlavə edim ki, biz ermənilərin müəyyən miflərinin darmadağın edilməsinə də öz töhfəmizi verdik. Onların “məğlubedilməz erməni ordusu” mifinə bənzər “güclü erməni diasporu” mifi də mövcud idi. Bu müharibə hər iki mifi dağıtdı.
Erməni diasporu müharibə zamanı öz ideyalarını Ukraynanın informasiya məkanına, cəmiyyətinə yeritmək istəyirdi. Onların hərəkətlərinə biz ikiqat cavab verirdik. Mitinq keçirdilər, biz daha möhtəşəmini keçirdik, televiziyalara çıxdılar, ondan da güclü çıxışlar etdik, sosial şəbəkələrdə, ictimai debatlarda, hər yerdə biz onları üstələdik. Beləliklə də, Vətən müharibəsində Azərbaycan ordusu Ermənistan ordusunu, diasporumuz isə erməni diasporunu məğlub etdi.
- Ukrayna şirkətləri Qarabağın bərpa prosesində iştirak edirlərmi, onlarda belə bir maraq varmı?
- Bərpa prosesi maddiyyata bağlıdır. Yəni, Azərbaycan dövləti tərəfindən ödənilən pul müqabilində şirkətlər öz bacarıqlarını ortaya qoyub ümumi bərpa işlərində iştirak edirlər. İlk olaraq dost ölkələrin şirkətlərinə bu tenderlər təklif olunur. Ukraynanın buna tam haqqı çatır, çünki Ukrayna bizi hər zaman dəstəklədi.
Bu yaxınlarda bizim ukraynalı deputatlarla Ağdama səfərimiz oldu. Burada Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla görüşdük və kifayət qədər informasiya topladıq. Ukrayna şirkətlərinin quruculuq-bərpa işlərinə qatılması üçün müəyyən təkliflər oldu. Deputatlar öz qeydlərini apardılar və bu işdə vasitəçi olmağı düşünürlər.
Bizim ukraynalılarla müştərək müəssisələrimiz də var. Düşünürəm ki, onlar da bu istiqamətdə fəaliyyətlərini gücləndirməlidirlər.
- Ağdam səfərindən ukraynalı millət vəkillərinin təəssüratları necə oldu? Bu haqda danışmağı xahiş edərdik...
- Ukraynalı millət vəkilləri Azərbaycana gəlməmişdən əvvəl erməni vandallığı haqda mətbuat və digər mənbələrdən məlumatlı idilər. Ancaq Ağdamı və Gəncəni öz gözləri ilə gördüklərindən sonra dəhşətə gəldilər. Məktəblərin, xəstəxanaların, muzeylərin, tarixi abidələrin məhv edilməsi həqiqətən onları şoka saldı.
Hətta yerin altından keçən su borularını da çıxarıb satıblar. Bu dəhşətli qarətdir.
Ukraynalılar belə bir mənzərənin Donbasda da baş verə biləcəyini bir anlıq gözlərinin qabağına gətirdilər. Onları maraqlandıran Azərbaycanın qaldırdığı təzminat iddiaları idi. Azərbaycanın diaspor fəaliyyəti, bizim apardığımız informasiya müharibəsi deputatların maraq dairəsində idi. Onlar indidən Ukraynanın şərqində baş verən münaqişədən sonra fəsadlarının aradan qaldırılmasında nə kimi fəaliyyət göstərəcəklərini düşünürlər.