Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Gələn ay Qarabağa dair yekun deyil, ilkin saziş imzalana bilər” - Tofiq Zülfüqarov


“Gələn ay Qarabağa dair yekun deyil, ilkin saziş imzalana bilər” - Tofiq Zülfüqarov
regiontv.info Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsin təqdim edir.
 
– Artıq Ermənistanla Azərbaycan arasında böyük sülh sazişindən söhbət gedir. Bu ehtimalı necə qiymətləndirirsiniz? Həqiqətən, belə qısa müddətdə sülh saizşi imzalana bilərmi?
 
– Bilirsiniz, indi iki ölkə arasında postkonflikt mərhələsi yaşanır. Dünya təcrübəsinə əsasən, bu tip sazişlər müxtəlif dövrlərdə olub və onların da imzalanma ardıcıllığı var. 10 Noyabr bəyanatını əsas götürsək, görəcəyik ki, o əsasən, müharibənin dayandırılması və atəşkəsin bərqəara edilməsi ilə bağlıdır. Açıq desək, bu, qismən təmin olunub.
 
İkinci mərhələdə, adətən, yenə də dünya təcrübəsində preliminar (ilkin – red.) sülh sazişi imzalanır. Preliminar saziş yekun sülh sazişi demək deyil. Hamı başa düşür ki, yekun sülh sazişi və onun əsasında həll olunacaq məsələlər bəzən çox vaxt və xüsusən, siyasi mühitin dəyişməsini tələb edir.
 
Bizim vəziyyətdə, gələcəkdə, misal üçün, təzminat mövzusu belə qısa müddətdə öz həllini tapa bilməz. Digər məsələlər də var ki, onlar indiki mərhələdə həlli real görünmür. Ona görə də, atəşkəs rejiminin bərqərar olunmasından sonra ilkin sülh sazişinə qol çəkilir və orada həllini qısa müddətdə tapa bilən mövzular həll olunur. Məsələn, ilk növbədə, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıma bəyanatı verir və bununla öz siyasi iradələrini göstərirlər. Ondan sonra bunun əsasında texniki danışıqlar başlayır, bu, delimitasiya və demarkasiya prosesidir. Bəzən mətləbləri səhv salırlar, çünki delimitasiya və demarkasiya danışıqları, ümumiyyətlə, proses kimi texniki əhəmiyyət kəsb edir, yəni 10 metr buraya, 10 metr oraya və s.
 
– Qeyd etdiyiniz preliminar saziş, əgər noyabrın ilk ongünlüyündə imzalanarsa, sənəddə konkret nə ola bilər?
 
– Xəritələr üzərində işləməyin siyasi bir bünövrəsi olmalıdır. Mən dediyim kimi, bu da qarşılıqlı ərazi bütövlüyünün tanınmasıdır. Hesab edirəm ki, bunlar preliminar sazişdə öz həllini tapa bilər. Digər mövzular da istisna olunmur. Məsələn, kommunikasiyaların bərpası.
 
Təkcə Zəngəzur dəhlizi yox, digər kommunikasiyalar da var və onların qismən işə salınması, normal gediş-gəlişin təmin olunması həll oluna bilər. Amma bu noyabr ayında baş verəcək, yoxsa digər tarixlərdə, onu mən deyə bilmərəm.
 
– Paşinyan öz açıqlamasında Vladimir Putinin Rusiya Baş Qərargahı xəritələrinə istinad etmə fikrini dəstəkləyib, amma digər tərəfdən Qarabağa status verilməsi ideyasından əl çəkmir. İki ölkə arasında kommunikasiylar açılarsa, yekun sənəd imzalansa və s. “status məsələsi” necə olacaq?
 
– Təbii ki, Ermənistan Azərbaycana heç bir ərazi iddiasının olmadığını bildirəcək, deyəcək, biz “Artsax xalqı”nın öz müqəddaratını həll etmək hüququnun təmin olunmasını tələb edirik. Bu çərçivədə yenə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi de-fakto pozulacaq. Paşinyanın başçılıq etdiyi hökumətin qəbul etdiyi proqramda xüsusi bəndlər var. Bu bəndlər Qarabağa aiddir. Orada hansısa layihələr həyata keçiriləcək və s. Açıq demək lazımdır ki, indiki mərhələdə orada separatist strukturların maaliyyəşdirilməsi birbaşa Ermənistandan həyata keçirilir. İldə 200 milyona yaxın məbləğ nəzərdə tutulur.
 
– Ötən müsahibənizdə qeyd etmişdiniz ki, Qarabağda üçlü patrul sistemi də yaradıla bilər. Yəni ilkin sülh müqvailəsindən sonra belə bir şey mümükündürmü?
 
– Bu mövzular tamamilə fərqlidir. Sülh müqaviləsi Ermənistana aiddir. O ki qaldı Azərbaycan ərazisinə, burada Ermənistanın müdaxiləsi qətiyyətlə yolverilməzdir. Bu məsələdə söz sahibi Azərbaycan hökuməti və Rusiya sülhməramlılarıdır. Onların təşəbbüsü nəticəsində patrullar qurula bilər, yəni reinteqrasiya prosesi baş verməlidir.
 
Biz bölgədə kənar kiminsə, yəni xarici ölkələrin iştirakını qəbul etmirik, çünki mövzuya seçdiyimiz beynəlxalq müdaxilənin formatı artıq bəllidir. Rusiya-Türkiyə tandemi var, yəni sülhməramlı funksiyasını Rusiya hərbçiləri, monitorinq missiyasını isə Rusiya-Türkiyə hərbçiləri həyata keçirirlər. Bu baxımdan orada Ermənistanın heç bir rolu ola bilməz.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də